Kommunist rejimlərin ortaq xüsusiyyətlərindən biri də hakim elitanın deyə bilmədiyini söyləyən sevimli jurnalistlərinin, şərhçilərinin olması idi. Bu sevimlilər tez-tez diktatorlarla birgə yemək yemələri, yay tətilində onları "bağçada" ziyarət etmələri normal hal idi... Sovet İttifaqında, Çində, Kubada və bütün Şərqi Avropada bu, belə idi. Bu gün isə onları "imtiyazlı qruplar" əvəz edir.
Üzündən zəhrimar yağan partiya liderlərini bu gün "populist diktator"lar əvəz edir. İndi bu siyasətçilərin ağızları ilə danışan jurnalistlər yox, dövlət adından danışmaq istədiklərini danışa bilən etnik qruplar var. Axı, nə qədər də olsa diktatorın da ictimai dəstəyə ehtiyacı var.
Məsələn, Çində uyğurlar ikinci növ etnik qrup hesab edilir, ölkənin əsas Xan etnik qrupu isə ölkədə müasir dövrün ən imtiyazlı etnik qrupu sayılır. Postsovet məkanında isə mənzərə fərqlidir. Həm Çar Rusiyasında, həm Sovet dövründə, həm də bu günkü müasir Rusiyada ermənilər həmişə "imtiyazlı etnik qrup" olublar. Və bu gün Rusiya praktiki olaraq beynəlxalq aləmdə Ermənistanın himayədarı, dünya siyasətindəki nümayəndəsidir.
Türkiyə, Azərbaycan və Pakistan arasında imzalanmış Bakı Bəyannaməsinə cavab olaraq Moskvada qalmaqal yarananda biz bunun bir daha şahidi olduq. Əlbəttə, Rusiya hökuməti və Prezident Administrasiyası tək bir mənfi söz demədi, amma Moskvadakı erməni təşkilatlarının beyin mərkəzləri, araşdırma mütəxəssisləri, jurnalistlərin reaksiyasını nəzərə alsaq, bunu sadəcə, "səs-küy" adlandırmaq olmaz, bu, bəlli dairələrin əsl üzü, münasibəti idi.
Bakı bəyannaməsi sadəcə, üç ölkə arasında parlament spikerləri səviyyəsində imzalanmış daha sıx əməkdaşlıq vəd edən sənəd idi. Rusiyanı ABŞ-dan sonra üçüncü Ermənistana çevirən erməni lobbi təşkilatları isə elə bir yalana imza atdılar, feyk xəbərlər yaydılar ki...
İmzalanma mərasimində Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun guya üç ölkə arasında vahid bir ordu qurulduğu barədə yalan xəbərdən sonra "şərh karvanına" təkcə erməni dərnəkləri və qurumları deyil, Rusiya mətbuatı da qoşuldu. Türkiyənin təkzib materialları isə bir neçə gün sonra mətbuatda yayıldı. Lakin saxta xəbərlər və şərhlər qəzetlərin və saytların ön səhifələrdə, manşetdə yer alarkən, təkzib xəbərləri daxili səhifələrdə və ayrı sütunlarda dərc edildi.
Erməni lobbisi və onun ictimai rəyi formalaşdırmaq üçün apardığı əməliyyatlar Rusiyada özünü ilk dəfə hiss etdirmir. Ermənistanın 1994-cü ildən bəri Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağda davam etdirdiyi işğala son qoymaq üçün rəsmi Bakının gördüyü işlər, apardığı danışıqlar və nəhayət 44 günlük II Qarabağ savaşında yalnız erməni mediası deyil, eyni zamanda erməni lobbisinin təsiri altında olan Rusiya mediasında da yanlış ictimai rəyin formalaşması məqsədi ilə əməliyyatlar başlandı, televiziyalarda müəllif verilişlərə start verildi. Maraqlıdır ki, erməni lobbisi izi itirmək üçün etnik ermənilərdən olmayan müəlliflərə daha çox üstünlük verdilər. Amma elə bir veriliş olmadı ki, orada bir, yaxud iki erməni "ekspert" iştirak etməsin. Həmin "ekspert"lər isə daha çox Ermənistanın 30 illik işğalçılıq siyasətini, Dağlıq Qarabağ və ətrafındakı 7 rayonu işğal altında saxladığını, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini rədd etməsini arxa plana keçirməklə, keçmişi unutdurmaqla, gözə kül üfürməklə, Azərbaycanın başladığı azadetmə əməliyyatlarına "işğal" donu geyindirməklə məşğul oldular. Sanki, Ermənistanın işğal etdikləri ərazilər heç vaxt Azərbaycanın olmayıb, əksinə Azərbaycan regionda işğalçılıq siyasəti yürüdür, sülhə təhdid yaradır, dinc əhalinin həmin ərazilərdə yaşamasına əngəl törədir. Amma, Azərbaycan savaşda haqlı tərəf olduğunu, öz ərazilərinin erməni silahlı qüvvələrindən azad etdiyini bütün dünyaya vaxtında çatdıra bildi.
Gələk Rusiyanın üçüncü Ermənistan olmasına. Azərbaycan Rusiya ilə bütün sferalarda - iqtisadi, siyasi, hərbi, aqrar, nəqliyyat, kommunikasiya sahələrdə geniş əlaqələrə sahibdir. Bölgədə həyata keçirilən irili-xırdalı layihələrdə iki ölkə tərəfdaşlıq edirlər. Azərbaycanda Rusiyanın yüzlərlə şirkətləri fəaliyyət göstərir. Amma siyasi məsələlərdə bir az mütəhərriklik özünü büruzə verir. Bu da, yuxarıda dediyimiz kimi, erməni lobbi təşkilatlarından asılı olanların çıxışlarında özünü göstərir. Əməldə isə bu, heç də belə deyil. Yəni erməni lobbisinin apardığı əməliyyatların, təbliğatların əksəriyyəti praktik olaraq həyata keçirilmir. Təbii ki, Rusiya daha çox milli maraqlarını qorumağa üstünlük verir. Rusiyada erməni lobbi təşkilatlarının anti-Azərbaycan təbliğatı bəzən ermənilər tərəfindən yanlış başa düşülür. Yəni, Ermənistan erməniləri Rusiyadakı lobbilərinin "əməyi" sayəsində formalaşdırılan ictimai rəyi rəsmi Moskvanın münasibəti kimi yozub bundan öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Bəzən tərsinə də olur, Rusiya çinovnikləri yanlışlıqla, erməni lobbisinin təsiri altında səhv addımlar atırlar. Bu da sonda Rusiyanın Fransa və ABŞ-dan sonra "üçüncü Ermənistan" olması fikrini isbat edir.
"Üç Ermənistan"ın varlığına, yoxluğuna baxmayaraq, bundan sonra Türkiyə, Azərbaycan və Pakistan tək bir ordu olmasa da, qardaşlıq halqası yaradacaq, hər üç ölkənin iştirak edəcəyi Millətlər Birliyi ideyasını gerçəkləşdirəcəklər.
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB