1 Avqust Azərbaycan Dili və Əlifbası Günüdür ŞƏRH

Dilimiz varlığımız, qürurumuzdur

Dil mədəniyyətdir, dil ünsiyyətdir. Dil xalqın varlığıdır. Dil xalqın tarixi, mədəniyyəti, bu günü və gələcəyidir. Dilin saflığı, onun qorunması yolunda illər uzunu mübarizə və mücadilə aparılıb. Dünyada ən gözəl, ən məlahətli, ən şirin nemət dildir. Ən çətin zamanlarda belə dil qorunub. Gözəl bir ifadə var: nə qədər ki, əsarət altına alınmış xalq öz dilini dərindən bilir, o sanki öz zindanının açarını əlində saxlayır... Demək, dili bilmək, onun saflığını qorumaq xalqın varlığını yaşatmaqdır. Dünya təcrübəsi göstərir ki, bir xalqın xalq olması üçün dilinin varlığı mütləqdir. Bəli, Azərbaycan xalqı xoşbəxt bir xalqdır ki, əsrlərə söykənən dilini qoruyub saxlaya bilmişdir. Bu əsasda formalaşdırılan milli-mənəvi dəyərlər sistemi zaman-zaman qorunub-saxlanılmış, bu günümüzə qədər gəlib çatmışdır. Bildiyimiz kimi, bizim ana dilimiz bu günə kimi, çox ziddiyyətli yollar keçsə də, öz zənginliyini və saflığını qoruyub-saxlamışdır. Tarixin dönəminə nəzər salsaq görərik ki, Azərbaycan dili ərəb istilası dövründə iki əsr əsarət altında olmuş və bu baxımdan da, dilimizə ərəb-fars mənşəli sözlər daxil olmuşdur. Ərəb əlifbası dəyişdirildikdən sonra latın qrafikasına keçsək də, bu, uzun sürməyən bir proses oldu. Bildiyimiz kimi, 1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. 1923-cü ildən etibarən, latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən etibarən, Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi.

1969-cu ildən başlayaraq, Azərbaycan dili sahəsində aparılan islahatlar öz nəticəsini verməyə başladı. Ümummilli Lider Heydər Əliyev ana dilinin saflığının qorunması üçün mühüm addımlar atdı. "Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini, Azərbaycan dilini və dövlət dilini mükəmməl bilməlidir", - deyən Ulu Öndər Heydər Əliyev dil uğrunda mübarizədə qətiyyət və prinsipial mövqedən çıxış edirdi. 1978-ci ildə SSRİ rəhbərliyi milli dəyərlərə, dilə birmənalı yanaşdığı halda, Ümummilli Liderin qətiyyəti və məntiqi nəticəsində, Azərbaycan Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olduğunu təsdiq edən maddə daxil edildi. Bu, dilimizə qarşı olan tələbkarlıq idi. Onu da bildirək ki, həmin illərdə Azərbaycan dilinin tarixi o zamana qədər görünməmiş ardıcıllıqla araşdırılıb, çoxcildlik "Müasir Azərbaycan dili" kitabları yaradılıb.

MÜSTƏQİLLİYİMİZ LATIN QRAFİKALI AZƏRBAYCAN ƏLİFBASININ BƏRPASINI ZƏRURİ ETDİ

Sovet imperiyasının buxovlarından xilas olan Azərbaycanda 1990-cı ildən yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanılmışdır. Azərbaycan Əlifba Komissiyasının tərtib etdiyi yeni əlifba 1992-ci ildə təsdiq edilmiş və tətbiq edilməyə başlanılmışdır. Müstəqil Azərbaycan Respublikasının 1995-ci il noyabrın 12-də Referendum yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Hər hansı bir dilin dövlət dili statusu alması, şübhəsiz ki, hər bir dövlətin bir dövlət kimi formalaşması ilə, bilavasitə bağlıdır. İmperiya dövründə ana dilimizə qarşı edilmiş haqsızlıq aradan qaldırıldı, onun hüquqları qorundu və cəmiyyətdəki mövqeləri tam bərpa edildi. Müstəqilliyimizin qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Bu isə, müvafiq qanun qəbul olunması ilə nəticələndi. 1 Avqust Azərbaycan Dili və Əlifbası Günü kimi qeyd olunması ilə bağlı 9 avqust 2001-ci ildə Ümummilli Lider Heydər Əliyev tərəfindən Fərman imzalandı. Ümummilli Lider Heydər Əliyevin imzaladığı sərəncamlar əsasında Azərbaycan dilinin təkmilləşməsinə, onun inkişafına yol açdı. Daha sonra Ulu Öndər Heydər Əliyevin "Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında" Sərəncamı da milli-mənəvi dəyərlərin qorunub-saxlanması istiqamətində həyata keçirdiyi məqsədyönlü siyasətin əsasını təşkil edən amillərdəndir.

BU GÜN DİLİMİZƏ, MƏDƏNİYYƏTİMİZƏ DAİM BÖYÜK DİQQƏT VƏ QAYĞI GÖSTƏRƏN PREZİDENT İLHAM ƏLİYEV DİLİMİZİN İNKİŞAFINA ÖZ TÖHFƏLƏRİNİ VERİR

Prezident İlham Əliyev tərəfindən bir-birinin ardınca imzalanan "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında", eləcə də, "Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında" sərəncamları Azərbaycan dilinin inkişafı istiqamətində növbəti addımlar oldu. Bu gün müstəqil bir ölkənin vətəndaşı olaraq, Ana dilimizi qorumaq borcumuzdur. Bu dil bizim ana laylamızın dilidir. Azərbaycanın dilidir. Milyonlarla insanımızın danışdığı dildir. Sevgimizin dilidir ki, dilimizdən, qəlbimizdən axıb gələn müqəddəs kəlamları - Azərbaycan, Vətən, Torpaq sözlərini bu dillə ifadə edirik. Hər bir Azərbaycan vətəndaşının borcudur ki, bu dili sevsin. Azərbaycan dili bu gün planetimizin 70-dək ölkəsində yaşayıb-yaradan 50 milyondan artıq bir xalqın dili kimi formalaşıb. Azərbaycan dili milli müstəqilliyin, suverenliyin, istiqlalın, Azərbaycan ideologiyasının əsaslarından biri olduğundan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək, xalqa təqdim olunub. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub-möhkəmləndirmişdir. Ona görə də, xalqımıza ulu babalardan miras qalan bu, ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı və daim qayğı ilə əhatə etməlidir. Hər bir sahədə çalışan insan dilin qayda-qanunlarına əməl etməyə vətəndaş olaraq borcludur. Dilin qorunması, işlənməsi, yad ünsürlərdən mühafizəsi, danışıq dilində sözlərin tələffüzü və digər məsələlər vacib hesab olunur. Dilin təmizliyi uğrunda mübarizə aparan və milli dilin inkişafına ömürlərini həsr edən simaların və şəxsiyyətlərin qarşısında məsuliyyətliyik. Bu gün çox təəssüf hissi ilə qeyd etməliyik ki, dilimizə yad olan sözlərlə tez-tez rastlaşırıq. Milli mətbuatımızda da belədir. Jurnalistin əsas materialı sözdür. Söz fikrin gerçəkliyinin ifadəçisidir. Mətbuatda informasiya dil və söz vasitəsilə çatdırılır. Əlbəttə ki, jurnalist peşəkarlığının əsas elementlərindən biri dildən istifadə ilə bağlıdır. Danışıq dilində, informasiyanın çatdırılmasında fikrin aydın və lakonik şəkildə çatdırılması, yeri gələndə, nitqdə hiss-həyəcan və emosiyanın duyulması, bəzən kəskinliyin, sərtliyin görünməsi - bütün bunlar jurnalist üçün vacib hesab edilən amillərdir.

1 Avqust Azərbaycan Dili və Əlifbası Günüdür. Hər kəs Azərbaycan dilini qorumalı və onun müqəddəsliyini dərk edərək varlığı qədər sevməlidir və buna borcludur.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə