Yüksək intellektli, milli ruhlu gənclərimiz sabahımızdır
Gənclik yeni nəfəs, yeni ruhdur. Yeni düşüncə və yeni baxışdır. Müasir dövrün gəncliyi sabaha olan inamdır. Gənclik sağlam düşüncə ilə yenilikləri qavrayaraq, yeni bir qüvvə ilə sabaha, gələcəyə doğru addımlayır. Bu gənci belə mütəşəkkil edən ona gösətərilən diqqət və qayğıdır. Milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasətinin nəticəsi olaraq bir sıra mühüm nəticələr əldə edilib. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artıb, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənib, könüllülük hərəkatı genişlənib. Bu gün 12 avqust Beynəlxalq Gənclər Günü kimi qeyd olunur. Bu günün elan olunması beynəlxalq aləmdə gənclərə göstərilən diqqətin bir nümunəsidir. 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər Günü kimi qeyd olunması qərara alınıb. Dünya ölkələrində olduğu kimi, Azərbaycanda da Beynəlxalq Gənclər Günü qeyd olunur.
"HƏR BİR AZƏRBAYCAN GƏNCİ HƏR ŞEYDƏN ÇOX, HƏR ŞEYDƏN ARTIQ MÜSTƏQİL AZƏRBAYCANIN BU GÜNÜ, GƏLƏCƏYİ HAQQINDA DÜŞÜNMƏLİDİR"
Bu gün Azərbaycan gəncliyinin səsi, sədası beynəlxalq aləmdən eşidilir. Müasir həyatımızda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə uğurla davam etdirilən dövlət-gənclər siyasəti, məhz Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinin məntiqi davamıdır. Ayrı-ayrı dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədilə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi dövlət-gənclər siyasətinin istiqamətlərini müəyyənləşdirərək, uğurla həyata keçirməyə başlamışdır. Ümummilli Liderin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq, hər il Azərbaycan gənclərinin forumları keçirilib. 1996-cı il fevralın 2-də keçirilən I Forumda Dahi Öndər Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: "Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir".
"BİZ MÜSTƏQİL AZƏRBAYCANIN TALEYİNİ GƏLƏCƏKDƏ SİZƏ TAPŞIRACAĞIQ"
Ulu Öndər Heydər Əliyev I Forumdan sonra gənclərlə aparılan işin nəzərəçarpacaq dərəcədə canlandığını nəzərə alaraq, 1997-ci ildə imzaladığı Sərəncamla tədbirin keçirildiyi günü - fevralın 2-ni Azərbaycan Gənclər Günü elan etmişdir. 1999-cu ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən imzalanan "Dövlət-Gənclər Siyasəti haqqında" Fərman bu sahəyə dövlət səviyyəsində böyük önəm verildiyinin daha bir təzahürü kimi qiymətləndirilir. "Dövlət-gənclər siyasəti haqqında" Fərman çox geniş spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, respublikanın ictimai-siyasi və mədəni həyatında iştirakı ilə bağlı məsələləri əhatə edir. Ulu Öndər Heydər Əliyev çıxışlarının birində üzünü gənclərə tutaraq demişdir: "Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə tapşıracağıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşatmaq, inkişaf etdirmək üçün hazır olun!"
Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliklə formalaşdırdığı gənclər siyasəti bu gün yeni mərhələyə qədəm qoyub. "Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir"- deyən Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən işlərin amalında gənclərin ölkənin uğurlu inkişafına istiqamətləndirə biləcək potensialın yaradılması dayanır. Son 17 ildə görülən işlərə baxsaq, yüksək intellektual bacarıqlara malik olan və ölkənin ictimai-siyasi həyatında aktiv şəkildə fəaliyyət göstərən gənclər ordusunun formalaşdığını görmüş olarıq.Hazırda gənclər dövlət idarəçiliyi, iqtisadiyyat, mədəniyyət, idman və digər sahələrdə uğurla çalışır, ölkəmizi şərəflə və yüksək səviyyədə təmsil edirlər. Qürurla demək olar ki, bu gün Azərbaycan gəncliyi üzərinə götürdüyü şərəfli vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacarır. Dövlət başçısı gəncləri aparıcı qüvvəyə çevirmək və onların sosial-iqtisadi problemlərinin həllini təmin etmək məqsədilə 2005-2009-cu illəri əhatə edən Dövlət Proqramını, 2005-ci ildə gənc ailələrə güzəştli ipoteka kreditinin verilməsi barədə imzaladığı Fərman Azərbaycan dövlətinin gənclərə göstərdiyi qayğını özündə təcəssüm etdirir. Gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili və s. məqsədilə "Gənclər Evi" sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması da elə gənclərə dövlət qayğısıdır. İlk "Gənclər Evi" 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlasa da, bu gün onların sayı 30-dan artıqdır. 2005-2009-cu və 2011-2015-ci illəri əhatə edən "“Azərbaycan gəncliyi" dövlət proqramlarının uğurla həyata keçirilməsi, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır.
"MƏN ÇOX ŞADAM Kİ, SON İLLƏR ƏRZİNDƏ AZƏRBAYCANDA VƏTƏNPƏRVƏR, GÜCLÜ, MİLLİ RUHDA TƏRBİYƏ ALMIŞ GƏNC NƏSİL YETİŞİB"
Bu gün Azərbaycan gəncliyi nəinki ölkədə, hətta xaricdə belə yüksək intellektə, gücə malik olduğunu əməli fəaliyyətində göstərir. Hər bir əlamətdar gündə yaşadıqları ölkənin küçələrində Azərbaycan bayrağını ucaldırlar. Azərbaycan gəncliyi öz yerini tapmaq, dövlətimizin inkişafına töhfəsini vermək istiqamətində ciddi uğurlar əldə edib. Son illər gənclər qarşısında qoyulan bütün məsuliyyətli işlər gənclər tərəfindən yüksək səviyyədə həyata keçirilir. Qazanılan uğurlar, bir daha onu sübut edir ki, hər bir gənc ölkə qarşısında qoyulan böyük məqsədi və məsuliyyəti dərk edir. Buna sübut olaraq gənc idmançılarımızın qələbələrini, gənc siyasətçilərimizin uğurlarını, gənc əsgərlərimizin qəhrəmancasına Vətən qarşısında xidmətlərini və digər sahələri nümunə çəkmək olar. 44 günlük Vətən müharibəsində gənclərimiz vətənpərvərlik nümayiş etdirdilər. Elə bir vətənpərvərlik ki, bütün dünya bunu görmüş oldu.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində vurğuladığı kimi, "Mən çox şadam ki, son illər ərzində Azərbaycanda vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəsil yetişib". Dövlət başçısı onu da bildirib ki, on yeddi ildir ki, mən Azərbaycanın rəhbəriyəm: "Bu illər ərzində yetişən insanlar bu torpaqları azad etdilər. Bütün nəsillərdən olan vətəndaşlarımızın bu Qələbədə böyük zəhməti var, payı var. Ancaq onu da bildirməliyəm ki, əsas yükü, əsas vəzifəni gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32 yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi."
Azərbaycanın mərd oğulları şəhidlik zirvəsinə yüksəldilər. Bu torpağın qazisi oldular. Bu gün Azərbaycan belə oğulları ilə qürürlanır, fəxr edir. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın dövlət müstəqilliyinin əbədi və əzəli olmasını qorumaq və saxlamaq üçün gənclər yaxşı təhsil almalı, çox çalışmalı, peşələrinə yaxşı yiyələnməli, vətənpərvər olmalıdırlar. Bu günün gənci bu məsuliyyəti dərk edir və sabaha doğru inamla addımlayır.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB