Amerika hərbi ekspertləri Şuşanın azad edilməsinin sirrini açıqladılar - RƏY

Dünyanın aparıcı hərbi təşkilatları Azərbaycanın 2-ci Qarabağ müharibəsindəki uğurlarını öyrənməyə davam edirlər. Beləliklə, ABŞ Müdafiə Nazirliyinin tərkibinə daxil olan “West Point” Hərbi Akademiyasının Hərbi Hazırlıq Departamenti yanında Müasir Döyüşlər İnstitutu Şuşa şəhəri uğrunda döyüşü ətraflı araşdırdığı bir məqalə dərc edib.

Məqalədə deyilir: “Qarabağ müharibəsinin dərsləri göstərir ki, şəhər döyüşləri müasir müharibələrin əsas hissəsi olaraq qalır. Dağlıq Qarabağ müharibəsinin ən vacib döyüşü Şuşa şəhərində baş verdi. Şuşanın azad edilməsindən sonra Ermənistan təslim oldu və əvvəllər əlində saxladığı çox sayda ərazini təhvil verərək özü üçün əlverişsiz bir müqavilə bağladı”.

Şəhər Müharibəsi Araşdırmaları Departamentinin rəhbəri Con Spencer (İraqdakı müharibə bölgəsində 25 il piyada qoşunlarında xidmət etmişdir) müharibə ilə bağlı hesabat və analitik materialların əksəriyyətində texnoloji üstünlüyə diqqət yetirdiyini qeyd etdi. Lakin Spencer Azərbaycan silahlı qüvvələrinin müvəffəqiyyətinin sirrini hərbi kamikadze pilotsuz təyyarələrinin istifadəsində görmür.

“28-30 oktyabr tarixləri arasında 400 Azərbaycan hərbçisi 5 gün meşə və dərələrdə dolaşdı, xüsusən də yaxşı qorunan Laçın dəhlizindən və ətraf kəndlərdən ehtiyatla hərəkət etdi. Şəhərə müxtəlif istiqamətlərdən yaxınlaşmaq üçün 100 nəfərlik qruplara ayrıldılar. Azərbaycan qoşunlarının artilleriya və texnika dəstəyi olmadığı bir halda, əsas yollara hücum edəcəyinə inanaraq, əsasən, oraları müdafiə edən ermənilərin qorumadıqları sıldırım qayalara və dağlara dırmaşdılar. Gecə yürüşləri Şuşanın müdafiəsini görünməz meşələr və dağlıq ərazilərdən hiss etmədən keçmək üçün Azərbaycan xüsusi təyinatlılarına qərarlı addım atmağa imkan verdi".

Məqalə müəllifi Azərbaycanın bütün cəbhələrdə üstünlük təşkil etdiyi qənaətinə gəlir: “Ordu ən son hərbi texnikalar, həmçinin pilotsuz uçuş aparatları və atəşə dəstək platformaları ilə təchiz edilmişdi. Rəhbərlik Rusiya, Türkiyə və İranla sıx əlaqədə olmuşdu. Həmçinin, Azərbaycan informasiya müharibəsi sahələrində qeyd-şərtsiz qələbə qazandı”.

Tərcümə - Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə