Azərbaycanın qələbəsi dünyaya səs saldı!

Azərbaycanın qələbəsi dünyaya səs saldı!

Düz bir il əvvəl Azərbaycan xalqı qələbənin sevincini yaşadı. Bu sevincin arxasında 44 günlük müharibədə iştirak etmiş igidlərimizin mətin addımları dayanır. Həmin addımlardır ki, onların şərəfinə bugün torpaqlarımızda şərəflə, qürurla, başımız dik, sinəmiz qabarıq şəkildə gəzə bilirik!

27 sentyabr 2020 ci il....Prezident, Ali Baş Komandanın başçılığı ilə tariximizdə yeni bir səhifə açıldı. Bu tarix hələ çox dillərdə gəzəcək, çox mətnlərdə adı çəkiləcək, yaddaşlarda çox qalacaq...

Azərbaycan 1993-cü ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri özü yerinə yetirdi. Həmin qətnamələr 27 il ərzində kağız üzərində qaldı və özünümüdafiə hüququnu ehtiva edən BMT Nizamnaməsinin 51-ci maddəsindən istifadə edən Azərbaycan özü ərazi bütövlüyünü bərpa etməsə idi, həmin qətnamələr növbəti 27 il ərzində də kağız üzərində qalacaqdı. Azərbaycan beynəlxalq hüquqi çərçivəni də istifadə etdi, çünki yalnız BMT Təhlükəsizlik Şurası deyil, digər aparıcı beynəlxalq təsisatlar Azərbaycanın ərazilərinin işğalı ilə bağlı bənzər qətnamə və qərarlar qəbul edib. BMT-nin Baş Assambleyası, ATƏT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası münaqişə ilə bağlı müxtəlif dövrlərdə buna bənzər qərar və qətnamələr qəbul edib amma həmin qərarlar elə qərar olaraq qalıb...

Belə ki, nə 1992-ci ildən bəri davam edən Minsk qrupunun fəaliyyəti, nə 1996-cı ildə gündəmə gələn “Paket Həll” təklifi, nə 1997-ci ildə gündəmə gələn “Mərhələli Həll” təklifi, nə 1998-ci ilin “Ortaq dövlət həll yolu” təklifi, nə 2007-ci ildə ortaya atılan Madrid Prinsipləri, nə çox tərəfli, nə də ikitərəfli danışıqlar ortaq bir həll yolunun tapılmasına vəsilə olmamış, əksinə Paşinyan Şuşaya səfər edərək “Qarabağ Ermənistandır, nöqtə” deyərək bütün bu cəhdlərin üstündən yağlı bir xətt çəkmişdir..

2016-cı il aprel döyüşləri..2020 ci il iyul hadisələri Azərbaycan xalqının səbr kasasını doldurdu. 30 ilə yaxın səbrin basdırılması, nəhayət ki, vulkan təki püskürdü. Bu vulkan Qarabağ vulkanı adlanır.

30 illik işğalın əziyyətlərinə, azad edilmiş ərazilərdə vandalizm və barbarlığa baxmayaraq, Azərbaycan maksimal konstruktivlik nümayiş etdirdi. Geniş miqyaslı bərpa işlərinə başlandı.

Prezidentin Füzuli rayonunda Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini qoyması, Zəngilan rayonunun Üçüncü Ağalı kəndində və digər rayonların bir neçə kəndində icra olunacaq “ağıllı kənd” layihələrinə start verildiyini bildirməsi, Laçın rayonunun Güləbird kəndində qısa müddət ərzində işə salınan su elektrik stansiyasının açılışında iştirak etməsi bir daha göstərir ki, Azərbaycan üçün azad edilmiş ərazilərin dirçəldilməsi də tarixi bir missiyadır..

İşğaldan azad olunan ərazilərdə 3 beynəlxalq hava limanının fəaliyyət göstərməsi planlaşdırılmışdır. Hal-hazırda Füzuli hava limanı istifadəyə verilib.

Şanlı Ordumuzun ölkəmizin mədəniyyət paytaxtı olan Şuşa şəhərini mənfur düşməndən azad edərkən istifadə etdiyi cığır-yolun əbədiləşdirilməsi məqsədilə tikilən və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən “Zəfər yolu” adlandırılan avtomobil yolunun inşası dövlətimizin başçısının daimi nəzarəti altında icra olunub.

Başlanğıcını Hacıqabul-Mincivan-Zəngəzur dəhlizi magistral avtomobil yolundan götürən 101 kilometrlik Zəfər yolu Qarabağın tacı olan Şuşa şəhərinə qədər uzanır. Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçməklə inşa edilən Zəfər yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla bu rayonların onlarla yaşayış məntəqəsini əhatə edir. Bu layihə həm də ona görə müstəsna əhəmiyyət daşıyır ki, o, ilk növbədə, öz doğma yurdlarına qayıdacaq insanların rahatlığının təmin olunmasına, onlar üçün yüksək səviyyəli həyat və yaşayış standartının yaradılmasına xidmət edir.

Bütün bu quruculuq işləri göstərir ki,Xalqımız öz doğma torpaqlarında yaşamağa hazırdır.

Şanlı Ordumuz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədi, biz qamətimizi düzəltdik, illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq.

Var olsun, Azərbaycan xalqı!!! Yaşasın Zəfər qazanmış Azərbaycan!!!

Ülkər Cəfərova

Xəzər rayonu, 149 nömrəli məktəbin müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə