18 Oktyabr Müstəqilliyin bərpası Günü ilə bağlı tədbir keçirilib - FOTOLAR

18 oktyabr 2021-ci il tarixində YAP Nərimanov rayon təşkilatı Odlar Yurdu Universitetinin birgə təşkilatçılığı ilə Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirib. SİA-nın məlumatına görə, tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, universitetin rəhbər heyəti və gənclər iştirak etmişdir. Qonaqlar ilk öncə Ümumilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ehtiramını bildirib.

SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev qeyd edib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. SSRİ-nin süqutu dövründə yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlanıb. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmət göstərməsi barədə auditoriyaya geniş məlumat verən S. Vəliyev çıxışının sonunda tədbir iştirakçılarına təşəkkürlərini bildirib.

Tədbirdə çıxış edən Nərimanov rayon icra başçısı Abdin Fərzəliyev 1918-ci ildə yaranan Azərbaycan Demokratik Respublikasının cəmi 23 ay yaşadığını və bu müstəqilliyi ölkəmizin 1991-ci ilin 18 oktyabr tarixində yenidən bərpa etdiyini bildirib. Müstəqilliyin ilk illərinin gənc suveren bir ölkə üçün asan olmadığını və Azərbaycanın böyük çətinliklərlə üzləşdiyini, bir tərəfdən Ermənistanın hərbi təcavüzünün davam etdiyini, digər tərəfdən ölkədə iqtisadiyyatın iflic vəziyyətə düşdüyünü və daxili sabitliyin pozulduğunu, eləcə də Azərbaycan dövlətçiliyi üçün konkret təhdidlər və risklərin olduğunu qeyd edən A.Fərzəliyev məhz o çətin dövrdə Azərbaycan xalqının tələbi ilə ulu öndər Heydər Əliyevin Azərbaycana qayıtdığını və 1993-cü ildə hakimiyyətə gəldiyini diqqətə çatdırıb. Heydər Əliyevin xaos və anarxiyanı, iqtisadi, siyasi, mənəvi və psixoloji gərginliyi aradan qaldırdığını və bununla da müstəqil Azərbaycanın yeni inkişaf yoluna imza atdığını vurğulayaraq, ulu öndərin apardığı uzaqgörən siyasət nəticəsində Azərbaycanın müstəqilliyinin əbədi və sarsılmaz olduğunu rayon icra başçısı diqqətə çatdırıb.

Tədbirin davamında çıxış edən Milli Məclisin deputatı Hikmət Babaoğlu yaxın zamanda cənab prezidentin təklifi ilə Milli Məclisdə müzakirə olunan Müstəqillik gününün, “Müstəqilliyin Bərpası Günü” kimi qeyd olunması qərarının hansı tarixi faktlara əsaslanaraq qəbul edildiyini auditoriyanın diqqətinə aydın şəkildə çatdırıb.

Sonda tədbirdə Odlar Yurdu Universiteti tələbələrinin Azərbaycanın müstəqilliyinin bərpası gününə həsr edilmiş şeirləri, milli ruhda səslənən musiqiləri dinlənilmiş, Cəfər Cabbarlının “Od gəlini” pyesindən səhnəcik təqdim edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...