YAP Binəqədi rayon təşkilatında Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib FOTOLAR

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Vətən müharibəsinin qaziləri ilə görüş keçirilib. Görüşdə əvvəlcə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş qəhrəman oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən bəhs edib. Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, xalqımızın iradəsi və ordumuzun şücaəti nəticəsində 30 ilə yaxın işğal altında olan ərazilərimiz düşməndən azad edildi və bununla da Azərbaycanın ərazi bütövlüyü tam bərpa olundu. Dövlət-xalq-ordu həmrəyliyinin bütün dünyaya əsl nümunə olduğunu və bu birliyin heç bir zaman sarsılmayacağını vurğulayıb. Ölkəmizin ərazi bütövlüyünün təmin olunması uğrunda hərbi əməliyyatlarda əsgər və zabitlərimizin göstərdikləri şücaətlərin hər birimizdə sonsuz iftixar hissi doğurduğunu qeyd edib, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı diləyib.

Binəqədi rayon icra hakimiyyəti başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov isə çıxışında qəhrəman əsgər və zabitlərimizlə bütün xalqımızın qürur duyduğunu qeyd edib. O, özünün keçdiyi döyüş yolundan və xatirələrindən danışıb. Xalqımızın məğrurluğunun və qətiyyətinin, vətənpərvərliyinin bütün xalqlar üçün əsl örnək olduğunu söyləyib.Şəhid ailələrinin üzvlərinin, Vətən müharibəsində yaralanmış qazilərin sağlamlıqlarının bərpası, məşğulluqlarının təmini, həyat şəraitlərinin daha da yaxşılaşdırılması üçün göstərilən dəstək tədbirlərindən danışıb.
Sonda çıxış edən qazilər - Ceyhun Sədrayev, Mobil Əhmədzadə və Ceyhun Şıxıyev Vətən müharibəsi zamanı döyüş yoldaşlarının şücaət və qoxmazlıqlarından ətraflı danışıblar. Azərbaycan Ordusunun üstünlüyü ilə qazanılan tarixi zəfərimizdə Ermənistanın işğalçı ordusunun məhv edildiyini qeyd ediblər. Döyüş zamanı əsgər və zabitlərdə olan ruh yüksəkliyindən, eləcə də onlara ünvanlanan "Əsgərə məktub"ların əsl stimul olduğunu söyləyiblər. Xalqımızın qayğısını və dəstəyini daim hiss etdiklərini və tarixi torpaqlarımızın işğaldan azad edilməsinin ən müqəddəs missiyaları olduğunu qeyd ediblər. Dövlət başçısı Prezident İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə