"Bu əməkdaşlıq hər gün yeni-yeni çalarlarla zənginləşir” - ŞƏRH EDİLDİ

“Bu işğaldan azad olunmuş ərazilərə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ikinci səfəridir. Səfərin diqqət çəkən cəhətlərindən biri də ondan ibarətdir ki, həm Şuşaya, həm də Füzuli Beynəlxalq Hava limanının açılışına gələn Ərdoğan dövlət protokoluna uyğun şəkildə qarşılanıb”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Onun sözlərinə görə, bu səfər rəsmi qəbul şəraitində həyata keçirilib: "Bu hər iki dövlət arasında münasibətlərin yüksək səyiyyədə olmasını göstərir. Həmçinin burada çox böyük tarixi əhəmiyyəti olan tikinti proseslərinin təməlqoyma mərasimlərində iştirak ediblər. Zəngilanın Ağalı kəndindən Ermənistan sərhəddinə qədər böyük bir yol proyekti var ki, bu yol həm dəmiryol, həm də şosse yolundan ibarət olacaq. Yol üzərində 4 tunel tikiləcək və onun 3-ü artıq hazırdır. Bundan əlavə həmin ərazidə sənaye üsulu ilə inşa edilən "Ağıllı kənd"in bünövrəsi qoyulub. Azərbaycan-Türkiyə münasibətlərinin strateji xarakter daşıdığını və bu strateji müttəfiqliyin hər iki xalqın həm şüurunu, həm də ruhunu əhatə etdiyini əyani sürətdə göstərir. Çünki bu əməkdaşlıq hər gün yeni-yeni çalarlarla zənginləşir”.

Müəllif: Abutel İlhamqızı

Bütün xəbərlər Facebook səhifəmizdə