"Forum tərəfdaşlığın güclənməsinə və gərginliklərin azalmasına yol açacaq” - EKSPERT RƏYİ

“Noyabrın 4-dən 6-dək Azərbaycanın paytaxtında növbəti Qlobal Bakı Forumu işə başlayacaq. Forumun bu ilki gündəliyi daha zəngin olacaq. Forumda müxtəlif panellərdə “COVİD-19-dan sonra yeni dünya nizamı”, “Yeni Dünya İqtisadiyyatı”, “Səhiyyə və əhalinin vaksinasiyası”, “Cənubi Qafqaz: regional inkişaf və əməkdaşlıq üçün perspektivlər” və digər mövzularda yerli və xarici ekspertlərin çıxışları olacaq”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Züriyə Qarayeva deyib.

Politoloqun sözlərinə görə, Qlobal Bakı Forumu qlobal gündəlikdə duran aktual məsələlərlə məşğul olan ən mühüm beynəlxalq platformalardan biridir: “Belə bir platformaya Azərbaycanın evsahibliyi etməsi tərəfdaşlıq, qarşılıqlı faydalı əməkdaşlıq vasitəsilə regionumuzda və daha geniş coğrafiyada təhlükəsizlik, sabitlik istiqamətində ölkələrlə yaxın əlaqələrin qurulması baxımından önəmli hadisədi. Bu ilki forumda Azərbaycanın iştirakı həm də torpaqlarını azad etməsi və zəfər qazanan ölkə olması baxımından ötən ilkilərdən fərqlənir. Ötən forumlarda biz Ermənistanın işğal faktını dünyaya çatdırırdıqsa, bu il qələbəmizi, güclü ordumuzu, güclü diplomatiyamızı, işğaldan azad etdiyimiz bölgələrdə gördüyümüz və görəcəyimiz quruculuq işlərindən danışacağıq”.

Z.Qarayeva vurğulayıb ki, cənab Prezident qalib ölkənin sərkərdəsi olaraq ölkəmizin xüsusən zəfərdən sonra regionumuz üçün yaratdığı reallıqları, inkişaf perspektivlərini iştirakçı dövlətlərin diqqətinə çatdıracaq: “Bu baxımdan platforma nəqliyyat, enerji təhlükəsizliyi, ticarət və investisiya sahələrində daha çox körpü qurmağa kömək edəcək. Düşünürəm ki, Forumun gündəliyi dövlətlərin müxtəlif sferalarda qarşılaşdığı problemləri, xüsusən Covid-19 pandemiyasının dünya iqtisadiyyatına vurduğu zərbələrdən dolayı yaşanan vəziyyəti əhatə etməklə ölkələr üçün faydalı olacaq. Əminəm ki, məhsuldar müzakirələr və ortaya qoyulan tövsiyələr tərəfdaşlığın güclənməsinə və gərginliklərin azalmasına yol açacaq”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə