"Üçtərəfli görüşdə Zəngəzur dəhlizinin açılması müzakirə oluna bilər" - DEPUTAT AÇIQLADI

"Üçtərəfli görüşdə Zəngəzur dəhlizinin açılması müzakirə oluna bilər" - DEPUTAT AÇIQLADI

“Rusiyanın Moskva şəhərində baş tutacaq Azərbaycan, Rusiya və Ermənistan dövlət başçılarının üçtərəfli görüşü 44 günlük müharibənin bir illiyinə təsadüf edir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Tahir Kərimli deyib.

Onun sözlərinə görə, eyni zamanda bu üçtərəfli görüş 10 noyabr sazişinin bir illiyinə təsadüf edir: “Təbii ki, bu görüşdə bir ildə görülən işlər müzakirə olunacaq. Eyni zamanda 10 noyabr və 11 yanvar sazişinin müddəalarının yerinə yetirilməsi barədə məsələlər müzakirə olunacaq. Bundan əlavə Zəngəzur dəhlizinin açılması, sərhədlərin delimitasiyasi və demarkasiyası müzakirə oluna bilər. Azərbaycan üçün ən mühüm məsələlərdən biri də əlbəttə ki, Dağlıq Qarabağda silahlı qüvvələrin olmaması barədə şərti yerinə yetirməməsidir. Yəni Ermənistanın silahlı qüvvələri keçmiş Dağlıq Qarabağ ərazisindən çıxarılmalı idi. Ancaq bu yerinə yetirilməyib. Üçtərəfli görüşdə sülh sazişinin bağlanmasını güman etmirəm. Çünki bu danışıqlar konfidensial aparılır”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, şübhəsiz ki, bu görüşdə Dağlıq Qarabağın status məsələsi müzakirə oluna bilməz: “Əgər bu məsələ qarşı tərəfdən qaldırılsa, Azərbaycan tərəfi birmənalı şəkildə bunu rədd edəcək. Ola bilər ki, bu məsələlər əsasında gələcəkdə ikitərəfli görüşlərdə keçirilsin”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə