"Ermənistan iqtisadiyyatına inkişaf üçün təkan verə bilər"

"Ermənistan iqtisadiyyatına inkişaf üçün təkan verə bilər"

"Əslində, Paşinyanın avrointeqrasiya və Türkiyə ilə yaxınlaşmaq baxımdan niyyətləri kifayət qədər səmimidir. Sadəcə, Paşinyan bunu etdiyi zaman ölkədəki ictimai rəylə də hesablaşmalı olur. Heç kimə sirr deyil ki, Daşnaksütun partiyası Ermənistan ictimai rəyində olduqca güclüdür. Revanşist dediyimiz təbəqə düzdür, seçkilərdə uduzsalar da hazırda ictimai rəydə müəyyən ağırlığa malikdir. Paşinyan hazırda onlarla hesablaşmaqla Türkiyəyə doğru həqiqətən addımların atılmasına nail olmaq istəyir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Fərhad Mehdiyev deyib.

Onun sözlərinə görə, Ermənistanda Türkiyəylə sərhədlərin açılması əvvəldən istənən bir şey idi. Çünki bu Ermənistan iqtisadiyyatına inkişaf üçün təkan verə bilər. Bunun həyata keçməməsinin ən böyük səbəbi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və Azərbaycanın buna etiraz etməsi olub deyən politoloq: "Lakin indi bu fakt aradan qalxıb. Kommunikasiya xətlərinin də açılması onu tələb edir ki, doğrudan da, Türkiyə ilə sərhədlər açılsın. Azərbaycan da artıq sərhədlərin açılmasına etiraz etmir. Ona görə də, Ermənistanın əvvəldən olan bu istəyi, yəni Türkiyə ilə əlaqələrin normallaşması və sərhədlərin açılması baş versə, bu Ermənistanın iqtisadi vəziyyətinə təsir göstərəcək. Həmçinin, Ermənistanı təcrid siyasətindən çıxardacaq. Bir məsələni də qeyd etmək istəyirəm ki, Paşinyan bu yumşaldılmanın olması üçün yaxşı başa düşməlidir ki, Zəngəzur dəhlizi açılmalıdır. Zəngəzur dəhlizinin açılması üçün müəyyən addımlar atılmalıdır. Müəyyən addımlar atıllmasa, sərhədlərin açılması, iqtisadi əlaqələrin bərpası mümkün olmayacaq. Amma ən azından Paşinyanın bu məsələləri danışması Ermənistan cəmiyyətini bütün bunlara hazırlamaq üçün vacib bir addımdır".

Müəllif: Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə