Anım Günü Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd olunub FOTOLAR

27 Sentyabr - Anım Günü Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Səhər saatlarında rayondakı məscidlərdə, həmçinin Şamaxı Cümə məscidində din xadimləri tərəfindən Şəhidlərin əziz xatirəsini yad edilib, ruhlarına dualar oxunub. Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, millət vəkili Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədr əvəzi Bəxtiyar Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrinin kolletkivləri və rayon sakinləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə tər çiçəklər düzülüb. Tədbirlər çərçivəsində Şəhidlər xiyabanı ətrafındakı ərazidə rayon ictimaiyyətinin iştirakı ilə 500 ədəd Eldar şamı ağacı əkilib. Ağacəkmədə YAP fəal gəncləri də yaxından iştirak edib.

Həmçinin, Şamaxı Tarix-diyarşünaslıq muzeyinin qarşısında təşkil olunmuş rəsmi tədbirdə çıxış edənlər “Dəmir yumruq” adlı əməliyyatla Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən geniş söhbət açaraq vətən övladlarının torpaqlarımızın işğaldan azad olunması yolunda böyük şücaət göstərərək qəhrəmancasına şəhid olduqlarını bildiriblər.

Tədbirdə QMİ-nin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mirəhməd Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və şəhid atası Rza Nəbiyev çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiyini vurğulayaraq, silinməyəcək dərs verdiklərini qeyd ediblər.

Mərasimdə məktəb şagirdlərinin ifasında fləşmob və ədəbi-bədii kompazisiyalar nümayiş olunub. Tədbir “Qalib Azərbaycan xalqı”, “Müzəffər Ali Baş Komandan”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə yekunlaşıb.

Həmçinin, Anım Günü şəhid İsaxan Qəniyev İsaman oğlunun adına yeni inşa olunan bulağın açılışı da olub.

RƏFİQƏ HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə