"Azərbaycanla güc dili ilə, diqtə dili ilə danışmaq mümkün deyil" - ŞƏRH EDİLDİ

“Artıq Azərbaycan 90-cı illərdəki Azərbaycan deyil. Dövlət başçısı elə bir güclü daxili və xarici siyasət həyata keçirir ki, Azərbaycana diqtə tonda və ümumiyyətlə hansı məsələlərinsə ona diqtə ilə təqdim olunması mümkün deyil”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.

Onun sözlərinə görə, artıq Azərbaycan bölgədə, hətta qitədə yeni reallıqlar yaradan güclü bir dövlətdir: “Bu kontekstdən baxanda Azərbaycan-İran münasibətləri artıq qeyd olunduğu kimi normal məcraya düşmək üzrədir. Biz bütün dövlətlərlə xoş, dostluq, strateji əməkdaşlıq formatında münasibətlərin qurulmasında maraqlıyıq. Azərbaycan-İran arasında baş vermiş insidentlər və problem mütləq olaraq İran tərəfindən yaradılmış bir məsələdir. Artıq Azərbaycanla yalnız strateji əlaqələrin qurulması, dost, qonşuluq əlaqələrin qurulması mümkündür. Biz heç bir dövlətlə problem yaşanmasında maraqlı deyilik. Hətta bizə yüz illərlə düşmən mövqedə olan torpaqlarımızı 30 ilə yaxın işğal edən bir ölkə ilə də hal-hazırda münasibətlərin normal məcraya düşməsində maraqlıyıq. İranın əvvəla Azərbaycanı öz fikri ilə kiçik göstərməyə çalışması əksinə İranın özünün ziyanına işlədi. Bütün dünya bilir ki, Azərbaycan güclü dövlətdir. Azərbaycan 21-ci əsrdə yeganə dövlətdir ki, işğal olunmuş torpaqlarını özü öz gücü ilə işğaldan azad etdi və beynəlxalq hüququ, beynəlxalq ədaləti özü bərpa etdi. Ona görə bu münasibətlər yalnız İranın özünün ziyanına işlədi. Həmin günlərdən sonra biz İran prezidentinin, xarici işlər nazirinin münasibətləri normallaşdırmağa cəhd edən fikirlərini eşitdik. Bunun digər alternativ yolu yoxdur. İran yalnız Azərbaycan ilə yaxın, qonşuluq, dostluq, strateji münasibətlər fonunda əlaqələrin qurulmasına maraqlı olmalıdır”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, artıq bütün dünya bilməlidir ki, Azərbaycan ilə güc dili ilə, diqtə dili ilə danışmaq mümkün deyil: “Cənab Prezidentin yeritdiyi siyasət Azərbaycanın milli maraqlarını öndə tutur. Azərbaycan Prezidenti bütün çıxışlarında, fikirlərində Azərbaycan xalqının mənafeyini və bizim milli maraqlarımızı onun üçün prioritet vəzifə olduğunu bəyan edir. Ona görə də bu gün Azərbaycan müstəqil siyasət yeridir. Dost ölkələrlə birlikdə yeni formatların yaradılmasını təşkil edir və biz bölgədə İranın da daxil olmağını istədiyimiz “3+3” formatını bu gün təqdim etmişik. İnanırıq ki, İran da bu formata qoşulacaq. Cənab Prezidentin söylədiyi kimi bu bölgələrimiz sözün əsl mənasında cənnətə çevriləcək. Bunun olması üçün, ümumilikdə hədəflərimizin baş tutması üçün bütün bu dövlətlərin hər birinin burada töhfəsi olmalıdır. Biz bölgədə hər zaman sülh və əmin-amalığın olması üçün çalışmalıyıq”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə