"Ərdoğanın səfəri bölgə dövlətlərinə bir mesajdır" - DEPUTAT MÖVQE BİLDİRDİ

"Qarabağın azad olunmasının 1 illiyi ərəfəsində Füzuli şəhərində Beynəlxalq Hava Limanının fəaliyyətə başlaması çox böyük uğurdur. Bu cənab Prezidentin rəhbərliyi altında Azərbaycan xalqının böyük bir uğuru və müvəffəqiyyətidir. Eyni zamanda dünya birliyinə, beynəlxalq ictimaiyyətə, yaxın və uzaq qonşularımıza da bir mesajdır ki, Azərbaycanın niyyəti bundan sonra sülh, əməkdaşlıq, əmin-amanlıq, dağıdılmış bölgələrimizin bərpası, abadlaşdırılması olacaq". Bunları SİA-ya açıqlamasında deputat Musa Quliyev deyib.

Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılış tədbirində iştirak etməsi bu tədbirə əlavə bir stimul verir, zəfər qatır, gücümüzə güc, sevincimizə sevinc gətirir. Şuşada da Ərdoğanın iştirak etməsi, Şuşa bəyannaməsinin qəbul olunması, bundan başqa bizim Qələbə Paradımızda iştirak etməsi və bütövlükdə, həm 44 günlük müharibə dövründə, həm də qələbədən sonrakı bu bir ilə yaxın müddətdə bütövlükdə Türkiyə dövləti və Türkiyə ictimaiyyətinin həmişə Azərbaycan dövlətinin, Prezidentimizin və Azərbaycan xalqının yanında olduğunun bariz nümunəsidir.

Bu haqda Musa Quliyev fikrini belə izah edib: "Bizim işlərimizə həmişə mənəvi, siyasi, qardaş dəstəyini veriblər. Cənab Ərdoğanın burada iştirak etməsi həm də bölgə dövlətlərinə bir mesajdır ki, siz də burada ola bilərsiniz, bizlə bir yerdə ola bilərsiz, bizim məqsədimiz bölgəyə daimi, davamlı sülhü gətirməkdir, inkişafı gətirməkdir və əməkdaşlığımızı hər kəs üçün daha da əlverişli və faydalı etməkdir. Bəli, inşallah bu hava limanı açılacaq. Bundan başqa digər hava limanları da işə düşəcəkdir. Zəngəzur dəhlizi də açılacaq və Azərbaycanın dostu, qardaşı Rəcəb Tayyib Ərdoğan buradakı tədbirlərin hamısında iştirak edəcək.

Bu tədbirin digər əlamətdar tərəfi ondan ibarətdir ki, Azərbaycanın müstəqilliyinin 30 illiyinin keçiriləcəyi bir vaxta düşür. Bu da Azərbaycan dövlətinin 30 il ərzində haradan-hara inkişaf yolunu keçdiyinin əyani nümunəsidir. 30 il bundan öncə biz istiqlalımızı əldə etsək də, istiqlaliyyətin dadını, tamını, ləzzətini tam dada bilməmişdik. Çünki torpaqlarımız işğal altındaydı. Ərazi bütövlüyümüz təmin olunmamışdı. Azərbaycan bayrağı hər yerdə dalğalanmırdı. Bu gün Allaha şükürlər olsun ki, 44 günlük Zəfər savaşında Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqı öz tarixi arzusunu reallaşdırdı, yerinə yetirdi. Torpaqlar işğaldan azad edildi. Bundan sonrakı dövr Türkiyə və Azərbaycan aracılığı ilə bögədə sülh, əmin-amanlıq və əməkdaşlıq dövrü olacaq".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə