Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa, vətəndir.
Ölkəmizdə qürurverici bir haldır ki, Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycan Prezidenti İlham Əliyevin 17 noyabr 2009-cu il Sərəncamı ilə Dövlət Bayrağı Günü ölkəmizdə 9 noyabr tarixində qeyd olunmağa başladı. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi və Sovet hakimiyyətinin qurulması ilə üçrəngli bayrağımızın yüksəklikdə dalğalanmasına sədd qoyulsa da, bu, xalqın təfəkküründə dərin iz salmışdır. Hər kəs bu böyük amalla Azərbaycan bayrağının vətən torpağında dalğalanması arzusu ilə yaşamışdı. Yalnız 70 ildən sonra Azərbaycanın üçrəngli bayrağı milli şüurun oyanışı ilə yenidən Azərbaycan xalqının milli müstəqilliyinin və iradəsinin ifadəsi kimi dalğalanmağa başladı. 1990-cı illərin çətin, ağır günlərində Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda mühüm dövlətçilik fəaliyyəti həyata keçirilərək, milli dövlətçilik ənənələrinin əsası qoyuldu. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti bu bayrağın yenidən Azərbaycanın Dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar Ümummilli Lider bu barədə deyirdi: "Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı".
Bütün zirvələrdən, yüksəkliklərdən uca olan dövlət bayrağımız hər bir insanın vətəndaşlıq qürurudur. Azərbaycan Respublikasının Konstitusiyasında qeyd olunduğu kimi, "Azərbaycan Respublikasının dövlət rəmzləri - Azərbaycan Respublikasının Dövlət Bayrağı, Azərbaycan Respublikasının Dövlət Gerbi və Azərbaycan Respublikasının Dövlət Himnidir". Dövlətçilik rəmzləri sırasında yer alan Dövlət Bayrağı siyasi-ideoloji və mənəvi baxımdan əhəmiyyətlidir. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Bayrağımızda olan hər bir rəng Azərbaycan xalqına məxsus dəyərləri özündə ehtiva edir. Göy rəng Azərbaycan xalqının türk mənşəli olmasını göstərir, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək, bir sözlə, müasirləşməni və inkişaf istəyini ifadə edir. Yaşıl rəng isə islam sivilizasiyasına və islam dininə mənsubluğun göstəricisidir. Demək, bayrağımız üzərindəki hər bir rəng Azərbaycan tarixindən danışır. Bayrağımız qürur mənbəyimizdir və and yerimizdir. Müqəddəs varlıq olan üçrəngli bayrağımıza and içirik. Bu gün hər bir vətəndaşın üzərində ciddi mənəvi məsuliyyət var. Hər bir vətəndaş bu yükü öz çiyinlərində hiss etdikcə, onun dövlətçilik idealları püxtələşir. Azərbaycan xalqının türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvoluna çevrilən, azadlıq eşqimiz olan üçrəngli bayrağımız bu gün göylərə yüksəlib.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəmzlərinə böyük diqqət göstərir. Ən yüksək zirvələrdə dalğalanan üçrəngli bayrağımız Azərbaycan dövlətinin gücünü və xalqımızın milli birliyini nümayiş etdirir. Azərbaycan Prezidenti çıxışlarının birində bildirib: "Bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir".
Müasir dövrümüzdə Dövlət Bayrağımız dünyanın müxtəlif ölkələrində dalğalanır. Respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır. Mötəbər mərasimlərdə və yarışlarda Azərbaycan Bayrağının dalğalanması hər kəsdə qürur doğurur. Yüksəklərdə dalğalanan bayrağımız hər birimizə qürur, böyük iftixar və azadlığın dərin hisslərini yaşadır.
Bu gün Azərbaycan Ordusunun sahib olduğu güc də Onun bayrağımıza olan dərin məhəbbətindən və sədaqətindən qaynaqlanır. Azərbaycan əsgəri vətənimizin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı şərəfli əsgəri vəzifəsini yerinə yetirməyə başlayarkən, müqəddəs bayrağımıza and içir. Vətən torpağının bütövlüyü uğrunda şəhidliyə hazır olan Azərbaycan əsgəri o bayrağa sarılaraq şərəfli mübarizəyə qoşulur, vətənin azadlığı uğrunda övladını qurban vermiş valideynlər şəhid cənazəsinə bükülmüş müqəddəs bayraqla təskinlik tapırlar. "Bayraqları bayraq yapan üstündəki qandır, Torpaq, əgər uğrunda ölən varsa, vətəndir". Budur, bayrağın müqəddəsliyi və bayrağımıza olan sevgi. 44 günlük Vətən müharibəsində düşmənə dərs verən vətən oğulları Bayrağımızı uca tutdular. Bu gün Azərbaycanın işğaldan azad olunan ərazilərində bayrağımız dalğalanır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB