"Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qərarlaşdırır" - Malik Həsənov

“44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın 30 illik müstəqillik tarixinin vərəqlənməsini bir zərurətə çevirməklə yanaşı, belə bir həqiqəti də təsdiqlədi ki, dövlətin qətiyyəti, dəyişməz mövqeyi uğurların davamlılığında əsas faktordur. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu ndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyev düşünülmüş siyasəti ilə müstəqilliyimizin əbədiliyi naminə köklü islahatları davam etdirir. Bu gün müasir və müstəqil Azərbaycan dövləti ən yüksək zirvədədir. Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü, indiki qədər müstəqil və azad olmamışdır”. SİA-nın verdiyi məlumata görə, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

M.Həsənov qeyd edib ki, tarixi Zəfərimiz Azərbaycanı dünyaya qalib ölkə, dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevi qalib Lider, ordumuzu ən güclü, qüdrətli ordu, xalqımızı məğrur, yenilməz xalq kimi təqdim etdi: “Qələbəmizin memarı cənab İlham Əliyev Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyini bildirir. Ulu öndər Heydər Əliyevin düşünülmüş siyasəti nəticəsində qurulan möhkəm təməl bugünkü uğurlarımızın əsasıdır. Bu gün bəhrəsini verən islahatların təməli sabitlik və inkişaf dövrü kimi xarakterizə olunan 1993-2003-cü illərdə qoyulub. Azərbaycan bu gün təkmil islahatları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında da liderliyini qoruyur. Dünya Bankı Azərbaycanı ən islahatçı ölkələr sırasında qərarlaşdırır. Azərbaycan xalqı dünyanın xoşbəxt xalqları sırasında yer alır. Reytinqlər gələcəyə baxış üçün stimuldur. Bu gün Azərbaycanın siyasi mənzərəsi stabildirsə, dinamik inkişaf bütün sahələri əhatə edirsə, bu, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin gərgin səylərinin, zəhmətinin bəhrəsidir".

Millət vəkili onu da əlavə edib ki, Prezident İlham Əliyevin vurğuladığı kimi, son illərin təcrübəsi müstəqilliyimizin üstünlüklərini açıq-aydın göstərir: “Müstəqil siyasət müstəqilliyin əsas amilidir. Belə olan halda həmişə inkişaf, əmin-amanlıq olacaq, Azərbaycan xalqı rahat, təhlükəsizlik şəraitində yaşayacaq. Azərbaycanın nümunəsi bir çox ölkələr üçün cəlbedicidir. Ölkəmiz istər müharibə şəraitində yaşadığı dövrdə, istərsə də postmüharibə mərhələsində sözünün imzası qədər böyük əhəmiyyəti olduğunu təsdiqləyib. Artıq Zəfərimizin yaratdığı reallıqlara uyğun olaraq diktə edən tərəf kimi çıxış edən Azərbaycan dünya siyasətinə yenilikləri ilə diqqətdədir”.

“Azərbaycanın istər 44 günlük İkinci Qarabağ müharibəsinin getdiyi, istərsə də iki ilə yaxındır ki, dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə tədbirlərinin gücləndirildiyi zamanlarda qəbul etdiyi qərarlara, irəli sürdüyü təşəbbüslərə diqqət yetirmək kifayətdir” söyləyən M.Həsənov vurğulayıb ki, hazırda ölkə və dünya mətbuatında müzakirə olunan yeni əməkdaşlıq formatının- parlamentlərarası əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinin təşəbüskarı da Azərbaycandır: “Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin toplantısının sonunda imzalanan Bakı Bəyannaməsi perspektivləri özündə ehtiva edir. Yeni parlament formalaşdığı vaxtdan ölkəmizin dayanıqlı inkişafına, xalqın rifah halının yaxşılaşdırılmasına, Zəfərin yaratdığı yeni reallıqlara uyğun olaraq müəyyənləşdirilən hədəflərin həyata keçirilməsinə öz töhfəsini vermək üçün səylərini artırır. Azərbaycan, Türkiyə və Pakistan parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətlərinin Şuşaya səfərləri və buradan ünvanladıqları mesajlar da olduqca əhəmiyyətlidir. Hazırkı dövrün əsas çağırışlarından biri Vətən müharibəsi ilə bağlı reallıqların dünya ictimaiyyətinə çatdırılmasıdır”.

Millət vəkili qanunverici orqanın həyata keçirilən islahatlardan kənarda qalmaması üçün ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının təşəbbüsü əsasında 2020-ci ildə keçirilən növbədənkənar parlament seçkilərinin Azərbaycan üçün yeni olduğunu da önə çəkərək bildirib ki, hər bir addımın atılması üçün zərurət lazımdır: “Bu gün Milli Məclisin və hökumətin buraxılacağı ilə bağlı səsləndirilən fikirlər təəccüb doğurmaya bilməz. Dövlətimiz, xalqımız işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinə səfərbər olunduğu, parlamentin məhsuldar fəaliyyətini davam etdirdiyi bir zamanda belə qeyri-ciddi fikirlərin gündəmə gətirilməsinin əsası yoxdur”. yap.org.az

Bütün xəbərlər Facebook səhifəmizdə