Prezidentimiz pandemiyaya qarşı mübarizəyə böyük önəm verir - KOMİTƏ SƏDRİ ŞƏRH ETDİ

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sentyabrın 23-də BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda etdiyi çıxışı ölkə rəhbərinin bəşəri ideyalara sadiqliyinin nümayişi kimi qiymətləndirilməlidir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.

Komitə sədri vurğulayıb ki, cənab Prezident bu dəfə də özünün insanpərvərliyini nümayiş etdirdi və qalib ölkənin rəhbəri kimi çıxışını yekunlaşdırdı.

“Cənab İlham Əliyev bir daha göstərdi ki, o insanların təhlükəsizliyi, sağlamlığı, azadlığı uğrunda mübarizdir və bunun üçün əlindən gələni əsirgəmir. O, dünyada sülhün və əmin-amanlığın tərəfdarıdır, həm də bu vətənin, xalqın oğlu, torpaqları işğaldan azad edilmiş bir ölkənin Prezidentidir.

Ölkə rəhbəri çıxışında pandemiyaya qarşı mübarizə tədbirlərinə geniş yer verdi. Çünki, bu xəstəlik dünyanın bütün xalqlarının bəlasıdır və heç kim bu bəlaya etinasız olmamalıdır. Əlbəttə, cənab Prezident bu bəlanın aradan qaldırılması üçün bütün imkanlardan istifadə edibdir. Covid-19-un təsirinə məruz qalmış əhalinin və sahibkarlıq subyektlərinin dəstəklənməsi üçün dövlət təqribən 2,7 milyard ABŞ dolları həcmində sosial-iqtisadi paket təqdim edibdir. Xəstəliyin qarşısının alınması üçün cənab Prezidentin tapşırığı ilə ölkədə qabaqlayıcı tədbirlərin görülməsi, əlbəttə ki, xəstəliyin geniş yayılmasına imkan verməyib və Azərbaycan xalqını daha ciddi bəlalardan qurtarıbdır. Məhz buna görə də Ümumdünya Səhiyyə Təşkilatı pandemiyaya qarşı mübarizədə Azərbaycanın gösrətdiyi və həyata keçirdiyi tədbirləri yüksək qiymətləndirib və nümunəvi ölkə kimi qeyd edibdir.

Ölkə rəhbərinin qeyd etdi ki, biz həmçinin Ümumdünya SəhiyyəTəşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə tövhəsi, 20-dən artıq ölkəyə koronavirusla mübarizənin dəstəklənməsi üçün hümanitar və maliyyə yardımı göstərmişik. Bundan əlavə, 4 ölkəyə təmənnasız olaraq 150 min doza vaksin göndərmişik. Cənab Prezident bununla bərabər Qoşulmama Hərəkatının rəhbəri kimi beynəlxalq aləmdə pandemiyaya qarşı mübarizənin vacibliyini qeyd edib və onun rəhbərliyi ilə BMT Baş Assambleyasının xüsusi sessiyası keçirilibdir və bu sessiyada 150-dən artıq ölkə Azərbaycan Prezidentinin nəcib təşəbbüsünü ürəkdən alqışlayıb və ona tərəfdar çıxıbdır.

Bütün bunlar göstərir ki, cətin müharibə keçirdiyimiz həmin anlarda yenə də Azərbaycanın dövlət rəhbəri insanpərvərliyi, humanizmi çox yüksək tutub və pandemiyaya qarşı mübarizəyə böyük önəm veribdir. Əlbəttə ki, bütün bunlar, ölkə rəhbərinin düşünülmüş siyasəti Azərbaycan dövlətini dünyada nüfuzlu, qüdrətli, demokratik, sivil dövlət kimi tanıtdırıb və şöhrətləndiribdir. Bu şöhrət, bu nümunə 44 günlük ağır döyüşlərdə də özünü göstərdi və demək olar ki, cənab Prezident həmin döyüşlərdə qazandığımız qələbəni, erməni faşizminin Azərbaycan xalqının başına gətirdiyi bəlaları bir daha öz çıxışında qeyd etməklə göstərdi ki, biz bundan sonra da ölkəmizə yönələn hərhansı bir təhdidə, qəsdə qarşı amansız olacayıq və mübarizəmizi davam etdirəcəyik. Ölkə rəhbərinin bu çıxışı hər bir Azərbaycan vətəndaşında qürur hissi doğurur və bizi qürurlandırır”, deyə Tahir Rzayev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...