Əli İnsanovun HƏP-i qeydiyyatdan keçsə də... SİYASİ RAKURS

Şəxsi maraqlarını dövlət maraqlarından üstün tunalar isə nağıllar danışdılar

Hakimiyyətin çoxpartiyalı sistem yolunda son iki ildə başlatdığı prosesi daha da genişləndirmək məqsədi fakt olaraq göz qabağındadır. Biz bu məsələdə bir neçə gün əvvəl sabiq səhiyyə naziri Əli İnsanovun Haqq və Ədalət Partiyasının (HƏP) eləcə də Anar Əsədlinin Yüksəliş Partiyasının qeydiyyatdan keçməsini göstərə bilərik. Yəni bu amilin özü də sübut edir ki, artıq Azərbaycanda aparılan daxili siyasi islahatlar da öz bəhrəsini verməkdədir. Daha dəqiq desək, ölkəmizdə mövcud olan demokratik idarəçilik reallığı bütün istiqamətlərdə olduğu kimi, siyasi partiyalara da öz aidiyyatını göstərməkdədir. Yəni hansı partiyanın radikal, yaxud hansı partiyanın konstruktiv müxalifət olmalarına fərq qoyulmayaraq təşkilatlara eyni müstəvidən baxılır. Təbii ki, həmin partiyalar da gələcək fəaliyyətlərində bu kimi önəmli addımlardan nəticə hasil etmələri ilə dövlətçilik maraqlarını digər qəbulolunmaz maraqlara qurban verməməlidirlər.

İqtidarın istənilən uğurlu, demokratik siyasi uğurlarına kölgə salmaq istəyənlər hələ də siyasi arenada var-gəl etməkdədirlər

Lakin HƏP-in sədrinin və təsisçisinin Əli İnsanov olduğunu da nəzərə alsaq və bu gün onun partiyasının qeydiyyata alınması ətrafında digər qeyri-ciddi müxalifət partiya rəhbərlərinin iddialarını araşdırsaq, bir daha görərik ki, əslində, Azərbaycan iqtidarının istənilən uğurlu, demokratik siyasi uğurlarına kölgə salmaq istəyənlər hələ də siyasi arenada var-gəllər etməkdədirlər, halbuki, belə siyasi partiyaların nə cəmiyyətə, nə ölkəyə heç bir səmərələri yoxur, onlar bu təşkilatlarını sanki şəxsi siyasi biznes ofislərinə çeviriblər, dövlətçilik üçün fəaliyyət göstərmək amilinin isə onlara heç bir aidiyyatları yoxdur. Halbuki bu gün hakimiyyətin aparıcı qollarından biri də Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsidir. Bu şöbə məhz müxalifətdə olan partiyaları zaman-zaman dialoqa dəvət edir, dövlətçilik maraqlarının təmin olunması yönündə müxtəlif təşəbbüslər irəli sürülür, təkliflər dinlənilir.Yəni adıçəkilən şöbə partiyalarla fəal iş aparır. Eyni zamanda, partiyaların qeydiyyata alınmasına istiqamətində daha əvvəllər yaradılan müxtəlif əngəlləri aradan qaldırılması yönündə ciddi səylər göstərilir. Bütün bunlarla yanaşı, həmin partiyalara simvolik qiymətə mənzil qərargahların ayrılması faktı da belə deməyə zəmin yaradır ki, Azərbaycanın demokratik iqtidarı çoxpartiyalı siyasi sistemin möhkəmləndirilməsində bundan sonra da öz ciddi töhfələrini verməyə davam edəcək. Bu, eyni zamanda müasir siyasi sistemlər quruluşu baxımından həm də siyasi plüralizmin vacib məqamlarından biri kimi ehtiva olunmaqdadır.

Əgər bu gün HƏP və Yüksəlik partiyaları qeydiyyata alınırsa, növbəti vaxtlarda digər siyasi partiyalar da dövlət qeydiyyatından keçəcəklərsə, burada siyasi rəqabət mühitinin də yaradılmasından bəhs etmək mümkündür. Çünki beynəlxalq aləmdə rəqabət mühiti mövcuddur və həmin mövcudluğun siyasi partiyalara da aid edilməsi zamanın tələbidir.

HƏP-in qeydiyyata alınmasında gülünc iddialar səsləndirən AXCP, Müsavat kimi partiyalar “uşaq bağçası” səviyyəsində olduqlarını sübuta yetirmiş oldular

44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr də göstərdi ki, siyasi partiyalar ümummilli məsələlərdə kifayət qədər ortaya prinsipal mövqe qoyurlar. Misal üçün, həmin ərəfədə bir neçə sözdə radikal müxalifət partiyası kimi adlandırılan siyasi təşkilatları çıxmaq şərti ilə bütün müxalifət partiyaları bilavasitə Prezident və Ali Baş Komandanın siyasətini müdafiə etdilər, səslərini beynəlxalq aləmə çatdırdılar. Bu gerçəklik həm də sübut etdi ki, Vətən müharibəsi milli həmrəyliyin, gücün təcəssüm etməsində böyük rol oynadı.

Bu gün Əli İnsanovun partiyasının qeydiyyata alınmasında müxtəlif gülünc iddialar səsləndirən AXCP, Müsavat kimi partiyalar və onların rəhbərlikləri isə sözün əsı mənasında “uşaq bağçası” səviyyəsində olduqlarını sübuta yetirmiş oldular. Guya hakimiyyətlə sövdələşməyə getdiyi bildirilən HƏP sədrinin guya iqtidar qarşılığında öhdəliklər götürməsi barədə danışılanlar isə sözün əsl mənasında “bişmiş toyuğu güldürən” iddialardır.

Sonradan şəxsi maraqlarını hər şeydən üstün tutmasalar...

Yaxşı olardı ki, qeyri-sağlam düşüncələri ilə mümkün olmayan məsələləri öz maraqları çərçivəsində xalqa sırımağa çalışan cinahlar bir dəfə də xalq qarşısına çıxaraq özlərinin hansı qüvvələrlə işbirliyi göstərmələri barədə, haralardan sifarişlər almaları haqqında cürət edib hesabat verərdilər. Amma göründüyü kimi, bunu etmirlər, çünki yaxşı bilirlər ki, ifşa olunacaqlar. Hansı ki, çoxdan ifşa olunublar.

Nəticə etibarı ilə faktlar göz önündədir və Azərbaycanda demokratik cəhətdən atılan nümunəvi addımlar bundan sonra da davam etdiriləcək və bir çox məsələlərdə müxalifət zaman-zaman hakimiyyətlə eyni masa arxasında oturaraq müzakirələr aparacaq. Təbii ki, sonradan şəxsi maraqlarını hər şeydən üstün tutmasalar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə