Qarabağda toqquşan maraqlar: İran kim, Fransa kim?

Münaqişə tərəflərinə qalsa problemi çoxdan həll etmişdilər, amma kənar qüvvələr hər addımda buna maneə törədirlər. Regionu öz təsir qüvvəsində saxlamaq istəyində olan güclərdən tutmuş silah alverçilərinə qədər, hər kəs iki dövlət, iki xalq arasında münasibətləri maksimum şəkildə, geriyə dönüşü olmayacaq həddə çatdırmağa çalışırlar. Qarabağda, Liviyada, Suriyada, Ukraynada, İraqda, Kəşmirdə, Fələstində, Balkanlarda, Orta Asiyada, KNDR-Koreya sərhədində, Aralıq, Qara və Xəzər dənizlərində, Əfqanıstanda baş verən qarşıdurmaların iştirakçıları “bəsdir” deyib, masaya oturmaq istəsələr də üçüncü, dördüncü, beşinci qüvvələr buna qəti şəkildə imkan vermirlər...

Sən demə, Liviyada bizim təsəvvür edəcəyimiz, sovet adamlarının hər an arzuladığı kommünizm qurulubmuş. Bunu liviyalılar yalnız Fransanın rəhbərliyi və bilavasitə iştirakı ilə başladılan hərbi təcavüzdən bir neçə il keçəndən, Qəddafi öldürüləndən, ölkə xarabazara çevriləndən, əhali ac-yalavac gününə düşəndən sonra anladılar. Ölkə 100 il geriyə düşdü. Liviyanın yeraltı sərvətlərini yenidən bölüşdürənlər “hər şey bitdi” desələr də, görünənlər bunu əks etdirmir. Fransanın timsalında bu ölkəyə transfer olunan demokratiya küləyi 80 faizi səhradan ibarət olan Liviyada əsl fırtına qopartdı, hər şeyi vurub dağıtdı, milyonlarla insanın hüquqlarını tapdaladı, onların ən ümdə yaşamaq, ölkənin var-dövlətindən pay əldə etmək haqlarının üstündən xətt çəkdi. Beynəlxalq ictimaiyyət isə həmişə olduğu kimi susmağa üstünlük verdi və indi də bu münasibət davam edir. Kimsə Fransadan etdiklərinin hesabını soruşmaq üçün cəhd də etmək istəmir. Bir sözlə, avropalıların Femidası gözünü belə məsələlərə birdəfəlik bağlayıb. Əks halda Əlcəzairdə törətdiyi soyqırımına görə yalnız əlcəzairlilərin etirazına tuş gələn Fransa XXI əsrdə də cinayətlərini davam etdirməzdi. Paris əlcəzairlilərin soyqırımına görə beynəlxalq məhkəməyə çəkilmədiyi üçün belə qudurub. Hansı dövlətlə nə sayaq istəyir elə də rəftar edir.

Fransanın əlinin Qafqaza qədər də uzanmasının tarixcəsi də “Dağlıq Qarabağ” münaqişəsi ilə başlayır, desək səhv etmərik. BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biri olan Fransa əslində hərbi-siyasi ilmələrini bizim bölgəyə çoxdan atıb. Osmanlı imperiyasının parçalanması, Yaxın Şərqin bölüşdürülməsi kimi proseslərin sırasında, Qafqazı, xüsusən də Azərbaycanın qarmağa keçirilməsi kimi irtica siyasətin önündə məhz Fransa gedirdi. SSRİ-nin dağılmasından iştahlanan Fransa Rusiyanı regiondan vurub çıxarmaq üçün ən çirkin gedişlərə imza atdı. Bu işdə ABŞ-ı da arxasına aldı, tarixən qəyyumluğunu etdiyi Ermənistan kimi qondarma dövlətin işğalçılıq əməllərinə dəstək oldu. Özü ortada görünməsə də ermənilərin Qarabağda törətdiyi qətliamların rejissorluğunu etdi. Beynəlxalq tribunalarda Ermənistanın törətdiklərinə müxtəlif don geydirmək də Fransanın dizaynı ilə baş tutdu. Azərbaycanın xeyrinə çıxarılan qərarların həyata keçməsinə veto qoyan da rəsmi Paris oldu. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yada salaq, sonradan yaradılacaq Minsk qrupunun həmsədrləri olacaq ABŞ, Fransa və Rusiya bu qətnamələrə imza atsalar da, onun icrasına Fransanın Liviyaya tələsik hücumunu təmin edən BMT qətnaməsi kimi həvəs göstərmədilər. 27 il bu qətnamələr kağız üzərində qaldı...

Tarixə ekskurs etməyimiz səbəbsiz deyil. Bununla Fransanın əsl simasını qismən açıb göstərmək istədik. Və düşünürük ki, bu ifşa ilə rəsmi Parisin Minsk qrupunun həmsədri kimi fəaliyyətinə qiymət verilsin. Ədalətsiz davranışları ilə tarixdə iz buraxan ölkənin Qafqazda ədalət axtarışına çıxması müəmmalı, daha çox şübhəli görünür. Və həmin şübhə Fransanın hazırda yürütdüyü siyasətdə də öz təsdiqini tapır.

Azərbaycan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini 27 ildən sonra öz gücünə, xalqın iradəsinə, Ali Baş Komandanının qətiyyətinə və ən əsası beynəlxalq normalara söykənərək 44 günə həll etdi. Bu illər ərzində yüzlərlə həm ikitərəfli, həm də çoxtərəfli görüşlər, minlərlə konfranslar keçirildi. Ermənistanın Azərbaycanın BMT tərəfindən tanınmış ərazilərinin işğal etməsini Fransa kimi ölkələrə qandıra bilmədik. Daha doğrusu siyasi dildə apardığımız söhbətlər bəhrə vermədi. Bir sözlə, meydan dəyişdi, diplomatlar hərbçilərlə əvəz olundu.
Məsələnin əsas tərəfi isə budur ki, 30 ildən artıq davam edən bu münaqişədə ermənilərin və onların arxasında duran qüvvələrin “öz müqəddəratını təyin etmə hüququ” adlandırdıqları və beynəlxalq tribunalarda haray-həşir saldıqları təzyiq üsulu, Qarabağı Azərbaycandan qoparmaq iddiası həyata keçmədi. Çünki, masada olan sənədlər reallıqdan uzaq, subyektivlikdən doğan adi kağız parçaları idi. Azərbaycan isə hər kəslə hüquqi dildə, sənədlər əsasında, beynəlxalq qanunlar çərçivəsində söhbətlər aparır, Ermənistanın başlatdığı təcavüzkar, işğalçı siyasətin kökündən səhv olduğunu deyirdi. Sonradan məlum olacaqdı ki, sən demə ATƏT-in Minsk qrupunun həmsədrlik institutunun təşkilatçılığı altında aparılan danışıqlarda qarşı tərəf(lər) Azərbaycana öncə “öz müqəddəratını təyin etmə hüququ”nu tanımağı, “ərazi bütövlüyü” məsələsini isə yumşaq dillə desək, unutmağı “məsləhət” görürmüşlər.

Müharibə artıq Azərbaycanın qələbəsi ilə başa çatıb. Rusiya sülhməramlıları isə birgəyaşayış təmin olunana, Azərbaycan istəyənə qədər bölgədə qalacaqlar. Azərbaycan 3 ölkə arasında bağlanmış bəyanata uyğun olaraq Zəngəzur dəhlizinin açılması üçün həm siyasi, həm iqtisadi addımlarını sürətləndirməkdədir. Ermənistanda da reallıqla barışanların sayı günbəgün artır. Paşinyanın “Qarabağ bizim boynumuzdan asılan ağır yükdür” ifadəsini anlayan və onunla razılaşan ermənilər addımlarını real mənzərəyə uyğun atmağa başlayıblar. Düşünürük ki, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasından sonra isə bölgəyə uzunmüddətli sülh gələcək. Amma...

İstər-istəməz yuxarıda dediyimiz fikirlərə yenidən qayıtmalı oluruq. Əgər məsələnin həll edilməsi münaqişə tərəfinin öhdəsinə buraxılsa onu həll etmək asan olardı. Bölgənin inkişafında yox, münaqişənin davam etməsində maraqlı olan qüvvələr isə fərqli düşünür. Fransa, ABŞ və son vaxtlar özünü regional güc kimi beynəlxalq ictimaiyyətə sırımağa çalışan, lakin Qərbin uzunmüddətli sanksiyalarından yorulub əldən düşmüş cənub qonşumuz İran Ermənistan-Azərbaycan münasibətlərini öz çıxarlarına uyğun yönləndirməyə çalışır. Qərb dövlətlərinin mərəzi bəllidir, idarə olunmayanı ram etmək və bunu da münaqişə tərəflərindən biri vasitəsilə həyata keçirmək. Bu da alınmayanda prosesə İranın timsalında növbəti oyunçunu qoşmaq. İran da bilməmiş deyil ki, 208 il bundan əvvəl fars rejimi Qafqaza tərəf boylanmasın deyə Rusiya tərəsindən “axtalanıb”. Bir sözlə, əgər Tehran belə bir həvəsə düşmək istəsə öncə Rusiya ilə masaya oturmalı olacaq, necə ki, bunu 3 gün əvvəl İranın XİN başçısı Moskvada sınaqdan keçirmək istədi. Amma alınmadı.

Dünən isə bəlli oldu ki, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova zəng edib. Telefon danışığı zamanı iki ölkə arasında münasibətlərin son vəziyyəti müzakirə edilib. Tərəflərin söhbətində ölkələrin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı hörmətin vacibliyi vurğulanıb. İran XİN rəhbəri Bakı və Tehran arasında uzunmüddətli və dayanıqlı münasibətlərin olduğunu bildirib. Hüseyn Əmir Abdullahiyan iki ölkə arasında münasibətlərdə anlaşılmazlığın qarşısının alınmalı olduğunu, əlaqələrin güclənən və artan istiqamətdə davam etməsinin vacibliyini qeyd edib. O bildirib ki, Tehran nəqliyyat tranzitində olan problemlərin tezliklə həll olunacağına ümid edir.

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov da Azərbaycan və İran arasında dost münasibətlərin olduğunu iranlı həmkarının diqqətinə çatdırıb və əlavə edib ki, qonşu ölkələrlə dost münasibətlər Azərbaycan üçün prioritetdir. C.Bayramov məsələlərin dialoq yolu ilə səmimi atmosferdə həllinin vacibliyini qeyd edib. Deməli, İranın əndişəsi, çifayda...

Bu gün isə hindistanlı həmkarı ilə görüşündə Ermənistanın XİN başçısı Mirzoyan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşəcəyi ilə bağlı açıqlama verib. Moskvada da din xadimləri arasında görüş keçirilib.

Beləliklə, tərəflər hər ideyanı, fikri, hətta münaqişəni masa arxasında, danışıqlar yolu ilə həll edə bilərlər. Amma badalaq vuranlar olmasa...

V.VƏLİYEV

Bütün xəbərlər Facebook səhifəmizdə