Azərbaycan-Ermənistan sərhədində gərginlik: Nə baş verir?

Azərbaycan-Ermənistan sərhədində gərginlik: Nə baş verir?

Azərbaycan-Ermənistan sərhədində baş verən insidentlər Rusiya mediasında necə təqdim olunur? Problemin nədən yarandığını və kimin günahlar olduğunu rusdilli media obyektiv formada verirmi? Mövzu ilə bağlı "Moskva-Bakı" portalında dərc olunmuş yazını oxucularımıza təqdim edirik

Sərhəddə gərginləşməni kim təşkil edir?

Azərbaycan-Ermənistan sərhədində hərbçilərin yaralanmasına və ölümünə səbəb olan növbəti təxribatlar haqda xəbərlər gəlməkdə davam edir. Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər bölgəsində müxtəlif istiqamətlərdə yerləşən döyüş mövqelərindən Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqelərini intensiv atəşə tutub.

Azərbaycan Müdafiə Nazirliyi atəşin kiçik silahlardan və qumbaraatanlardan həyata keçirildiyini, atəş nəticəsində 2 azərbaycanlı hərbçinin- Əliyev Sadıq və İmranlı İmranın yaralandığını qeyd edib. Yaralılara ilkin tibbi yardım göstərilib. İndi hərbçilərin həyatı üçün təhlükə yoxdur.

Eyni zamanda, Azərbaycan ordusunun erməni tərəfinin təxribatına cavab olaraq həyata keçirdiyi əks tədbirlər zamanı baş leytenant Hayk Gevorkyan, Ermənistan Silahlı Qüvvələrinin sıravi əsgərləri Koryun Harutyunyan və David Köçəryan öldürülüb. Bundan əlavə, hərbi əməliyyatlar zamanı 3 erməni hərbçi güllə yarası alıb. Məlumatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib.

Azərbaycan Müdafiə Nazirliyi sərhəddə vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyəti Ermənistanın daşıdığını qeyd edən bir açıqlama yaydı. Nazirlik onu da vurğuladı ki, Azərbaycan atəşkəslə bağlı Rusiyanın təşəbbüsünü qəbul etdi, lakin Ermənistan intensiv atəş açmağa davam edir.

Sitat: "Rusiya tərəfinin Bakı vaxtı ilə saat 10:00-dan etibarən Ermənistan-Azərbaycan dövlət sərhədində atəşkəs elan etmək təşəbbüsünü qəbul etdik, buna baxmayaraq, Ermənistan tərəfi vəziyyəti gərginləşdirməkdə davam edir və tanklardan və 120 mm-lik minaatanlardan istifadə edərək mövqelərimizi atəşə tutur".

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan ərazisindəki mülki obyektlərə ziyan vurulması ilə bağlı məlumatları yalan və dezinformasiya adlandırdı.

Demək lazımdır ki, bu, erməni tərəfinin atəşkəs razılaşmalarını pozmaq üçün yeganə cəhdi deyil. Bu ərəfədə Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Basarkeçər rayonu ərazisindəki mövqelərdən Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini atəşə tutdu. Atəş snayper tüfənglərindən, avtomatlardan və pulemyotlardan açılıb. Bundan başqa, 25 və 26 iyul tarixlərində Kəlbəcər rayonu ərazisindəki Azərbaycan mövqelərinin intensiv atəşə tutulması həyata keçirilmişdi.

Rəsmi Bakı İrəvanı bölgədəki yeni reallıqları qəbul etməyə, hərbi təxribatları dayandırmağa və dövlət sərhədinin delimitasiyası ilə bağlı danışıqlara başlamağa çağırdı. Eyni zamanda, Azərbaycan Xarici İşlər Nazirliyi ölkənin ərazi bütövlüyünə qarşı yönəlmiş hərəkətlərə qəti şəkildə cavab veriləcəyinə inandırdı.

Sitat: "Azərbaycan beynəlxalq sərhədləri daxilində ərazi bütövlüyünü müdafiə etmək hüququnu özündə saxlayır və ölkənin ərazi bütövlüyünə qarşı atılan hər hansı bir addıma qəti cavab veriləcək".

Delimitasiyaya başlamaq

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan-Azərbaycan sərhədində silahlı alovlanma ilə bağlı vəziyyəti də jurnalistlərə şərh edərək bildirib ki, həm Azərbaycan, həm də Ermənistanla yaxın münasibətləri olan Rusiya Ermənistan-Azərbaycan vəziyyətinə xüsusi diqqət yetirir. Moskva Azərbaycan-Ermənistan sərhədində və Rusiya sülhməramlı kontingentinin yerləşdiyi Qarabağda hər hansı bir eskalasiya və gərginliyin təzahürlərini narahatlıqla qəbul edir.

Sitat: "Bu vəziyyətə son dərəcə mənfi təsir göstərir və dialoqun normallaşmasına töhfə vermir, iki ölkə üçün əsassız itkilərə səbəb olur. Bu baxımdan, sərhəd hadisələri zamanı həlak olanların yaxınlarına başsağlığı vermək istəyirik. Problem yalnız siyasi və diplomatik tədbirlərlə həll edilməlidir. Hər iki tərəf üçün qarşıdurma ritorikasından çəkinmək son dərəcə vacibdir. Sərhədlərin delimitasiyasına dərhal başlanması və sonrakı demarkasiyası ilə davamlı deskalasiyanın təmin oluna biləcəyinə əminik. Rusiya tərəfi dialoqu konstruktiv kanala çevirə biləcək bir sıra sənədlər hazırlayıb".

Zaxarova 3 ölkənin - Rusiya, Azərbaycan və Ermənistanın başçılarının optimal həll yolunda qərarlı olduqlarını təsdiq etdiklərini, qan tökülməsini dayandıran razılaşmaların ardıcıl və hərtərəfli həyata keçirilməsinə sadiq olduqlarını ifadə etdiklərini qeyd etdi.

Rusiya Xarici İşlər Nazirliyi də artıq bir neçə dəfə müzakirələr aparan üçtərəfli işçi qrupunun fəaliyyətinə xüsusi diqqət yetirir.

Sitat: "Ümid edirik ki, yaxın gələcəkdə işçi qrupu görüşləri bərpa edə biləcək. Bu, həm Azərbaycanın, həm də Ermənistanın, bütün Cənubi Qafqazın maraqlarına cavab verən birgə infrastruktur layihələrinin mərhələli şəkildə həyata keçirilməsinə imkan verəcək".

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə