"Azərbaycanın qazandığı şanlı qələbədən şərəf və məmnunluq duyuruq" - Fəxrəddin Altun

İstanbul şəhərində Türk Şurasının mediaforumu öz işinə başlayıb. SİA bu barədə türk mətbuatına istinad edir.

"Bir il öncə Ermənistan Azərbaycana qarşı etnik, mədəni, siyasi və iqtisadi baxımdan növbəti dəfə hücuma keçmişdi. Biz qardaş Azərbaycanın 44 gün ərzində qazandığı şanlı qələbənin əldə olunmasında oynadığı roldan şərəf və məmnunluq duyuruq".

Bu fikirləri Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəisi Fəxrəddin Altun İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Türkiyə Vətən müharibəsi zamanı yalnız mənəvi-maddi varlığı ilə Azərbaycanın yanında olmayıb: "Biz müasir texnologiya əsrində Azərbaycana həm media dəstəyi, eyni zamanda, dezinformasiyaların yayılmasının qarşısının alınması istiqamətində də yardımçı olmuşuq. "Qarabağ Azərbaycandır!"

Qeyd edək ki, tədbir Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə "Köklü keçmiş, güclü gələcək" şüarı altında keçirilir.

Mediaforumda türk dünyasında media, serial və film sektorlarında əməkdaşlıqların inkişafı, sosial media və dezinformasiyaya qarşı birgə mübarizə yolları müzakirə ediləcək.

Tədbirdə Türk Şurasına üzv ölkələr - Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, müşahidəçi dövlət Macarıstanla yanaşı, Türkmənistan və Şimali Kipr Türk Respublikasından olan media nümayəndələri, akademiklər, dövlət qurumları və təşkilatlarının yüksəkvəzifəli şəxsləri, sosial media fenomenləri, universitet tələbələri iştirak edirlər.

Azərbaycan mediaforumda Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdirinin rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur. Nümayəndə heyətinin tərkibinə bir sıra dövlət rəsmiləri, elm ocaqları və media qurumların təmsilçiləri daxildirlər.

Tədbir çərçivəsində baş tutacaq "Birlikdən doğan Zəfər: Qarabağ" mövzulu paneldə Qarabağ Zəfəri ilə nəticələnən 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındaki güclü həmrəyliyin bütün türk dünyası ölkələri arasında da nümayiş olunmasının vacibliyi vurğulanacaq, bu ölkələr arasında bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Bundan əlavə, mediaforumda "Ortaq mədəni gələcək: Türk dünyasında serial və film sektoru", "Keçmişdən gələcəyə türk dünyası birliyi", "Türk dünyası olaraq gələcəyi qurmaq" kimi bir sıra mövzularda panellərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, mediaforum oktyabrın 24-dək davam edəcək.

Müəllif: Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə