“Bölgədə Türkiyə-Azərbaycan tandemi var” - POLİTOLOQ ŞƏRH ETDİ

“Bölgədə Türkiyə-Azərbaycan tandemi var” - POLİTOLOQ ŞƏRH ETDİ

“Türkiyə Cümhur Başkanı Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri, ikinci Qarabağ səfəri çox önəmli idi. Türkiyə liderinin birinci səfərində Şuşa Bəyannaməsi imzalandı Qarabağda, ikinci səfərində də Füzuli Hava Limanı açıldı, Zəngilana getdilər, dövlət başçısı vəziyyətlə, tikinti işləri ilə tanış oldu.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Mərkəzin rəhbərinin sözlərinə görə, bu hamıya ciddi bir mesaj idi, Azərbaycanı hədələmək istəyən dövlətlərə də ciddi bir mesaj idi ki, Türkiyə Azərbaycanın arxasındadır, Türkiyə Cənubi Qafqazda, Azərbaycanda və Qarabağda artıq möhkəmlənib, kimsə Azərbaycanla əzələ dili ilə danışa bilməz.

“Dövlət başçısı cənab İlham Əliyev də hər zaman Türkiyənin dəstəyini hiss etdiyini bir neçə dəfə, elə bu səfər zamanı da vurğuladı. İndi bu birinci hava limanı idi və növbədə Zəngilanda, Laçında da hava limanları inşa ediləcək və həmin hava limanlarının açılışında da Türkiyə Cümhur Başkanı iştirak edəcək.

Bu hava limanlarının həm mülkü daşınma mahiyyəti baxımından, həm də hərbi nöqteyi-nəzərdən xüsusi əhəmiyyəti var Azərbaycan üçün. Düşünürəm ki, bütün bu səfərlər, bütün bu ortaq tikinti işləri Türkiyə-Azərbaycan ittifaqını daha da gücləndirir, daha da irəli aparır. Bundan sonra Azərbaycanı kimsə hədələyə, torpaqlarına göz dikə bilməz. Çünki artıq bölgədə Türkiyə-Azərbaycan tandemi, strateji müttəfiqliyi var. Bu müttəfiqliyi artıq Ermənistan da qəbul etmək məcburiyyətində qalıb, Rusiya da qəbul edir. İran bir az müqavimət göstərdi, amma İran da sonda bu ittifaqı qəbul etmək məcburiyyətində qaldı”, deyə Elxan şahinoğlu bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə