“İran siyasi riyakarlıq nümayiş etdirir” POLİTOLOQDAN SƏRT TƏPKİ

Ermənistanın bu gün ayaqda durmasında və təəssüf ki, regionda sülh, davamlı barış siyasətinə zidd olan ritorika səsləndirməsinə dəstək olan ən böyük qüvvə rolunda İran dövləti çıxış edir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında politoloq Anar Əliyev deyib.

Politoloq qeyd edib ki, İran dövləti bir müsəlman dövləti olaraq, qonşumuz olaraq çox təəssüf ki, nə tarixi, mədəni, din birliyimizə, nə islam həmrəyliyinə hörmət edir, nə daim bar-bar bağırdığı islam həmrəyliyini nümayiş elətdirir. əksinə, Cənubi Qafqazda baş verən proseslərə münasibətdə, xüsusilə, Ermənistan-Azərbaycan arasında olan münasibətlərin gərginləşməsinə xidmət edən addımlarında, eyni zamanda işğalçı dövlətə və işğala məruz qalmış dövlətə münasibətdə siyasi riyakarlıq nümayiş etdirir.

“Azərbaycanla biz din qardaşlarıyıq, mehriban qonşuluq siyasəti yürüdürük”, deyən İran çox təəssüf ki, xüsusilə son günlər Ermənistana və Qarabağda Rusiya sülhməramlı qüvvələrinin fəaliyyət ərazisində hələ də mövcud olan separatçı qüvvələrə dəstək verən addımlar atır, müxtəlif istiqamətli, bəzən hətta məlum olmayan qaranlıq yüklər daşınması ilə onları ayaqda saxlamağa çalışır. Mən hesab edirəm ki, bu bir neçə istiqamətdə İran dövlətinin qanunları, qaydaları, beynəlxalq hüququn prinsplərini, eyni zamanda Azərbaycan Qanunvericiliyini pozduğunu göstərir. Hesab edirəm ki, İran bununla açıq şəkildə beynəlxalq hüququn bir neçə prinsipini pozur. Birincisi, dövlətlərin daxili işlərinə qarışmamaq prinsipini, ikincisi, dövlətlərin suveren bərabərliyi prinsipini, üçüncüsü, beynəlxalq hüququn, dövlətlərin BMT Nizamnaməsinə uyğun olaraq üzərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirilməsi prinsipini, dördüncüsü, sərhədlərin toxunulması prinsipini, beşincisi, dövlətlərin ərazi bütövlüyü prinsipini. Bundan əlavə, İranın son davranışları, hətta Azəərbaycan dövlətinin şifahi və rəsmi şəkildə İran tərəfinə xəbərdarlıqlarına baxmayaraq, Qarabağa, Xankəndinə müxtəlif nəqliyyat vasitələri, müxtəlif yüklərin daşınması, çatdırılmasını təmin etməsi həm də BMT Nizamnaməsini kobud şəkildə pozmaqdır.

Eyni zamanda, xüsusilə qeyd etmək istəyirəm ki, İranın bu davranışları Cənubi Qafqazda sülhə, barışa, qarşılıqlı etimadın formalaşmasına deyil, əksinə, Azərbaycan ərazisində, Qarabağ bölgəsində separatizmə dəstək verilməsi və separatizmin ayaqda saxlanılmasına xidmət edir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Qarabağda məhv edilmiş, təhqir edilmiş, dağıdılmış islam abidələrinin qarşısında çıxış edərkən, Ermənistana dost dövlət deyən islam ölkələrinə ünvanlanmış bir fikrini bildirmişdi. Mən o fikri xatırlatmaq istəyirəm. Azərbaycan Prezidenti açıq şəkildə bildirmişdir ki, Ermənistana dost dövlət deyənlər cavab versinlər, bu hərəkətləri edən, müsəlman abidələrini təhqir edən, dağıdana dost dövlət demək olarmı? Həmin fikirləri təkrarlayaraq bildirmək istəyirəm ki, İran dövləti öz xalqına riyakar, ikiüzlü siyasətinə görə cavab verməlidir. Ermənistanı, Qarabağda separatçı rejimi ayaqda saxlayıb, islam, müsəlman dövləti olan Azərbaycana qarşı təzyiq aləti kimi istifadə etmək siyasətinə görə, islam həmrəyliyinə zidd olan davranışlarına görə, BMT-nin nizamnaməsi, müstəqil dövlət olaraq Azərbaycan dövlətinin qanunlarının, ərazi bütövlüyünün, dövlət suverenliyinin pozulmasına istiqamətlənmiş addımlara görə, cavab versin. İran mehriban qonşuluqdan, islam həmrəyliyindən, tarixi, mədəni əlaqələrimizdən danışırsa, danışdığını həm də əməldə göstərməlidir, davranışlarında səmimi olmalıdır, Ermənistana və Qarabağdakı separatçı qüvvələrə qarşı heç bir dəstək nümayiş etdirməməlidir.

İran, çox təəssüf ki, Azərbaycan dövlətinin bir sıra xəbərdarlıqlarına baxmayaraq, siyasi riyakarlıq nümayiş etdirərək, təqdim olunan şəkillər, videolardan xəbərləri olmadığını, həmin yük avtomobillərinin İrana məxsus olmadığını bildirməyə və bununla məsuliyyətdən yayınmağa çalışır. Amma, hesab edirəm ki, Azərbaycan dövlətinin əlində kifayət qədər dəlil və əsaslar, fakltlar var. Bu faktlar İran tərəfinə bir daha təqdim olunmalıdır və son dəfə İranı belə addımlardan şəkinməyə, mehriban qonşuluq siyasətinə uyğun davranışlar sərgiləməyə, addımlar atmağa çağırmalıyıq. Əks halda Azərbaycan dövləti bəli, Gorus-Qafan yoluna gömrük və polis postları quraşdırdığı kimi, 10 noyabr razılaşmasının dördüncü bəndinin tələblərinə uyğun olaraq Qarabağdan Ermənistan silahlı qüvvələri çıxmadığı üçün, bu günə qədər də ərazini tərk etmədikləri üçün Laçın dəhlizinə polis və ya gömrük postları qurmalı və bu postlar vasitəsi ilə bölgəyə daxil olan, 10 noyabr bəyənatından kənar istənilən şəxs və avtonəqliyyat vasitələri saxlanılmalı, dəqiqliyi ilə yoxlanılmalı və onlardan Azərbaycan qanunlarının verdiyi tələblər çərçivəsində bütün şərtlər tələb edilməlidir. Bu, Azərbaycan xalqının və Azərbaycan dövlətinin İran dövlətindən birmənalı tələbidir. Eyni zamanda İran xalqı da hakimiyyətin bu qanuna zidd, bu ikiüzlü davranışına münasibət bildirməli, reaksiya verməli və öz hakimiyyətlərinin davranışlarını beynəlxalq hüququn prinsiplərinə və mehriban qonşuluq siyasətinə uyğunlaşdırmağı tələb etməlidir”, deyə Anar Əliyev bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə