8 noyabr tarixi hər bir azərbaycanlının iftixar mənbəyinə çevrildi - MƏQALƏ
Bu gün Azərbaycan xalqı bu qələbənin bir illiyini qeyd edir.
Azərbaycanın şanlı tarixinə daha bir Zəfər Günü yazıldı. Bu, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşanın 2020-ci il 8 noyabr tarixində işğaldan azad olunması günüdür. Bununla bağlı Prezident İlham Əliyev dekabrın 3-də Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur ki, hər bir azərbaycanlı üçün əziz olan Qarabağın incisi Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb olub.
Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Əminəm ki, bu əməliyyat dünya hərb tarixində xüsusi yer tutacaq. Çünki bu əməliyyatı bizim qəhrəman hərbçilərimiz dağlardan, meşələrdən, cığırlardan keçərək yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir.Azərbaycan əsgəri əsl qəhrəmanlıq, mərdlik, şücaət, rəşadət nümunəsi göstərdi.Döyüş meydanında ordumuzun göstərdiyi şücaət düşməni təslim olmağa məcbur qoyub. 44 günlük Vətən müharibəsi Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun Ermənistana döyüş meydanında tarixi dərs verməsinə səhnə olub. Ali Baş Komandanın çoxsaylı çıxışlarında qeyd etdiyi kimi, Müzəffər Ordumuz bir an belə geri çəkilmədən daim irəli gedib işğala son qoymağı düşünüb. Yekunda isə Ordumuz qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirərək Azərbaycanın ərazi bütövlüyünü bərpa edib.Şəhidlərimizin qanı, qazilərimizin mübarizəsi və şücaəti Zəfər Gününü Azərbaycan xalqına bəxş edib.
Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı əsasında Zəfər Gününün təsis edilməsi bir daha təsdiqləyir ki, artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur, ve Ali Baş Komandanımız Ermənistana və onun himayədarlarına sübut etdi ki, Qarabağ Azərbaycandır! .44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!
Bu gün bu qələbəni bizə gətirən Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevi və Azərbaycan xalqını Zəfər günü münasibətilə təbrik edirəm.
Fəxr edirəm ki, bizim bu cür Ali Baş Komandanımız və müzəffər ordumuz var.
Samirə Qasımova
Hüquqşünas, YAP və Bələdiyyənin üzvü
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB