"Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ

“Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri arasında keçirilən növbəti görüş 10 noyabr və 11 yanvar sazişlərini yerinə yetirmək istiqamətində növbəti bir addım oldu”. Bu sözləri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, görüşün nəticələri barəsində məlumat verilməsə də, hər halda görüşün keçirilməsi və növbəti görüş barəsində razılığa gəlinməsi və bu istiqamətdə müəyyən işlərin, nəticələrin artıq əldə edilməsindən danışmaq olar: “Azərbaycan öz tərəfindən bu sazişi yerinə yetirmək üçün bütün müvafiq addımları atıb. Eyni zamanda bu sazişlərin yerinə yetirilməsi Ermənistana hava, su kimi lazımdır. Açıq dənizə çıxışı olmayan, qonşu dövlətlərlə gərgin vəziyyətdə olan Ermənistana bu gün investisiya qoyan şirkətlər yoxdur. Bu gün Ermənistanın özü dünya bazarına rəqabət qabiliyyətinə malik məhsul çıxarda bilmir. Bunun qarşısını almaq üçün Ermənistan mütləq Zəngəzur dəhlizinin açılmasına birbaşa özü maraqlı olmalıdır. Bu istiqamətdə artıq Azərbaycan tərəfindən logistik xidmətlər yaradılır, dəmir yolları çəkilir. Ermənistan artıq şovinist əməllərindən əl çəkməlidir. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Azərbaycan və Ermənistan tərəfləri müəyyən bir müddətdən sonra artıq ikitərəfli görüşlərə keçməlidir. Bu baxımdan da Moskvada keçirilən görüşü gələcəkdə daha əhəmiyyətli görüşlərin başlanğıcı hesab etmək olar".

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə