Bakı Bəyannaməsi – qardaşlıq, əməkdaşlıq və birliyin zirvəsi - RƏY

Müdrik insanların dəfələrlə söylədiyi “Siyasətin ədalətli, siyasətçinin adil olması onu dəstəkləyənlərin sırasına baxanda məlum olur” - ifadəsi bu gün Azərbaycanda öz təsdiqini tapır. Çünki bizim dövlətin yeritdiyi siyasət də, dövlət başçımızın siyasi fəaliyyəti də dünyanın hər yerində, işğalçı Ermənistan istisna olmaqla, hamı tərəfindən dəstəklənir. Sevindirici haldır ki, bu gün Azərbaycan qalib ölkə kimi dünya dövlətləri tərəfindən qəbul edilməklə yanaşı, həmçinin, qonşu dövlətlərlə monolit birliyə malikdir. Bu nailiyyətlər isə Prezident, Ali Baş Komandan İlham Əliyevin böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, nəhayət, diplomatik siyasətinin reallığıdır. Məhz İkinci Vətən Müharibəsinin 44 gün ərzində 30 il işğalçı Ermənistandan azad olunan torpaqlarımız müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın dövlət başçısına olan birmənalı dəstəyi və onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı müdafiə etməsi, həmçinin dost Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, həmçinin qonşu dövlətlər - Rusiya, İran və Gürcüstanın və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi, həmçinin, bir çox dövlətlər, beynəlxalq təşkilatlar Ali Baş Komandanımız, Prezident İlham Əliyevin son 18 illik Prezidentlik fəaliyyəti dövründə həyata keçirilən xarici siyasətinin nəticəsidir ki, bu gün Azərbaycan beynəlxalq aləmdə çox böyük hörmətə layiq olan, haqqın, ədalətin, ərazi bütövlüyünün bərpası yolunda, Güclü Orduya, iqtisadi gücə malik olan ölkə kimi tanınır, sözünə etibar olunur.

İyulun 27-də Azərbaycan Respublikası Milli Məclisi, Türkiyə Böyük Millət Məclisi və Pakistan İslam Respublikası Milli Assambleyasının sədrləri arasında imzalanan üçtərəfli Bakı Bəyannaməsi bu üç dövlətlər arasında mövcud olan münasibətlərin və qarşılıqlı faydalı əməkdaşlığın beynəlxalq münasibətlər sistemində özünəməxsus yeri və rolu olmasının göstəricisidir. Xalqlarımızın hər zaman bir-birinə bağlı olduqlarını və öz dəstəklərini əsirgəməyiblər. Vətən müharibəsi zamanı Pakistan və Türkiyənin Azərbaycana göstərdiyi mənəvi-siyasi dəstək xalqımız tərəfindən çox böyük rəğbət və sevgi ilə qarşılanıb, şəhər və kəndlərimizdə Azərbaycan bayrağı ilə yanaşı, Pakistan və Türkiyə bayraqları qürurla dalğalandırılıb. Məhz bu münasibətlərin daha da genişləndirilməsinin göstəricisidir ki, Azərbaycan Respublikasının Milli Məclisi parlamentlərarası üçtərəfli əməkdaşlıq formatının təsis edilməsi təşəbbüsünü irəli sürərək, üçtərəfli Bakı Bəyannaməsi imzalanıb.

Bakı Bəyannaməsi – “Bir millət, iki dövlət” tezisinə əsaslanan reallığın təcəssümüdür

Bakı Bəyannaməsi dünyada analoqu olmayan qardaşlığın, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları tarixin ən dar məqamlarında, ən çətin günlərində belə öz sözünü deyir. Belə ki, Azərbaycan dövləti bu çətin günlərdə Türkiyənin yanındadır və meşə yanğınlarının qarşısının alınmasına öz yardımını edir. Yanğından dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana baş vermiş faciədən dərin kədər hissi keçirdiyini, Azərbaycan hökuməti və xalqının hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə xalqı ilə həmrəy olduğunu vurğuladı.

Göründüyü kimi, Azərbaycan və Türkiyə həm sevincli, həm də kədərli günlərdə daim bir-birinin yanındadır. Həmçinin, Pakistan dövlətinin 44 günlük müharibə dövründə Azərbaycanın yanında olması bir daha Azərbaycana dost, qardaşlıq birliyinin nümayişidir. Bu əlaqələrin tarixi azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə birbaşa bağlıdır. XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi virus yayılmışdı. İnsanlar bu ağır xəstəlikdən kütləvi şəkildə dünyasını dəyişirdilər. Həmin vaxt Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampul peyvənd alıb Pakistana göndərir. Bununla da pandemiyanın qarşısı alınır. Pakistan xalqı bu gün də həmin yaxşılığı unutmur.

Bir sözlə, bütün dünyaya nümunə olan və daim güclənən Azərbaycan-Türkiyə-Pakistan arasında imzalana üçtərəfli Bakı Bəyannaməsi ölkələrimiz arasında dostluq, qardaşlıq və əməkdaşlıq münasibətləri dayanmadan inkişaf edəcəyinə müsbət təsir göstərəcək, bundan sonra da ölkələrimiz müxtəlif sahələrdə işbirliyini uğurla davam etdirməklə yeni tarixi nailiyyətlərin altına imza atacaqlar.

MEHDİ BALABƏYOV,

YAP Şabran rayon təşilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...