"Minsk Qrupu və Aİ dürüst vasitəçi olmaqla faydalı iş görə bilərlər" - POLİTOLOQ ŞƏRH ETDİ
“Ötən ilin noyabr ayında İspaniyanın EFE informasiya agentliyinə müsahibə verən cənab Prezident İlham Əliyev yenidən sözügedən agentliyə verdiyi müsahibə ilə mövcud durum, Azərbaycanın xarici siyasətdə atacağı addımlar haqqında bir daha dünya ictimaiyyətini məlumatlandırdı. Son günlər ölkə başçımızın müsahibələrinin artması bir daha onu göstərir ki, döyüş meydanında müharibə bitsə də, informasiya cəbhəsində savaş hələ də davam edir. Davam edirsə, o zaman Azərbaycanın bu cinahda da əlində güclü “silahları” mövcuddur və onlardan da yaraqlanırıq. İki ölkə arasında müharibədən sonra formalaşan yeni reallığı məqsədli şəkildə keçmişə aparan qüvvələr, onların yüksək səviyyəli nümayəndələrinin də mövcud olması reallığı var. Bu faktı təsdiq edən bir məqam da cənab Prezidentin səmimi olaraq müsahibə əsnasında səsləndirdiyi o fikirdir ki, son zamanlarda məhz Ermənistan tərəfindən olmayan inzibati regionun statusu ilə bağlı heç bir bəyanat eşitməmişik. Bu məqsədli şəkildə digər qüvvələr tərəfindən süni şəkildə gündəmə gətirilir”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Onun sözlərinə görə, beynəlxalq aləmin demək olar ki, əksər hissəsi daha mövcud olmayan “qurumun” statusu haqqında danışmağın əhəmiyyətsiz olduğunu ifadə edir: “Yəni, ölkə başçımız istər iqtidar, istərsə də müxalifət olmaqla Ermənistanın siyasi istablişmentində oturan revanşistlərə də, onların havadarlarına da o mesajı aydın şəkildə çatdırır ki, dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyümüz çərçivəsində inzibati ərazi bölgüsü yaratmaq hüququmuzu əsas tutaraq Qarabağ və Şərqi Zəngəzur olmaqla iki iqtisadi zona yaratdıq, Dağlıq Qarabağ yoxdur, olmadığı kimi status da mövcud deyil. Azərbaycan-Ermənistan xarici işlər nazirlərinin BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşü, Azərbaycan, Ermənistan və Rusiyanın Baş nazirlərinin müavinləri səviyyəsində əməkdaşlıq formatı da danışıqlar və təmasların başladığını bildirir. Bu baxımdan da bəlli qüvvələr nəzərə almalıdırlar ki, danışıqların, müzakirələrin baş tutması təbii bir prosesdir, bu başlayıb və mütləq davam edəcək”.
Politoloq qeyd edib ki, müharibə dövründə İspaniyanın sözügedən agentliyinə və digər dövlətlərin nüfuzlu media qurumlarına verdiyi müsahibələr zamanı da ölkə başçımız bildirmişdi ki, Ermənistan torpaqlardan dəqiq çıxacağı zaman cədvəlini bizə təqdim etsə biz müharibəni dayandıracayıq: “Bu belə də oldu. Səsləndirilən fikirlə atılan addım arasında düz mütənasibliyin olması faktını sübut edən bir digər amil də müharibədən sonra bir araya gəlməyə və ya danışıqlar masasına qayıtmağa razı olacağımız məsələsi idi ki, ölkə başçımız açıq şəkildə mövqeyini ortaya qoyur ki, Paşinyanın hazır olduğu zaman biz də danışıqlara hazırıq. Ölkə başçımız heç nədən çəkinmədən bütün müzakirələrə açıq olduğunu bildirir. Heç şübhəsiz ki, baş tutacaq müzakirələr həm müharibənin bitdiyinin, həm də neqativ səhifələrin artıq çevirildiyinin nümayiş etdirilməsi olacaq. Bu baxımdan da ciddi, konkret təmasların baş tutması üçün Ermənistan qətiyyət və siyasi iradə nümayiş etdirməlidir”.
Ş.Həsənova vurğulayıb ki, ölkə Başçımız digər, olduqca mühüm məsələlərə də aydınlıq gətirdi ki, Ermənistan Azərbaycan əsirlərini qaytarmamış biz müharibə zamanı ələ keçirilən əsirləri Ermənistan tərəfinə geri vermişik: “Çünki adı üstündə bunlar müharibə zamanı ələ keçirildiyi üçün əsirdir. Bir də müharibə bitdikdən sonra Azərbaycan ərazisinə soxulan, hərbçilərimizə hücum edən, mülki şəxslərimizi qətlə yetirən terrorçulardır ki, beynəlxalq hüquq və konvensiyalar da müharibə bitdikdən sonra ələ keçirilən insanları əsir kimi tövsif etmir. Deməli, müharibə bitibsə sən mənim ərazimə məkirli əməllər planı ilə, qeyri-qanuni yolla girib, hələ üstəlik də insan qətli törədirsənsə, deməli, sən konvesiyalara uyğun olaraq da əsir yox, terrorçu və diversantsan. Digər bir məsələ mina xəritələri ilə bağlı idi ki, bir daha cənab Prezident İlham Əliyev bütün dünyanın nəzərinə çatdırdı ki, Azərbaycanın səhifəni çevirməyə hazır olduğuna baxmayaraq Ermənistan yenə də mina xəritələrini dəqiq təqdim etmir. Ölkə başçımızın da ifadə etdiyi kimi minaların dəqiq yerləri göstərilməlidir. Status kimi olmayan məsələləri gündəmə gətirməkdənsə bəzi qüvvələr o potensiallarını və enerjilərini Ermənistanı düz yola gətirməyə, iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması, normal münasibətlərin qurulması, sərhədlərin delimitasiyası və demarkasiyası, daha sonrakı məqamda isə sülh sazişinin imzalanması kimi məsələlərə sərf etsinlər. ATƏT-in Minsk qrupunun vasitəçiliyindən əlavə, Avropa İttifaqı minaların təmizlənməsi və sərhədlərin delimitasiyası ilə əlaqədar olaraq kömək göstərməyi təklifi ilə çıxış edirsə hər iki tərəf istəsə dürüst vasitəçi olmaqla faydalı iş görə bilər. Ermənistan tərəfi vasitəçilik məsələsində tərəddüd etsə də Azərbaycan açıq şəkildə bəyan edir ki, hələ də həllini tapmayan məsələlər üzərində işləməyə hazırdır və bu istiqamətdə də Azərbaycanın müxtəlif səviyyəli dövlət rəsmiləri Avropa İttifaqı ilə təmasdadırlar. Bütövlükdə isə Azərbaycan sadəcə siyasi baxımdan deyil, iqtisadi dəstəklə əlaqədar olaraq da təkliflər gözləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB