İnsanların pənah yeri, ümid çırağı: Sizin MEHRİBAN TƏHLİL

Mehriban xanım Əliyeva: "Biz sizin xoş münasibətinizi daim hiss edirik və məhz sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir"

Milyonlarla insanın məhəbbətini qazanan, onların ümid və pənah yerinə çevrilən, ən çətin anlarında yanında olmaq mərhəmətin və xeyirxahlığın ən yüksək nöqtəsidir. Qayğı, ehtiram, alicənablıq, təvazökarlıq kimi keyfiyyətlər insana ucalıq gətirərək, özü də hiss etmədən onu ali dəyərlərin daşıyıcısına çevirir. Sosial müdafiəyə ehtiyacı olan insanların maddi durumunun yaxşılaşdırılması, fiziki cəhətdən zəif, qüsurlu olan uşaqlara, yaşlı və kimsəsiz insanlara maddi və mənəvi dayaq olmaq həssas münasibətdən, qayğıkeş qəlbdən qaynaqlanır. Bu və digər ali dəyərləri ilə insanların doğması tək qəbul etdiyi Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva qazandığı nüfuzu ilə Onu sevənlərlə özü arasında mənəvi körpü salıb. Böyük və məsuliyyətli missiyanın daşıyıcısı olmaq yükünü üzərinə götürən Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti Onu həyat missiyasından, məramından uzaq salmır. Əksinə, genişmiqyaslı layihələri ilə məsuliyyət hissini daha da artırır. Ən çətin anlarda, kədərli, hüznlü günlərdə, eləcə də xalqımızın sevincli, iftixarlı zamanlarında insanların yanında olaraq, onlarla öz fikirlərini bölüşmək əlbəttə ki, Mehriban xanım Əliyevaya ucalıq gətirir. Paylaşımlarında "Sizin MEHRİBAN" yazması da əbəs deyil. Əlbəttə ki, bu, qarşılıqlı bir münasibətdən yaranmış ifadədir. Neçə illərdir ki, ağır və məsuliyyətli yükü çiyinlərinə götürərək yoluna davam edir. "Biz sizin xoş münasibətinizi daim hiss edirik və məhz sizin sevginiz bizim ən böyük güc və ilham mənbəyimizdir", - deyir Mehriban xanım Əliyeva.

ŞƏHİD ANALARININ KƏDƏRİNİ BİR ANA KİMİ YAŞADI

Son vaxtlar Azərbaycanın işğaldan azad olunan ərazilərinə Azərbaycan Prezidenti İlham Əliyevlə birgə səfərlərindən tarixi və əzəli torpaqlarımızla bağlı etdiyi paylaşımları hər kəsdə maraq oyadır. Belə ki, özünün "İnstaqram"dakı rəsmi hesabında Kəlbəcər və Laçın rayonlarından paylaşımlar edərək belə yazıb: "İşğaldan azad olunmuş rayonlarımıza səfərlərimiz davam edir. Bu gün biz Kəlbəcər və Laçın rayonlarında olduq. Böyük məmnuniyyətlə səfərimizin görüntülərini sizinlə paylaşıram", - yazaraq dərin hörmət və sevgilərlə, Sizin MEHRİBAN ifadəsini işlətməsi həqiqətən də onun saysız insanların qəlbində yer aldığının təzahürüdür. Hər bir insanın qəlbində böyük mərhəmət işığını yandırıb. Əlbəttə ki, Sizin MEHRİBAN əbəs yerə işlədilmiş ifadə deyil. Son illərin tarixi gerçəkliklərinə nəzər salsaq görərik ki, O, həqiqətən də xalqla birgə yaşayır. Vətən müharibəsi dövründə bunun bir daha şahidinə çevrildik. "Azərbaycan xalqı öz Prezidentinə inanır və əmindir ki, Prezident nəyi necə, nə vaxt etmək lazım olduğunu bilir", - deyən Mehriban Əliyeva bildirib ki, buna görə də biz bütün hərəkətlərimizdə və fəaliyyətimizdə həmişəkindən daha çox həmrəyik: "Şübhəsiz, bizim əsgərlərimiz bu dəstəyi hiss edirlər. Bilirlər ki, onların arxasında bütün Azərbaycan xalqı dayanır".

Mehriban xanım Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ömür-gün yoldaşı olmaqla yanaşı, onun məslək yoldaşı və silahdaşıdır. Hər zaman bərabər addımlayan ehtibarlı silahdaş. Qarabağ torpaqlarının erməni işğalından azad olunması yolunda 44 günlük müharibədə Mehriban Əliyeva hər qələbə sevincini xalq ilə birgə yaşadı. Şəhid analarının kədərini bir ana kimi yaşadı, şəhid anaların yanında oldu, onlara təsəlli verdi. Qazilərimizə mərhəmət əlini uzatdı. "Sizin MEHRİBAN" istənilən bir vəziyyətdə yanınızda oldu. Müsahibələrinin birində belə deyir: "Mənim tapşırığımla Heydər Əliyev Fondu həlak olanların ailələrinə lazımi kömək göstərir. Yaralı əsgərlərin sağalması və normal həyata qayıtması üçün nə mümkündürsə, edilir. Bu gün bizim bütün yaralı əsgər və zabitlər tezliklə ayağa qalxmaq və Vətən uğrunda ədalətli mübarizəni davam etdirmək üçün yenidən döyüş əməliyyatları zonasına yola düşmək istəyirlər. Budur, Azərbaycan xalqının ruh yüksəkliyi və vətənpərvərliyi".

"GÜNAHSIZ İNSANLARIN ÖLÜMÜNƏ GÖRƏ BÜTÜN MƏSULİYYƏT ERMƏNİSTANIN HƏRBİ-SİYASİ RƏHBƏRLİYİNİN ÜZƏRİNƏ DÜŞÜR"

Həssas qəlbi, iradəsi ilə bütün hadisələrə münasibətində onun xalqa sevgisini, məhəbbətini görürük. Azərbaycan həqiqətlərinə laqeyd qalmır. Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni diversantları tərəfindən basdırılan tank əleyhinə minanın partlaması nəticəsində Azərbaycan yenidən erməni terrorunun acı nəticələrini yaşamış oldu. Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov, habelə rayon icra hakimiyyətinin nümayəndəsi Arif Əliyevin həlak olması, daha 4 nəfərin yaralanması erməni faşist ideolgiyasının daha bir göstəricisi oldu. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəsmi "İnstaqram" səhifəsində Kəlbəcərdə azərbaycanlı dinc mülki şəxslərin mina partlaması nəticəsində həlak olması ilə bağlı etdiyi paylaşımda qeyd edirdi: "Müharibə başa çatdıqdan sonra azad olunmuş ərazilərdə 140 nəfərdən çox insan erməni işğalçılar tərəfindən quraşdırılmış minalara düşüb. Onlardan 27-si həlak olub. Günahsız insanların ölümünə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Azərbaycan tərəfinin mina xəritələrinin təqdim edilməsi ilə bağlı çoxsaylı çağırışlarına baxmayaraq, Ermənistan bundan imtina edir və bununla da beynəlxalq humanitar hüququ pozmağa və Azərbaycana qarşı terror siyasəti həyata keçirməyə davam edir".

"ƏN BÖYÜK ARZUM QARABAĞ ŞİKƏSTƏSİNİ QARABAĞDA DİNLƏMƏKDİR"

Artıq Heydər Əliyev Fondu qədim Qarabağ torpağında dini abidələrimizin, məscidlərimizin bərpası üzrə layihəyə başlayıb. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəsmi "Instagram" səhifəsindəki paylaşımında qeyd edirdi: "Layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçiriləcəkdir… Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçələcək və bütün Qarabağ ərazisindəki məscidlərimizdə azan səsləri eşidiləcək, dualar oxunacaqdır!"

44 günlük müharibəni Zəfərlə başa vuran Azərbaycanda reallaşacaq layihələrə Mehriban Əliyeva öz töhfəsini verir. Möhtəşəm "Xarı Bülbül" festivalına rəhbərlik etməsi bütün dünyaya səs saldı. 30 ildən sonra "Qarabağ şikəstəsi" Cıdır düzündə səsləndirildi. Xatırladaq ki, 2019-cu ildə məcburi köçkünlərlə Heydər Əliyev Mərkəzində ad gününü keçirərkən, " Bizim vahid arzumuz Qarabağ şikəstəsini Qarabağ torpağında birlikdə eşitməkdir. Mən əminəm ki, Prezidentimizin, dövlətimizin qəti siyasəti və mövqeyi, Allahın köməyi ilə biz buna nail olacağıq"- deyə bildirmişdir. Xoş niyyət Ona xoşbəxt anları yaşatdı. Artıq Heydər Əliyev Fondu tərəfindən dini-tarixi abidələrin bərpasına başlanılıb.

"BİZ BİRLİKDƏ VƏTƏNİMİZİ BU XƏSTƏLİYİN TƏHLÜKƏLİ SURƏTDƏ YAYILMASINDAN QORUYA BİLDİK"

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva dünyanın qlobal çağırışla üz-üzə qaldığı zamanda belə xalqla həmrəylik nümayiş etdirdi və bu gün də belədir. Dünyanın belə riskə hazır olmadığını yazan Mehriban xanım Əliyeva bildirirdi ki, hətta səhiyyə sahəsində büdcələri milyardlarla ölçülən, nəhəng elmi-intellektual potensiala, qabaqcıl texnologiyalara malik ən inkişaf etmiş ölkələrin belə epidemiyanın yayılmasının qarşısını ala bilmədilər. Verdiyi müsahibələrin birində isə belə deyirdi: "Ekspertlərin fikrincə, bizim ölkəmiz epidemiyanın ilk və olduqca təhlükəli mərhələsini ən az sayda itki ilə başa vurmuş dövlətlər sırasındadır. Biz epidemiya ilə mübarizənin bütün aspektlərini koordinasiya edən peşəkar komanda yaratmağa, zəruri texniki və insan resurslarını birləşdirməyə müvəffəq olduq. Tətbiq edilmiş karantin tədbirləri koronavirusun yayılma sürətini azaltmağa kömək etdi. Biz birlikdə Vətənimizi bu xəstəliyin təhlükəli surətdə yayılmasından qoruya bildik." İnam hissi də güclüdür Mehriban Əliyevada: "İnanıram və ümid edirəm ki, ümumi səylərimiz mütləq nəticə verəcək. Bəşəriyyət bu çağırışın öhdəsindən gələcək və daha da güclənəcək. Həmçinin ümid edirəm ki, biz sadə həqiqətlər barədə düşünüb onları yenidən dərk etməyə çalışacağıq. Biz biri-birimizdən fərqliyik, amma evimiz birdir. Özgə dərd olmur. Ağrı və iztirablar sərhəd tanımır".

Mehriban Əliyeva bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırış etdi: "Hamınızdan xahiş edirəm, öz böyüklərinizi qoruyun! Virusa yoluxmuş insanların mütləq əksəriyyətində xəstəlik yüngül formada keçir və sağalma ilə nəticələnir. Daha çox yaşlı nəslin nümayəndələri, xroniki xəstəliklərdən əziyyət çəkənlər, immuniteti zəif olanlar xüsusi risk qrupuna aiddir. Biz, azərbaycanlılar həmişə böyüklərimizə xüsusi qayğı və hörmətlə yanaşmışıq, onları həssaslıqla qorumuşuq. Əminəm ki, üzləşdiyimiz bu vəziyyətdə biz daha diqqətli olacağıq". Sonda isə Mehriban xanım Əliyeva belə yazır: "Əminəm ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri - ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik... Hər birinizə dualar və sevgi ilə, Sizin MEHRİBAN". Bu isti və səmimi münasibətləri Onu insanlara daha da yaxınlaşdırıb. Azərbaycan xalqına mənəvi dəstəyini heç zaman əsirgəməyib. Bu gün də belədir. İnsanların pənah yeri, ümid çırağı olan Bizim MEHRİBAN.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə