İranın davranışları anlaşılan deyil DEPUTAT AÇIQLAMA VERDİ

"Azərbaycan hər zaman İranla münasibətlərinin normal inkişafında maraqlı olubdur. Amma İranın davamlı olaraq Ermənistana dəstək göstərməsi cəmiyyətimiz tərəfindən birmənalı qəbul olunmur". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Millət vəkili vurğulayıb ki, İranın Azərbaycan sərhəddində keçirdiyi təlimlər normal dostluq münasibətlərinə uyğun gəlmir.

“İranın bu davranışları anlaşılan deyil. Azərbaycan-Türkiyə-Pakistan təlimləri heç kimin əleyhinə hesablanmayıbdır və üç ölkə arasında birgə əməkdaşlığın gücləndirilməsi istiqamətində atılan addımlardır. Əlbəttə, burada bir neçə məqam var. İran Ermənistanın zəifləməsini istəmir, Türkiyənin bölgədə nüfuzunun güclənməsini istəmir və müəyyən mənada da bunu özü üçün təhlükə hesab edir. Cənab Prezident də dəfələrlə bu məsələyə toxunub ki, narahatçılıq üçün heç bir əsas yoxdur, Azərbaycanın təlimləri heç kimin əleyhinə hesablanmayıb, bu təlimlərin keçirilməsində məqsəd və hədəf ordumuzun döyüş qabiliyyətini daha da gücləndirməkdir.

İran tərəfi də nəzərə almalıdır ki, yük daşımaları, yanacaq materialları daşımaları müəyyən mənada Ermənistanın dirçəlməsinə, revanşizmin yenidən baş qaldırmasına təkan verir. Ona görə də Azərbaycan tərəfi bununla bağlı İran tərəfinə nota da verdi. Təəssüf ki, buna baxmayaraq İran yenə də bu addımları atdı və nəticədə biz məcbur olduq ki, öz sərhəddimizdə, xüsusilə, Gorus-Qafan yolunda gömrük postlarını və polis postlarını quraq.

Azərbaycanın mövqeyi prinsipialdır, qətiyyətlidir. İran da bunu nəzərə almalıdır. İran hər zaman müsəlman həmrəyliyindən, birliyindən danışır. Bu birlik və həmrəyliyi İran Azərbaycana qarşı da göstərməlidir və Azərbaycanın da İrandan istədiyi məhz budur”, deyə Ceyhun Məmmədov bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə