Səbəb: ermənilər azərbaycanlılardan “türk” dilində danışmamağı tələb edərək onlara qarşı təhqirlər səsləndiriblər
Bir neçə gün öncə İrəvanda baş verən hadisə Ermənistanda böyük səs-küyə səbəb olub. Ölkədə dərc edilən “Fakt” qəzetinin yazdığına görə, noyabrın 1-də İrəvanda fəaliyyət göstərən gecə klublarının birində Cənubi Azərbaycandan olan soydaşlarımız istirahət edərkən ana dilində danışaraq əyləniblər və Azərbaycan musiqisi dinləmək üçün sifarişlər ediblər. Lakin gecə klubunun əməkdaşları onların bu sifarişlərini yerinə yetirməyiblər və bundan əlavə klubda olan digər ermənilər azərbaycanlılardan “türk” dilində danışmamağı tələb edərək təhqirlər səsləndiriblər. Nəticədə aqressiya və təhqirlərə dözməyən soydaşlarımızla yerli ermənilər arasında kəskin münaqişə yaranıb. Məsələ böyüyüb və azərbaycanlılar onları söyən erməniləri möhkəmcə əzişdiriblər. Sonda işə İrəvan polisi qarışmalı olub və münaqişə tərəfləri şöbəyə aparılıblar.
7 nəfər azərbaycanlının sərt yumruqları altına 14 nəfərdən çox erməni düşüb
İrəvan polisinin məlumatına görə, 37 yaşlı Seyid Nurullahi, 24 yaşlı Araş Təvəkküli, 25 yaşlı İmad Hüseynxan, 22 yaşlı Əmir Babazadə, 19 yaşlı Həsən Pavin, 35 yaşlı Əhməd Əsgəri və 39 yaşlı Haşim adlı şəxs saxlanılıblar. Aparılan araşdırmalardan sonra məlum olub ki, bizim soydaşlarımız onları təkcə təhqir edən klub müştərilərini deyil, həm də klubun mühafizəçilərini də döyməyə müvəffəq olublar. Belə ki, azərbaycanlılar istintaqa verdikləri izahatlarında bildiriblər ki, klubdakı ermənilər onların milliyyətlərinə, ana dillərinə hörmətsizlik göstəriblər və bu da dava-dalaşa gətirib-çıxarıb.
Məlumatda o da bildirilir ki, 7 nəfər azərbaycanlının sərt yumruqları altına 14 nəfərdən çox erməni düşüb. Faktla bağlı cinayət işi açılıb, saxlanılan soydaşlarımız isə azadlığa buraxılıblar.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə