Sreçko Cukiç: Serbiyadan Ermənistana silah satılmasına görə üzr istəyirik – MÜSAHİBƏ, VİDEO
Müharibədən sonra bəzi xarici dövlətlərin - qeyri-regional oyunçuların -xarici işlər nazirlərinin Azərbaycan, Qırğızıstan və Qazaxıstana səfərləri tez-tez baş verdi. Serbiyanın xarici işlər naziri Nikola Selakoviç də bu yaxınlarda Azərbaycana rəsmi səfər etdi. Burada xatırlatmaq yerinə düşər ki, keçən il Serbiyanın Ermənistanı silahla təchiz etdiyi məlum olduqda diplomatik qalmaqal yarandı. Üstəlik, minaatanlar da daxil olmaqla böyük miqdarda silah. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfovun Serbiyanın Ermənistana silah ixracından son dərəcə məyus olduğunu dilə gətirdiyi hələ də xatırlanır. O zaman Azərbaycanla Serbiya arasındakı dostluq münasibətləri təhlükə altında idi. Amma bu gün görürük ki, iki ölkə arasındakı münasibətlər artıq təhlükə altında deyil və Serbiyanın xarici işlər nazirinin Azərbaycana səfəri Belqradın Bakı ilə əməkdaşlığı genişləndirməyə hazır olduğunu göstərir, o cümlədən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakının mümkünlüyünü nəzərə alır. Hələ bu ilin mayında Azərbaycan Prezidenti İlham Əliyev Serbiya şirkətlərini Qarabağın bərpasında iştirak etməyə dəvət etmişdi.
Bu mövzuda Serbiyada hansı qərar verildi, bu ölkənin xarici işlər nazirinin Azərbaycana səfərinin məqsədləri nələrdir? Serbiyanın Belarusdakı keçmiş səfiri, iqtisad elmləri doktoru, tanınmış ekspert Sreçko Cukiç “Caliber” analitik informasiya mərkəzinə müsahibəsində bu məsələlərə aydınlıq gətirib. Müsahibəni təqdim edirik.
- Bu gün gündəmdən çıxmış ola biləcək çox vacib bir məsələdən başlayaq- keçən ildən bəri bir çox azərbaycanlının beynini “Serbiya özünü 30 il ərzində Azərbaycan ərazilərini işğalda saxlayan təcavüzkarı dəstəkləyən bir ölkə kimi göstərdi” fikri məşğul edib. Heç kimə sirr deyil ki, 2013-cü ildə Azərbaycanla Serbiya arasında dövlət başçıları səviyyəsində Dostluq və Strateji Tərəfdaşlıq haqqında Bəyannamə, 2018-ci ildə isə Strateji Tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı imzalanmışdır. Bu sənədlərdə qeyd olunur ki, Azərbaycan və Serbiya bir-birinin suverenliyini və ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyır. Serbiya tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı əsasında beynəlxalq hüququn norma və prinsiplərinə, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qətnamələrinə uyğun olaraq həll edilməsinin tərəfdarı olduğu qeyd edilib. Sizcə, Serbiya niyə bu sənədlərdən irəli gələn öhdəliklərini yerinə yetirməyib? Ermənistanın hərbi əməliyyatların qızğın vaxtında silahlandırılmasının arxasında nə dayandı?
- Mən əvvəldən aydınlaşdırmaq istəyirəm ki, Serbiyanın mövqeyi ərazi məsələlərinin sülh yolu ilə həll edilməsidir. Münaqişəli ölkələr problemləri bu şəkildə həll etməyə çalışmalıdırlar. Təəssüf ki, bu, həmişə mümkün olmur və çox təəssüf edirik ki, belə bir səhv təəssürat yarandı ki, guya 44 günlük müharibə zamanı Serbiya Azərbaycana qarşı mövqe tutmuşdu. Dərhal demək istəyirəm ki, Serbiyada bəzi dairələrin həqiqətən də Ermənistana silah satdığı barədə məlumatlar doğrudur. Amma bunu Serbiya etməyib, ölkənin özü, Serbiya dövləti etməyib. Bunu Serbiya dövlətindən heç bir bildiriş almadan və heç bir icazə almadan xüsusi şəxslər etdi. Yeri gəlmişkən, prezident Aleksandr Vuçiç dövlət hakimiyyəti ilə əlaqəli olan şəxslərin bu hərəkətlərinə haqq qazandırmağa çalışdı. Hər şeyin belə getdiyinə görə çox təəssüf edirik. Gələcəkdə bir damla da insan qanı tökməmək istəyirik. Düşünürəm ki, məsələ artıq gündəmdən çıxarılıb. Yenə deyirəm, bununla dövlət deyil, özəl biznes məşğul olub. Şəxsən mən öz adımdan üzr istəyirəm, bağışlayın, azərbaycanlı dostlar.
- Bu şəxslərin Serbiya ilə Azərbaycan arasındakı münasibətləri korlamağa çalışdıqlarını deyə bilərikmi?
- Baş verənləri belə şərh etmək olar. Ancaq bu özəl ticarətçilər, ilk növbədə, qazancla maraqlanırlar. Azərbaycana, Ermənistana, Yəmənə, Liviyaya silah satırlar. Yəni kimə satacaqları yox, sadəcə, nə qədər pul qazanacaqları ilə maraqlanırlar. Lakin onlar qanunun ən yüksək həddində cavab verəcəklər, bu gün olmasa da, sabah.
- Serbiyanın xarici işlər naziri Nikola Selakoviç bu yaxınlarda Azərbaycana rəsmi səfər etdi. Onun səfərinin əsas məqsədləri nə idi?
- Mən həmişə Belqradla bütün postsovet ölkələri arasında əlaqələrin genişləndirilməsinin tərəfdarı olmuşam. Postsovet məkanı təkcə Rusiya deyil. Orada 15 respublika var. Bu dövlətlərin hər biri ilə tam hüquqlu əlaqələr inkişaf etdirməliyik. Və yeri gəlmişkən, bu gerçəkləşir. Belqrad ilə Bakı arasında bütün istiqamətlərdə- siyasi, iqtisadi, maliyyə, mədəni münasibətlərdə inkişaf edən münasibətlər buna bariz nümunədir. Bu səfər ölkələrimiz arasında əlaqələrin genişlənməsinə daha çox töhfə verir. Əlaqələrimizin bir çox səhifələri hələ açılmamışdır. Bu səfər əlaqələrimizi yeniləmək məqsədi daşıyırdı. Azərbaycan Prezidenti İlham Əliyevin Belqrad səfərinə də hazırlıq gedir. Bu, çox vacib bir səfərdir. Azərbaycan Prezidenti 10 ildir ki, qonağımız olmayıb. Düşünürəm ki, belə bir yüksək səviyyəli səfərin vaxtı gəldi.
- Serb şirkətləri bu gün azad edilmiş ərazilərin bərpasına töhfə verməyə hazırdırmı? Bu məsələdə Serbiyanın hansı təcrübəsi faydalı ola bilər?
- Serb şirkətlərinin təcrübəsi, əlbəttə ki, çox faydalı ola bilər. Serbiya da müharibə, NATO təcavüzü, bombardmanlar yaşadı. Bir çox infrastruktur obyektləri darmadağın oldu. Serb şirkətləri müharibə zamanı məhv olan hər şeyi bərpa etdilər. Təklifi qəbul edib Azərbaycanın azad edilmiş torpaqlarında bərpa işlərində iştirak edə biləcək şirkətlər var. İqtisadi palatamız bunun necə ediləcəyi ilə məşğul olacaq. Dəvətə görə Prezident İlham Əliyevə təşəkkür edirəm.
- Serbiya və Azərbaycan azad ticarət sazişinin imzalanma ehtimalını təhlil edəcək. Bunu Serbiyanın xarici işlər naziri Nikola Selakoviç bu yaxınlarda keçirilən Azərbaycan-Serbiya biznes forumu zamanı deyib. Bu perspektivi necə qiymətləndirirsiniz? Sərbəst ticarət müqaviləsinin müsbət və mənfi tərəfləri nələrdir?
- Çox yaxşı fikirdir. Şəxsən mən Azərbaycanla azad ticarət haqqında müqavilə bağlamağı çoxdan təklif etmişəm. Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Ermənistanla bir çox müqavilələrimiz var. Ümumiyyətlə, bunlar Avrasiya iqtisadi məkanını əhatə edən müqavilələrdir. Türkiyə ilə ticarət müqaviləsi var. Eyni forma sizin və bizim üçün də çox uyğundur. Məlumdur ki, ölkələrimiz arasında ticarət çox kiçikdir- 20 milyon dollar. Azərbaycan zəngin neft və qaz ölkəsidir. Bu da ölkələrimiz arasında bir əməkdaşlıq mövzusudur. Amma mütləq azad ticarət zonası ilə bağlı müqavilə bağlamalıyıq, inkişafı müxtəlif istiqamətlərə çəkmək lazımdır. Serbiyanın Azərbaycana və əksinə, Azərbaycanın Serbiyaya sata biləcəyi çox şey var. Ölkələrimiz arasında ayrı bir əməkdaşlıq sahəsi neft və qazdır. Bu mövzu əlaqələrimizin gündəmində olmalıdır. Dövlətlərarası iqtisadi əlaqələrimizi inkişaf etdirə biləcəyimiz bir çox sahələr var.
Tərcümə -Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İctimai və dövlət maraqlarının müdafiəsi" istiqaməti çərçivəsində hazırlanıb.
Müsahibəyə video formatda buradan baxa bilərsiniz
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB