“Revanşist qüvvələr narazıdırlar və hədəf olaraq Paşinyanı göstərirlər” -SİYASİ ŞƏRHÇİ AÇIQLADI

“Revanşist qüvvələr narazıdırlar və hədəf olaraq Paşinyanı göstərirlər” -SİYASİ ŞƏRHÇİ AÇIQLADI

“Əlbəttə ki, Ermənistanda baş verən heç bir hadisə təsadüfi deyil, gözləniləndir. Çünki bu ölkə bir il öncə burnu ovularaq Azərbaycanla müharibədə məğlub edilib və məğlub edilməklə də qalmayıb, sadəcə olaraq, bu, Ermənistan dövlətinin məğlubiyyəti deyildi, bütün dünya erməniliyinin Azərbaycan qarşısında böyük məğlubiyyəti idi. Ona görə də erməni cəmiyyəti özünə gələ bilmir.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

Onun sözlərinə görə, erməni cəmiyyətinin bəlli bir kəsimi hesab edir ki, bu məğlubiyyətin əsas səbəbkarı Nikol Paşinyandır. Əlbəttə ki, həmin kəsim aktiv siyasi kəsim olduğuna görə də ölkə içində prosesləri hərəkətləndirmək imkanları var və bu baxımdan, Paşinyana qarşı ayaqlanmalar baş verir, bunlar da gözləniləndir.

“Əslində, hamımız bilirik ki, Azərbaycanın qələbəsi sadəcə Nikol Paşinyan üzərində deyil, qeyd etdiyim kimi, bütün dünya erməniliyi üzərindədir. Ermənilərin bu məğlubiyyətinin də səbəbkarları sırasında əvvəlki prezidentlər Serj Sarkisyan və Robert Koçaryan var. Yəni, bu adamlar yanlış siyasət yürüdərək illərlə erməni xalqını ac-yalavac saxladılar, onlara zülm etdilər, onları yalanlarına inandırmağa çalışdılar, nəticə etibarı ilə iflas olmuş bir Ermənistanı Nikol Paşinyana buraxıb getdilər. Paşinyan da təbiidir ki, belə bir iflas içində olan ölkəni Azərbaycana qarşı səfərbər edə bilməzdi və bilmədi də. Sadəcə olaraq onu qızışdırırdılar, o da naşı bir siyasət adamı olduğuna görə bəzən həddini aşan açıqlamalar verirdi. Amma sonradan baş verən proseslər, yəni Ermənistanın Azərbaycana növbəti həmləsi və Azərbaycanın əks hücuma keçməsi onlara kimin kim olduğunu göstərdi.

İndi ölkə içindəki qüvvələr də bu durumdan Paşinyana qarşı istifadə etmək istəyirlər. Halbuku, onlar bir şeyi unudurlar ki, bu ilin yayında keçirilmiş seçkilərdə Ermənistan əhalisinin böyük əksəriyyəti, məhz Nikol Paşinyana səs verib. Yəni bu, o deməkdir ki, ölkə əhalisinin böyük əksəriyyəti Nikol Paşinyanın müharibədə uduzmasını həzm edir, qəbul edir, onunla barışır və bundan sonrakı mərhələdə Azərbaycanla normal münasibətlərin qurulmasında maraqlıdır. Amma o revanşist qüvvələr bundan narazıdırlar və ona görə də hədəf olaraq Paşinyanı göstərirlər. Əslinə qalanda, onların məqsədi yenə də köhnə qaydaları, köhnə münasibətləri geri gətirməkdir.

Əlbəttə ki, qeyd etdiyim kimi, Ermənistan əhalisinin böyük əksəriyyəti Paşinyana səs verməklə, əslinə qalanda həmin revanşist qüvvələrə də öz sözünü demiş olub və bu baxımdan, Paşinyana qarşı ayaqlanmalar ciddi nəticə verməyəcək. Amma istənilən halda biz dinc qonşuluq münasibətlərinə üstünlük veririk. Ermənistanda əgər kimlərsə ağılla davranıb Azərbaycanla normal münasibətlərin qurulmasına töhfə verəcəksə, əlbəttə ki, o adamlara biz də əlimizi uzadacağıq. İstənilən halda Ermənistanın sabitləşməsi, normallaşması, Azərbaycanla nəhayət ki, sülh müqaviləsini bağlaması və dinc qonşuluq münasibətləri mərhələsinin başlaması həm bizə, həm də onlara çox faydalı olardı”, deyə Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə