Bakı Bəyannaməsi Prezident İlham Əliyevin yürütdüyü siyasətin uğurlu göstəricisidir RƏY

Bu gün Azərbaycanda güclü xalq-iqtidar birliyi və bu birliyin başında Ulu Öndər Heydər Əliyevin möhkəm siyasi təməllərini əsas tutan Prezident İlham Əliyevin şəxsi liderlik qabiliyyəti və düzgün müəyyənləşdirilmiş siyasi xətti mövcuddur. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk günlərdən etibarən dövlət, ordu quruculuğu, iqtisadiyyatın dirçəldilməsi, region və dünya dövlətləri ilə münasibətlərin demək olar sıfırdan qurulması, beynəlxalq təşkilatlarla əməkdaşlığa başlanılması dövlətin qarşısında duran təməl prinsiplər olub. Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələlərə diqqət artırılıb, həyata keçirilən uğurlu daxili və xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki reytinqini getdikcə yüksəldib. Məhz bunun məntiqi nəticəsidir ki, daha əvvəlki illərdə dünya Azərbaycanı məğlub ölkə kimi tanıyırdısa, bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan qalib və qürurlu dövlət kimi tanınır. Bütün bunlar ölkəmizin mövqeyini daha da möhkəmləndirir, reytinqini yüksəldir.

Dost və düşməni tanıdan 44 günlük Vətən Müharibəsi

El arasında gözəl bir məsəl var: «Yaxşı dost dar gündə sınanar!». Bu deyimi, təkcə fərdi-insani münasibətlərə deyil, həmçinin xalqlar, dövlətlər arası münasibətlərə də şamil etmək olar. Yaxın keçmişdə erməni təcavüzkarları tərəfindən xalqımızın başına gətirilən müsibətlər danılmaz bir həqiqəti – Azərbaycan Türkiyə arasındakı qədim dostluq-qardaşlıq bağlarını bir daha yenilədi, bu bağların əbədi və sarsılmaz olduğunu göstərdi. Çünki onların kökləri çox dərindədır. Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Türkiyə ilə Azərbaycanın əlaqələrinin qədim və zəngin tarixi var. Bu əlaqələr dostluq, qardaşlıq əlaqələridir. Həmin əlaqələrin mənbəyi bizim müştərək tarixi köklərimizdir, eyni kökə mənsubiyyətimiz, dilimizin, dinimizin, adət-ənənələrimizin eyni olmasıdır. Bütün bunlar əsrlər boyu bizi bərabərliyə, dostluğa, əməkdaşlığa çağırıbdır”.

Həyatımızın hər sahəsində izi görünən, nəfəsi duyulan ümummilli liderimiz Heydər Əliyevin illər öncə müdrikcəsinə söylədiyi – “Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir” və böyük öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir”, - kəlamları yaşadığımız günlərdə bir daha tarixiləşdi, toplumun bütün kəsimləri tərəfindən bəyənilən, uşaqdan-böyüyə hər kəsin dilinin əzbəri olan, istər sosial şəbəkələrdə, istərsə də cəmiyyət həyatının hər hansı bir sahəsində ən çox işlədilən ifadəyə çevrildi.

Bəli, bu dünyada analoqu olmayan qardaşlığın, Ulu Öndər Heydər Əliyevin dediyi kimi, «Bir millət, iki dövlət» tezisinə əsaslanan reallığın təcəssümüdür. Bu gün hər iki dövlət yaxşı gündə də, pis gündə də bir-birinin yanındadır, hər iki dövlət eyni yolu yaşayır. Və bu gün Türkiyə ilə birlikdə strateji səmimiyyət nümayiş etdirən Pakistan Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələr sırasında yer almaqla yanaşı, xalqlarımız arasında qarşılıqlı etimada söykənir. İyulun 27-də Milli Məclisdə Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin "Bakı Bəyannaməsi"ni imzalaması bir daha 3 qardaş ölkənin münasibətləri xalqlarımız arasında qarşılıqlı etimada söykəndiyini göstərdi. Əməkdaşlıq formatı olan Bakı Bəyannaməsi həm mənəvi birlik və həmrəylik rəmzi, həm də qardaşlıq münasibətlərinin təntənəsidir. İstər qardaş Türkiyə, istərsə də dost Pakistan dövlətinin Azərbaycana münasibəti, həmrəyliyi əlbəttə şübhə doğurmur. Xüsusilə 44 günlük müharibə ərzində biz həm rəsmi Ankara, həm də İslamabadın ən yüksək səviyyədə ədalətə əsaslanan siyasi mövqeyini aşkar şəkildə gördük. Bu münasibət və mövqeyin parlamentar səviyyədə realizəsi isə birbaşa xalqlarımızın mövqeyinin təsbiti deməkdir. Bir sözlə, Bakı Bəyannaməsinin imzalanması həm Prezident İlham Əliyevin siyasi iradəsinin, qətiyyətinin və yürütdüyü çoxvektorlu xarici siyasətin Türkiyə və Pakistan kimi güclü dövlətlər tərəfindən dəstəklənməsi, həm də dövlətimizin başçısının müstəqil xarici siyasət yürütməsinin və müstəqil qərarqəbuletmə mexanizminin reallaşdırılmasıdır.

SEYFƏDDİN ƏLİYEV,

YAP Masallı rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə