Qardaş Türkiyənin və Azərbaycanın hər zaman bir-birinin yanında olduğu dəfələrlə öz təsdiqini tapıb və bu gün də bütün dünyaya qardaşlıq nümunəsi göstərildiyi günün reallığıdır. Belə qardaşlıq nümunələrinin bütün dünya ötən əsrin əvvəllərində, erməni vandallarının bütün Azərbaycan ərazisindən qovulduğu zaman da şahidi olmuşdu, son zamanlar Türkənin mənəvi dəstəyi fonunda da şahidi oldu. İstər işğal dövründə diplomatik müstəvidə dəstək olsun, istər 44 günlük müharibə dönəmində Türkiyənin Azərbaycana mənəvi dəstək nümayiş etdirməsi, ölkəmizin haqq işi uğrunda mübarizəsinin müdafiə edilməsi olsun, istərsə də müharibə bitdikdən sonra ölkəmizin mövqeyinin müdafiəsi olsun, bütün istiqamətlərdə Türkiyə və Azərbaycan hər zaman qardaş olduğunu, bir millət iki dövlət prinsipinə saldiq qaldığını isbat edib və etməkdədir.
Bir zamanlar, daha dəqiq desək, işğal dövründə Türkiyənin iştirak etmədiyi beynəlxalq tədbirdə cənab Prezident İlham Əliyevin Türkiyəni müdafiə etdiyi də yaddaşlara yazılıb, qardaş ölkənin rəhbəri cənab Rəcəb Tayyib Ərdoğanın da hər çıxışında Azərbaycanın haqq işini dəstəklədiyi də unudulan deyil. Eyni zamanda torpaqlarımızın işğaldan azad olunması, tarixi ədalətin bərpası uğrunda gedən 44 günlük savaş dönəmində də bütün dünya ictimaiyyəti cənab Ərdoğanın ölkəmizi dəstəklədiyi barədə mesajlar da tarixə yazılıb və bu mesajlar bir çox mətləblərdən xəbər verir. Əvvəla, qardaş ölkənin dövlət başçısı Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu və olacağını bəyan edib, digər tərəfdən də ölkəmizə qarşı bundan sonra hərhansı bir haqsızlığın olacağı təqdirdə bunun da cavabsız qalmayacağı barədə xəbərdarlıq edilib, hansıki bu çox önəmlidir.
Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə birgə Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi, orada salınımış yeni infrastrukturla tanış olacağı, bununla yanaşı İranla sərhəddə minalardan təmizlənmiş ərazilərdə salınan əkin sahələrini gəzəcəyi barədə "Haber Global”ın baş yayın direktoru Tuba Atavın Azərbaycan səfərinin proqramı ilə bağlı sualını cavablandırarkən deyib. Bir sözlə, Türkiyənin dövlət başçısının Azərbaycana səfəri gözlənilir və bu görüş məhz Füzuli Hava Limanın açılışı ilə eyni vaxtda olacaq. Deməli, Türkiyə Prezidenti bununla da Azərbaycanın bütün layihələrini dəstəklədiyini diqqətə çatdırır. Bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılır ki, Azərbaycanın təkcə iqtisadi deyil, hava limanı da daxil olmaqla, hər sahədə layihələri Türkiyə tərəfindən dəstəklənir. Bu da öz növbəsində Azərbaycanın əleyhində olan qüvvələr üçün ciddi bir mesajdır və bununla hər biri öz hesabını götürmüş olur.
Türkiyənin dövlət başçısının eləcə də İranla sərhəddə, minalardan təmizlənmiş ərazilərdə salınan əkin sahələrini gəzəcəyinin onun səfərinin proqramına daxil edilməsi də təsadüfi deyil. Bu, heç şübhəsiz ki, məhz son zamanlar Azərbaycanla münasibətdə yanlış davranışlar nümayiş etdirən İrana da bir mesajdır və bu mesajın mahiyyəti zənnimizcə artıq bəllidir. Bəllidir ki, qardaş ölkənin dövlət başçısı həmin ərazilərdə, İranla sərhəd olan ərazilərdə cərəyan edən proseslərə də biganə qalınmayacağını bəyan edir və bu, təkcə İrana deyil, onun havadarlıq etdiyi Ermənistana da böyük bir mesajdır. Yəni, bu həm də o deməkdir ki, Ermənistan heç də İrana güvənib yanlışlıqlara yol verə biləcəyini ağlının ücundan belə keçirə bilməz və bölgədə Azərbaycanın yaratdığı mövcud reallıqları hər kəs qəbul etməlidir, bu reallıqları dəyişməyi mümkünsüzdür.
Cənab Ərdoğanın Naxçıvanla Azərbaycanın digər ərazilərini birləşdirəcək Zəngəzur dəhlizi barədə, bu dəhlizin açıqlamsı istiqamətində işlərin davam etdiyi haqda fikir bildirməsi də, İranla Azərbaycan arasında yaşanan son anlaşılmazlıqları şərh etməsi də, İranın İsraillə əlaqələr səbəbindən Azərbaycanı hədəf alacağını gözləmədiyini qeyd etməsi də təsadüfi deyil. Təsadüfi deyil ki, Türkiyə Prezidenti İranla Azərbaycan arasında hərbi qarşıdurmanın olacağına inanmadığını söyləyir və bunu şərh edərkən onun bir sıra diqqət çəkəcək məqamlara toxunması da əbəs yerə deyil. "İsrailin Azərbaycanla əlaqələrinə görə İran Azərbaycanı hədəf seçə bilməz. Çünki bu gün İranda yaşayan azərbaycanlılarının sayı göz qabağındadır. Bu, təbii ki, düşündürür. O qədər də asan deyil. Görülən işlər səhvdir. Düşünürəm ki, İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək", deyə vurğulayan dövlət başçısı əslində bununla İran tərəfinə çox böyük bir xatırlatma edib və ciddi bir mesaj verib. Daha dəqiq desək, İran tərəfinin öz ərazisində olan azərbaycanlıların sayı barədə düşünməsi xatırladılıb. Xatırladılıb ki, İranda azərbaycanlıların sayı əhəmiyyətli dərəcədədir və bu say çox böyük bir təsir imkanları deməkdir. “İranın yeni rəhbərliyi bu səhvi davam etdirməyəcək”, sözü də məhz o deməkdir ki, İran bilə-bilə, dərk edərəkdən öz daxilində hansısa təlatümə yol vermək kimi bir səhvi etməz. Yəni, bu sadəcə İranın səhvi olar, deməkdir.
Bəli, bu zamana qədər İran bir növ anlaşılmaz addımlar atdı və bu heç də normal qarşılanmadı. Xatırladaq ki, İranın sentyabr ayının 20-dən sonra, özü də ilk dəfə, Azərbaycanla sərhəddə Aslandüzdən başlayaraq İran Culfasına kimi geniş bir ərazidə hərbi təlimlərə başlaması Azərbaycana qarşı əzələ nümayişi kimi qiymətləndirilir. Bu hadisə Azərbaycan və İran arasında ciddi gərginliyin yaranmasına səbəb oldu və təsadüfi deyildi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev İranın atdığı bu addıma dərhal, özü də sərt reaksiya verdi, hansıki, ölkə rəhbəri bu barədə çıxışlarında da bildirib. Qanunsuz şəkildə Azərbaycan ərazilərindən keçməklə, yük avtomobilləri ilə ermənilərə yardım daşınmasından tutmuş, sərhəd ərazilərdə keçirilən təlimlərə qədər İranın addımları Azərbaycan tərəfindən sərt qarşılandı və nota verilməsi də bu baxımdan əbəs yerə deyildi, əksinə yerində və lazımlı, doğru-düzgün addım hesab olunur.
Əlbəttə ki, öz qardaşlıq mövqeyinə sadiq qalan Türkiyə İranın atdığı addıma cavab olaraq Türkiyə-İran sərhəddinə qoşun yığdı. Türkiyə PUA-ları Türkiyə-İran sərhəddində fasiləsiz uçuşlara başladılar. Bu adekvad addım İran üçün çox ciddi bir mesaj oldu. Əslində bu addımın nə demək olduğunu İran hər kəsdən daha yaxşı anladı. Bunun təfərrüatları barədə çox danışmaq olar. Amma, bircə onu diqqətə çatdırmaq yetər ki, İran bir anda necə deyərlər, öz qınına girdi və sanki, heç nə olmamış kimi susub durdu. Əslində bu hadisələr bir çoxlarına də dərs oldu. Dərs oldu ki, bölgədə hərhansı uyğunsuz addım qarşılanacaq və hansısa neqativ ciddi-cəhdlər yerindəcə böğulacaq, eyni ilə İranın timsalında olduğu kimi.
Başqa bir məqam, 29 sentyabr 2021-ci il tarixində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyanın Soçi şəhərinə səfər etməsi, orada Rusiya Prezidenti Vladimir Putinlə görüşü, bu görüş zamanı tərəflərin müzakirə etdiyi məsələlər sırasında Suriya ilə birgə Qarabağ məsələsinin də olması heç də diqqətdən yayınan deyil. Ərdoğanın Soçi səfərindən bir gün sonra onun Azərbaycana səfər edəcəyi və Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirak edəcəyi haqqında məlumatlar yayılmağa başladı ki, nə səfərlərin ardıcıllığı, nə də yayılan xəbərlər təsadüfi, səbəbsiz görünmür. Baş verən prosesləri ümumiləşdirərək belə qənaətə gəlmək olur ki, Türkiyə Prezidentinin səfərlərinin mahiyyəti çox böyükdür və bütün bunların pərdəarxası məqamları da kifayət qədər çoxdur.
Bilirik ki, istər region dövlətləri, istərsə də regionda marağı olan qüvvələr hansısa mənada Azərbaycanın artıq yeni reallıqlar yaratdığı regionda iştirak etmək, mövcudluğunu bərpa etmək arzusundadırlar. Belə bir fürsəti isə diqqətdən yayındırmaq niyyətində də deyillər. Amma, onlar yaxşı başa düşürlər ki, Türkiyə liderinin səfərlərinin hər biri, onların belə bir fürsətinin olmayacağını xatırladan ciddi mesaj xarakteri daşıyır. Cənab Ərdoğan əslində bununla, bu səfərləri ilə mesaj verir ki, Azərbaycan regionda tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Yəni, kimlərinsə xam xəyallara düşməməsi üçün vaxtında, zamanında, özü də çox böyük uzaqgörənliklə, ustalıqla, məharətlə verilən mesajlardır.
Bəli, hər kəs bilir ki, cənab Ərdoğanın Azərbaycana mütəmadi səfərlər etməsinin pərdəarxası məqamları var. Ola bilsin ki, bu məqamları barədə başqa yanaşmalar da ola bilər və kim bilir hələ bundan sönra daha nə kimi məqamlar da üzə çıxa bilər. Amma, hər bir halda bu pərdəarxası məqamların mərkəzində, kökündə Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlığı, dostluğu, əməkdaşlığı durur və yenə də, sonsuza qədər, bir millət iki dövlət prinsplərinə əsaslanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB