"Dövlət siyasətimiz bölgədə təhlükəsizlik və sülhə xidmət edir" - DEPUTAT ŞƏRH ETDİ

"Dövlət siyasətimiz bölgədə təhlükəsizlik və sülhə xidmət edir" - DEPUTAT ŞƏRH ETDİ

“Azərbaycanın zəfər qazandıqdan sonra atmış olduğu uğurlu addımlar dostları sevindirir, düşmənləri də çox ciddi narahat edir. Bununla bağlı son dövlərdə cərəyan edən hadisələrin hər birimiz şahidiyik. Həm İran sərhəddində baş verənlər, həm Azərbaycanın öz haqqını müdafiə edərək öz torpaqlarından tranzit olaraq keçən nəqliyyat vasitələrinə gömrük rüsumu tətbiq etməsi və s. kimi bir sıra məsələlərlə yanaşı cənab Prezidentin son Hadrut səfəri çərçivəsində vermiş olduğu mesajlar da çox vacibdir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən deyib.

Deputat qeyd edib ki, Hadrut Xocavənd rayonunun önəmli bir mərkəzidir və keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti dövründə ayrıca bir rayon olub: “Hazırda Xocavəndin bir hissəsi sülhməramlıların nəzarətində olan ərazidir. Yəni, cənab Prezidentin Hadruta səfəri və "Mən hələ Hadrutun baş planını bəyənməmişəm. Tapşırıq verdim ki, yenidən üzərində işləsinlər" fikri də özlüyündə xüsusi əhəmiyyət kəsb edir. Hadrutun özünəməxsus bir xüsusiyyəti var. Hadrutun inkişaf etdirilməsi ilə gələcəkdə erməni əhalidə Azərbaycan vətəndaşlığını qəbul etməsi istəyi yaradacaq. Onlar hazırda hansı şəraitdə yaşayırlar bu hər kəsə bəllidir. Qonşu kənddə bu cür inkişafı görən şəxs əlbəttə ki, mağara həyatına davam etmək istəməyəcək. Cənab Prezidentin düşünülmüş siyasəti ilə bu prosesi həyata keçirməsi mülki əhalinin könüllü sürətdə Azərbaycan vətəndaşlığını qəbul etmək istəyinə gətirib çıxaracaq”.

R.Həsən vurğulayıb ki, cənab Prezidentin dediyi tarixi "Mən nəyi, necə və nə zaman edəcəyimi çox gözəl bilirəm" kəlamı təsadüfi bir kəlam deyil: “Ölkə rəhbərimiz hər şeyi ən incə detalına qədər düşünərək edir. Həm Hadrut, həm də digər rayonlara səfəri zamanı cənab Prezidentin bölgə ilə bağlı mesajlar verməsi heç də təsadüfi deyil. Bizə dost əli uzadana biz də dost əli uzatmağa hazırıq. Biz bölgədə sülh, barış, təhlükəsizlik istəyirik. Biz torpaqlarımızda Azərbaycan qanunlarına boyun əyməsi şərtilə bütün xalqların yaşamasına şərait yaradırıq. Ölkəmizin daxili və xarici siyasətində müstəqil siyasət yeridirik və heç bir ölkənin forpostu deyilik. Özümüzün milli maraqlarımıza xidmət edən siyasətimiz bu gün bölgədə təhlükəsizlik və sülhə xidmət edir”.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə