"Münasibətlərdə yumşalma meylləri alqışlanmalıdır" - ŞƏRH EDİLDİ

“Konstitusiyamızın 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurur. Bu mənada İran da istisna deyil. Cənub qonşumuz və 35 milyonluq soydaşımızın yaşadığı bir ölkə ilə dostluq və mehriban qonşuluq əlaqələri bizim üçün prioritetlərdən biridir”. Bu sözləri SİA-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, təəssüf ki, İranın bunu anlaması və Azərbaycanın güc və imkanlarını doğru qiymətləndirməsi üçün 30 il lazım oldu: “İran bu illər ərzində səhv yol tutdu, işğalı, təcavüzü, terroru dəstəklədi, bütün hallarda Azərbaycanın zəifləməsi üçün heç bir təşəbbüs və tədbirdən çəkinmədi. Lakin, Azərbaycanın 44 günlük müharibə ilə yaratdığı reallıq hər şeyi, o cümlədən güclər nisbətini də dəyişdirdi. Son 2 aylıq böhranlı dövr isə İrana Azərbaycan ilə tarazlı davranışın zəruri olduğunu başa saldı. Nəticədə, çox müsbət haldır ki, artıq münasibətləri gərginləşdirən problemlərin dialoqla çözülməsi üçün mühit yaranıb. Biz zatən ana qanunumuzun 9-cu maddəsində deyirik ki, beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibəni rədd edirik. Yəni, dialoq mühiti bizim ali məqsədlərimizə tam cavab verir”.

Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, biz bu gün artıq Tehranın əvvəlki aqressiv davranışlarının nisbətən azaldığının şahidi olmaqdayıq. Lakin, bir məsələni unutmamalıyıq ki, İranın əsl xisləti dəyişməzdir və bu gün yumşalan münasibət Tehranın məcburiyyət qarşısında atdığı addımdır. Lakin, istənilən halda münasibətlərdə yumşalma meylləri alqışlanmalıdır. Çünki bütün dünya xalqları ilə o cümlədən də İranla dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək bizim təməl niyyətlərimizdən biridir”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə