“Müxalifət xalqın qəzəbindən qorxmalıdır” - AÇIQLAMA

“Nə yazıqlar ki, bizim cəmiyyətdə hələ də siyasi müxalifətçilik mədəniyyəti formalaşa bilmir. Mən bütün siyasi müxalifət partiyalarını nəzərdə tutmuram. Son vaxtlar Azərbaycanda iqtidar-müxalifət münasibətlərində yeni, sivil canlanma var və bu, bizi sevindirir. Ancaq arxiv iyi verən elə müxalif qurumlar var ki, onların yenilənməsinə, liderliyin dəyişilməsinə böyük ehtiyac var”. Bunu “Azadlıq Hərəkatçıları” Birliyinin sədri Təhmasib Novruzov “Səs” qəzetinə açıqlamasında deyib.

T.Novruzov bildirib ki, Əli Kərimli, Əli Əliyev və Cəmil Həsənli kimilər meydan təfəkkürlü, siyasəti bazar, biznes gözündə görən adamların bu gün özlərini siyasi müxalif kimi cəmiyyətin gözünə soxmağa çalışanlar, nəhayət, bu xalqın qəzəbindən qorxmalıdırlar: “Xaricdəki anti-Azərbaycan qüvvələrin gözündə daha radikal imici qazanmaq və daha çox maliyyə əldə etmək üçün vətəndaşı olduqları ölkəyə qarşı şər, böhtan, qarayaxma yarışına girmək müxalifətçilik deyil. Bunun bir adı var, nankorluq! Artıq cəmiyyət də onların iç üzünü görür və sözlərinin də insanlara hər hansı təsiri yoxdur. İndiki çətin dönəmdə, dünyanın güc mərkəzlərinin Azərbaycana müxtəlif istiqamətlərdən təzyiq etməyə çalışdıqları bir zamanda bu cür fəaliyyəti davam etdirməklə onlar düşmən dəyirmanına su tökməyə çalışırlar ki, bunu da dəmir yumruq kimi möhkəmlənmiş cəmiyyət yaxşı görür. Məncə, bu siyasət dəllallarının Vətənin, millətin taleyini beynəlxalq bazara çıxarmaq cəhdlərinə qarşı qanunun bütün gücündən istifadə edilməlidir. Bu dövlət, bu Vətən heç kimin deyil, ölkənin vətəndaşı olan hər kəsindi. Hər kəs də onun taleyi üçün məsuliyyət daşımalıdır. Bu məsuliyyəti saya salmayanlara yerləri göstərilməlidir. Əminəm ki, xalq onlara yerlərini göstərəcək, necə ki, 28 ildir göstərir!”

Gülyanə

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə