Qalib liderimiz İlham Əliyevin Kəlbəcər və Laçına səfəri tarixi, strateji əhəmiyyətə malikdir - MƏQALƏ

Qalib liderimiz İlham Əliyevin Kəlbəcər və Laçına səfəri tarixi, strateji əhəmiyyətə malikdir - MƏQALƏ

Kəlbəcər və Laçın rayonları - Azərbaycan Respublikasının Prezidentinin diplomatik məharəti, Azərbaycan Ordusunun ən müasir silahları və Azərbaycan əsgərinin vətən sevgisi, sonsuz gücü- qüvvəti nəticəsində geniş miqyaslı döyüşlər və çox saylı itkilər olmadan işğaldan azad edilmiş tarixi, əzəli Azərbaycan torpaqlarıdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2021-ci ilin 16 – avqustunda Kəlbəcər və Laçın rayonlarında səfərdə oldular. Onlar, Toğana - Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlqoyma mərasimində iştirak edib, Kəlbəcər Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olub, “Kəlbəcər” yarımstansiyasının açılışını etdilər. Sonra Kəlbəcər - Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelinin və Laçın Beynəlxalq Hava Limanının təməlini qoydular. Daha sonra, Kəlbəcərdə erməni vandalları tərəfindən məhv edilmiş “İstisu” sanatoriyasına baxış keçirən Prezident buranın yenidən tikilib, xalqın istifadəsinə veriləcəyini bildirdi. Kəlbəcər şəhərindəki N saylı hərbi hissədə yaradılan şəraitlə tanış olub, Kəlbəcər-Laçın rayonunun Minkənd yolunun çəkilməsi işlərinə baxdı.

Hər bir addımı ilə tarix yazan müzəffər ali baş komandan İlham Əliyev cənabları Kəlbəcər şəhərində dövlət bayrağını ucaldıb və burada çıxış etdi. O, torpaqlarımızı işğaldan azad edərək tarix yazan şanlı və qalib ordunun Müzəffər Ali Baş Komandanı kimi Azərbaycanın prinsipial mövqeyini növbəti dəfə qətiyyətlə ifadə etdi, hazırkı hərbi-siyasi vəziyyəti dəqiq qiymətləndirdi. Nankor və vandal Ermənistana, onun havadarlarına ünvanlanmış açıq və konkret mesajlar verdi: "Bir daha aydın oldu ki, siyasi və hərbi-strateji şərait tam Azərbaycanın nəzarətindədir. Öz milli gücü vasitəsilə ərazi bütövlüyünü bərpa edən və hazırda bütün şərtləri diktə edən Azərbaycan istənilən təxribat cəhdinin qarşısını almaq, revanşizm təfəkkürü ilə yaşayan erməni faşizminin başını əzmək iqtidarındadır".

Hər zaman Azərbaycan xalqının yanında olan, xalqı ilə səmimi söhbətlər edən Prezident bu dəfə də, Kəlbəcərdə fəaliyyət göstərən arıçılarla rastlaşdı, onlarla səmimi və maraqlı söhbətlər etdi, birlikdə şəkillər çəkdirdi.

Səfərinin sonunda Ömər Aşırımından keçərkən səmada yaranan gözəl göy qurşağını seyr edən Prezident “Səma bizi yola salır” ifadəsini işlədir. Həqiqətən də, azad olunan torpaqlarımıza biz Azərbaycanlılar qayıtdıqdan sonra, sanki Qarabağımızın yeridə - göyüdə, dağıda – dərəsidə, çayıda – bulağıda yəni bütün təbiəti canlandı, ruhlandı və gözəlləşdi. Çünki, biz Azərbaycanlılar tarixən sülh, ədalət keşikçisi, tikib,qurub və yaradan xalq olmuşuq və olacağıq.

Mürsəl Mürsəlov

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sanator-Kurort Reabilitasiya Mərkəzinin Baş direktoru

Bütün xəbərlər Facebook səhifəmizdə