Şəhidin xatirəsinə bulaq inşa edilib FOTOLAR

Suraxanı rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov, YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov və digər rəsmi şəxslər Vətən Müharibəsinin şəhidi, kiçik çavuş (MAHHXHQ), "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş İsmayılov Sərdar Sərvər oğlunun adının əbədiləşdirilməsi üçün Yeni Suraxanı qəsəbəsində inşa edilmiş bulağın açılışında iştirak ediblər.

Ə.Əzizov dövlətimizin şəhidlərin ruhuna bəslədiyi ehtiram və onların ailələrinə tükənməyən qayğısından bəhs edərək bildirib ki, Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi qələbədə payı olan Sərdar kimi oğullarımız hər zaman xalqımızın qəlbində yaşayacaq və şəhidimizin doğmalarına göstərilən diqqət və qayğı bundan sonra da davam edəcək.

Şəhidlərimizə olan hörmət və ehtiramını bildirən YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbr diləyib, bildirib ki, bütün şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaq. Qeyd edib ki, dövlət başçısının şəhid ailələrinin sosial qayğılarına göstərdiyi böyük diqqət bizlər üçün də nümunə təşkil edir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır. V. Seyidov şəhidimizin əziz xatirəsini bir daha yad edərək, təşkilat adından "Anım lövhəsi"ni şəhid ailəsinə təqdim edib.

Göstərilən diqqət və qayğıya görə şəhidin ailə üzvləri öz dərin minnətdarlıqlarını bildiriblər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə