Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü - VIII Qlobal Bakı Forumu ŞƏRH

Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasətin növbəti təzahürü - VIII Qlobal Bakı Forumu ŞƏRH

Bu gün ənənəvi Qlobal Bakı Forumu artıq dünya ictimaiyyətini maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi üçün platformaya çevrilib. Bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda keçirilən növbəti Qlobal Bakı Forumu bunun göstəricisidir. Qeyd edək ki, sayca 8-ci olan və noyabrın 6-dək davam edəcək Bakı Forumunda qlobal əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi məqsədilə dünyanın 40-dan çox ölkəsindən ali və yüksək səviyyəli nümayəndələr, sabiq dövlət və hökumət başçıları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də digər nüfuzlu qonaqlar iştirak edirlər.

Tədbir çərçivəsində keçiriləcək panel iclaslarda “COVID-19-dan sonra yaranan yeni dünya nizamı”, “Yeni dünya iqtisadiyyatı”, “Yeni dövrdə sülh, təhlükəsizlik və insan hüquqları”, “İqlim dəyişikliyi ilə mübarizə və qlobal enerji tələbatının qarşılanması”, “Səhiyyə və insanların peyvənd edilməsi”, “Qida və qida təhlükəsizliyinin təşviqi”, “Gənclər danışır, biz dinləyirik”, “Şərq tərəfdaşlığı və onun imkanları” mövzularında, həmçinin Avropa İttifaqı, Balkan regionu və Cənubi Qafqazdakı vəziyyətə dair müzakirələr aparılacaq.

“Pandemiyanın başladığı ilk günlərdən Azərbaycan həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işlədi”

"Pandemiya qlobal gündəlikdə bir nömrəli məsələdir. Biz pandemiya, postpandemiya dövrü haqqında danışdıq. Hətta tam aydın deyil biz postpandemiya dövrünə qədəm qoymuşuq, yoxsa yox. Çünki müxtəlif ölkələr fərqli yanaşmalar sərgiləyir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı söyləyib.Dövlətimizin başçısı qeyd edib ki, bu xəstəliyin başladığı ilk günlərdən etibarən Azərbaycan həm daxildə, həm beynəlxalq səviyyədə çox fəal işlədi: «Biz regionda ilk ölkələrdən biri idik ki, yaşı 18-dən yuxarı olan əhalisinin təxminən yarıdan çoxunu – 60 faizini iki doza peyvənddən keçirə bildik. Biz 13 yeni dövlət xəstəxanası açdıq. Demək olar ki, 4 minə yaxın çarpayı potensialı ilə bu təsisatlar hazırda pandemiyadan əziyyət çəkən çox sayda insanlara xidmət göstərir və indi pandemiya nəzarət altındadır”.

Dövlət başçısı çıxışı zamanı bildirib ki, Qoşulmama Hərəkatının sədri kimi biz 30-dan artıq ölkəyə maliyyə və humanitar yardım etdik, bir sıra ölkələrə isə ödənişsiz peyvənd dozalarını çatdırdıq: «Həmçinin Dünya Səhiyyə Təşkilatına donor kimi 10 milyon ABŞ dolları həcmində maliyyə yardımı ayırdıq. Bu addımlar, eləcə də dünyanın aparıcı dövlətlərinin məsuliyyətli yanaşması məsələnin həllinə töhfə verə bilərdi”.

“Biz bu addımları atmaqda davam edəcəyik”

“Biz məhdudiyyətlərin yaratdığı çətinlikləri yumşaltmaq üçün ciddi tədbirlər gördük”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, 2020-ci və 2021-ci illərdə sosial yardım paketləri yaradılıb: “O insanlar ki, öz iş yerlərini məhdudiyyətlər səbəbindən itirmişdilər, onlar üçün sosial paketlərə 2,9 milyard ABŞ dolları həcmində dövlət büdcəsindən vəsait ayrılmışdı. Biz bu addımları atmaqda davam edəcəyik. Çünki biz tamamilə yeni bir vəziyyətlə üzləşmiş insanlara yardım etməliyik”.

Qeyd edək ki, bu gün ölkəmizin vaksinlə təmin olunmasının əsas səbəbi dövlət başçımızın güclü və uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan öz vətəndaşlarını vaksinlə təmin edən ilk dövlətlərdən biridir ki, bu gün də birinciliyi qorumağa davam edir.

Məhz dövlət başçımızın güclü uzaqgörən siyasətinin nəticəsidir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycan pandemiyaya qarşı mübarizədə də elə ilk vaxtlardan dünya dövlətlərinin vaksinlə ədalətli şəkildə təmin olunmasını öz üzərinə götürən COVAX platforması ilə əməkdaşlıq edib. Hazırda Azərbaycan MBD dövlətləri arasında vaksinasiyadan keçənlərin sayına görə ilk yerdə olması Azərbaycanın istər iqtisadi, istərsə də siyasi cəhətdən güclü dövlət olmasının sübutudur.

“27 il kağız üzərində qalan BMT qətnamələrini Azərbaycan özü həyata keçirdi”

Azərbaycan Prrezidenti çıxışı zamanı Ermənistan ilə Azərbaycan arasında davam münaqişə məsələsi ilə də bağlı bildirib ki, bu münaqişəni Azərbaycan özü həll etdi: “Mən hər dəfə Qlobal Bakı Forumunda Ermənistan ilə Azərbaycan arasında münaqişə məsələsini qaldırırdım və bu gün bildirmək istəyirəm ki, bu münaqişə həll olunub”. Dövlət başçısı bildirib ki, münaqişəni Azərbaycan özü həll etdi: “Azərbaycan özü BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələri həyata keçirdi. Bu qətnamələr erməni qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasını tələb edirdi. Əfsuslar olsun ki, 27 il ərzində bu qətnamələr kağız üzərində qalırdı. Azərbaycan özü-öz ərazi bütövlüyünü bərpa etməsəydi, həmin qətnamələr daha 27 il də kağız üzərində qalardı”.

“Bu müharibə onu göstərdi ki, ədalət tez və ya gec Zəfər çalacaq”

Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxış edərkən vurğulayıb ki, hazırda biz azad edilmiş əraziləri bərpa edirik, artıq genişmiqyaslı dövlət proqramı həyata keçirilir: «Ümid edirik ki, erməni işğalından əziyyət çəkmiş bir milyondan çox soydaşımızı, keçmiş qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytara biləcəyik. Bu müharibə onu göstərdi ki, tez və ya gec ədalət Zəfər çalacaq».

“Azad olunmuş ərazilərin yerlə-yeksan edilməsi barbarlığın təzahürüdür”

Dövlət başçısı forumda Ermənistanın barbarlığı, vandallığı ilə bağlı bildirib ki, Ermənistan əsrlər boyu öz işğalçılıq siyasətini göstərib: «Noyabrın 9-da Ermənistan kapitulyasiya aktına imza atdı və müharibə başa çatdı. Həmçinin işğal altında qalan digər ərazilərdən çıxmaq cədvəli verildi. Azərbaycan xalqı bu tarixi Qələbəmizi qeyd edəcək».

Azad olunmuş ərazilərin tamamilə yerlə-yeksan olunduğunu vurğulayan dövlətimizin başçısı deyib ki, hətta Ermənistan bütün tarixi binaları, 67 məsciddən 65-ni dağıdıb, bütün ictimai binaları yerlə-yeksan edib. Bu, əslində, barbarlığın, vandallığın təzahürüdür.

“Biz sülh danışıqlarına başlamağa və sülh müqaviləsi imzalamağa hazırıq”

“İndi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təklifləri irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq”. Bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, çünki biz müharibə üzərində danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik: “Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb. Eyni zamanda biz təklif etdik ki, sərhədimizin demarkasiya və delimitasiyasına başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin. Bu da yenə də beynəlxalq hüquq normalarına, normal davranışa uyğundur. Əfsuslar olsun ki, bu məsələ də hələ ki, cavabını tapmayıb. Azərbaycan maksimal konstruktivlik göstərib. Baxmayaraq ki, 30 ilə yaxın işğal, barbar hərəkətlər və dağıntılar olub. Biz gələcəyə nəzər salmalıyıq. Biz öz gələcəyimizi - təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olan gələcəyi təmin etməliyik. Ola bilsin ki, bizim təkliflər haqqında siz də eşitmisiniz. Mənə elə gəlir hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq. Çünki bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq və sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir. Demək olar ki, 1 ildir ki, onlar yenə də sükut saxlayırlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər. Əgər danışıqlar aparılan illəri ərzində onlar bizə qulaq assaydı, özlərini normal aparsaydılar, bugünkü gün həmin bu vəziyyət yaranmazdı».

Bir sözlə, bütün bunlara əsasən deyə bilərik ki, əgər üçüncü minilliyin başlanğıcında Ulu Öndər Heydər Əliyev ölkəmizi müstəqilliyini itirmək təhlükəsindən qurtararaq yeni inkişaf mərhələsinə çıxardısa, Azərbaycan Prezidenti İlham Əliyev müasir Azərbaycanı dünyada söz sahibinə, etibarlı tərəfdaşa və modern dövlətə çevirib. Dövrün çağırışlarının tələblərini nəzərə alan, bütün beynəlxalq toplantılarda dünyaya sülh mesajı verən, ən islahatçı Prezident və ən əsası, Qalib Sərkərdə kimi adını tariximizə qızıl hərflərlə yazdıran İlham Əliyev həmişə üzərinə düşən barışdırıcı sülh missiyasını uğurla icra etməkdədir.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə