“Paşinyan həyasızlıq nümayiş etdirir” - ŞURA SƏDRİ MÜNASİBƏT BİLDİRDİ

“Son zamanlar Ermənistan hökuməti sərhəd bölgələrimizdə və yaxud açıqlamalarında təxribatla məşğuldur. Sərhəd bölgələrində atəşkəsi pozmaqla təxribat yaradaraq hay-küy salıb Azərbaycanı ittiham edir, bizi aqressiyada günahlandırır”. Bunu SİA-ya açıqlamasında Qaçqınların və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsi yanında ictimai Şuranın sədri Anar Xəlilov deyib.

A.Xəlilov təəssüf hissi ilə bildirdi ki, bəzi Qərb dövlətləri 30 il Azərbaycanın ərazilərinin işğal altında saxlanılmasına susduqları halda indi ermənipərəst mövqe nümayiş etdirirlər: “Bundan ruhlanan Ermənistanın siyasi hakimiyyətində təmsil olunan şəxslər isə sərsəm bəyanatlar verməklə məşğuldurlar. Ermənistanın Baş naziri səlahiyyətlərini icra edən Paşinyan isə daha uzağa gedərək açıq-aşkar həyasızlıq nümayiş etdirərək Nazirlər Kabinetinin iclasında bəyan edib ki, 10 noyabr aktında Zəngəzur dəhlizinin açılması ilə bağlı bənd yoxdur. Heç bir dəhlizdən söhbət gedə bilməz və dəhliz açılmayacaq. Ancaq 10 noyabr aktında açıq şəkildə yazılıb ki, Ermənistan bütün nəqliyyat və kommunikasiya yollarını açmalıdır. Bu yollar isə Naxçıvanı Zəngəzur ərazisindən Azərbaycana birləşdirir. Başqa bir dəhliz coğrafi mövqe baxımından yoxdur. Paşinyanın bu bəyanatı 10 noyabr Aktı ilə razılaşmanın tələblərinin pozulması deməkdir. Azərbaycanın bundan sonra atacağı addımların bütün məsuliyyəti Paşinyanın üzərinə düşəcəkdir. Ümumiyyətlə, hesab edirəm ki, 44 günlük müharibə zamanı ermənilərin başına dəyən "Dəmir yumruq" zərbəsi bunları ağıllandırmayıb. Ermənilər öz səfeh iddialarından əl çəkmək fikrində deyillər. Paşinyanın bu axmaq bəyanatından sonra hesab edirəm ki, Azərbaycan da Laçın dəhlizini bağlamalı və akta uyğun olaraq Laçın şəhərinə nəzarəti tam ələ keçirməlidir. Ermənilər anlamalıdır ki, Azərbaycan humanistlik edərək 10 noyabrda atəşkəsə gedərək ermənilərə düşünməyə vaxt verdi. Əgər bunlar düşünmək qabiliyyətinə malik deyillərsə, növbəti dəmir yumruq almaları qaçılmaz olacaq”.

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə