Mümkün üçtərəfli görüşün pərdəarxası detalları nə ola bilər? - POLİTOLOQ AÇIQLADI

“Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında üçtərəfli bəyanatın imzalanmasından bir il keçsə də Ermənistanın üzərinə götürdüyü və icra etməsi şərt olan məsələlərin həlli gecikir. Azərbaycanın təklif etdiyi şərtlər bəllidir: sərhədlərin delimitasiya və demarkasiyası, qarşılıqlı olaraq Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması və sonda böyük sülh sazişinin imzalanması”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Politoloqun sözlərinə görə, üçtərəfli formatda görüş ən son 11 yanvarda Moskvada baş tutub: “Növbəti belə bir görüşün keçirilməsi labüd olsa da bu görüşün keçiriləcəyi ilə bağlı heç bir tərəfdən rəsmi məlumat mövcud deyil. Bu baxımdan da məsələni şərh etmək ehtimallara əsaslanır. Əvvəla, onu deyim ki, həllini tapmayan bu qədər məsələlərin olduğu halda indiki məqamda sülh müqaviləsinin imzalanacağı real deyil. Çünki ən azından sülh müqaviləsinin imzalanmasına hazırlıq prosesi başlamalıdır. Bunların şahidi deyilik. Buna doğru aparan işlər də həll olunmalıdır. Yəni, sülh müaviləsinin imzalanmasına aparan işlər müzakirə olunmalı və ortaq dil tapılmalıdır. Məsələn, delimitasiya və demarkasiya işlərinin həll edilməsi üçün müştərək komissiya formalaşdırılmalıdır. Bununla yanaşı, mina xəritələrinin doğruluğu 25%-dir. Ermənistan bu işdə dəqiq davranmalı, Rusiya da məcburetmə mexanizmini gücləndirməlidir. Çünki bu iş vaxt və maliyyə itkisinə səbəb olur”.

Ekspert vurğulayıb ki, zamanlama baxımından dəyərləndirsək Türkiyə Prezidenti Ərdoğanın Qarabağa reallaşdırılan səfərindən, Füzuli hava limanının açılışı və Zəngəzur dəhlizinin təməlinin qoyulmasından sonra belə bir görüşün baş tutması Azərbaycan tərəfini bu görüşə daha da qətiyyətli, prinsipial və 11 yanvar Moskva görüşünə gedildiyi kimi üstün tərəf kimi getmək işinə mühüm təsir edən amildir: “Belə ki, cənab Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla çıxışları zamanı olduqca mühüm mesajlar verdilər. Dövlətimizin başçısının reallaşdırılan layihələrlə gələcəyə doğru baxaraq bir daha prinsipial mövqe tutduğunun şahidi olduq. Ərdoğan isə bütün bölgə üçün birlikdə qurulacaq firavan gələcəyi kiçik hesablara və daxili siyasətə qurban verməyin lazım olmadığını bildirdi. Çünki belə addımlar nəticədə onsuz da reallaşdırılacaq və baş tutacaq işlərin qarşısını almayacaq, sadəcə gecikdirərəcək ki, itirən qarşı tərəf olacaq. Ləngimə Ermənistanda onsuz da iflic vəziyyətdə olan sosial-iqtisadi durumu getdikcə pisləşdirəcək. Hər nə qədər yardım alsalar da daxili və xarici revanşist ünsürlərə uymaq ölkə iqtisadiyyatının özünün ayağa durmağa çalışmalı olduğunu reallığını ləngidəcək”.

Ş.Həsənova vurğulayıb ki, Rusiya prezidenti Vladimir Putinin Azərbaycanın Naxçıvanla normal əlaqələrinin qurulmasını, kommunikasiyaların açılmasını Ermənistanın qarşısında duran ən ümdə vəzifələrindən biri kimi müəyyənləşdirdiyini nəzərə alsaq, o zaman bu fakt və bütün sadalanan amillərlə birgə yüksək səviyyədə müzakirə edilməlidir. Dayanıqlı sülhün təmin olunması və möhkəmləndirilməsi, əlaqələrin normallaşması üçün indi hər zaman olduğundan daha böyük şanslar və zəmin var. Bölgədə yaradılan yeni reallıq nəzərə alınaraq mehriban qonşuluq münasibətlərinin əsası anlayışdan keçməlidir. Bu işdə də vasitəçilik Rusiyanın üzərindədir, düşünürəm ki, üçtərəfli görüş də Rusiyanın təşkilatçılığı vasitəsilə reallaşdırılmalıdır. Ermənistan hazırda yaranmış tarixi şansdan yararlana bilər, çünki başqa yolu yoxdur”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə