Qələbə zəfərindən Böyük quruculuğa doğru

Prezident İlham Əliyev: “Azad edilmiş ərazilərdə görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir”

44 günlük Vətən müharibəsində əldə edilən qələbədən sonra ölkəmizin həyatında yeni dövr başlayıb, işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa prosesinə start verilib. Bütün bu məsələlər Prezident İlham Əliyevin “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” strategiyasında aydın şəkildə öz əksini tapıb. Növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş milli prioritet müəyyənləşdirilib. Bu prioritetlər, əlbəttə ki, Vətən müharibəsində ərazi bütövlüyünü təmin edən Azərbaycanın gələcək yüksəlişinə hədəflənib.

Ölkəmiz həm də region üçün yaxşı gələcək qurmağa hazır olduğunu nümayiş etdirir. Dövlət başçısı çıxışlarında da bu məsələyə toxunaraq vurğulayıb ki, Azərbaycan artıq yenidənqurma işlərinə, bütün region ölkələri üçün və nəticədə regionda sabitlik üçün faydalı olacaq layihələri həyata keçirməyə başlayıb. Çünki Azərbaycan öz öhdəliklərinə sadiqdir və müharibədən sonra da çox konstruktiv yanaşma nümayiş etdirir. Bu reallıqlar isə uzunmüddətli olacaq. Tarixi zəfər nəticəsində işğaldan azad edilmiş ərazilərin malik olduğu potensialın ölkəmizin ümumi iqtisadiyyatına yönəldilməsi dayanıqlı inkişafa böyük təkan verəcək.

Prezident İlham Əliyev iyulun 22-də Azərbaycanın qərb bölgəsinə - Daşkəsən, Naftalan və Goranboya səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri və bu istiqamətdə yeniliklər barədə məlumat verərək bildirib ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı icra edilir: “Əlbəttə, İkinci Qarabağ müharibəsindən sonra bizim əsas diqqətimiz azad edilmiş torpaqlaradır. Ancaq bizim ənənəvi işlərimiz, regionlarla bağlı olan proqramlar da yaddan çıxmamalıdır və çıxmır”.

“Əlbəttə, o bölgələrdən olan insanlar - keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır”

“Biz müntəzəm olaraq Azərbaycan ictimaiyyətini gedən işlərlə bağlı məlumatlandırırıq. Görülən bütün işlər xalq tərəfindən bəyənilir, dəstəklənir. Əlbəttə, o bölgələrdən olan insanlar - keçmiş köçkünlər bu layihələrin icrasında iştirak edirlər, onların rəyi mütləq nəzərə alınır. Müharibədən cəmi 8 ay keçib, amma görün nə qədər böyük işlər görülür”. Bu barədə Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı “İşğaldan azad olunmuş ərazilərimizdə bərpa və yenidənqurma işləri aparılır. Bu istiqamətdə hansı yeniliklər barədə danışmaq olar?” sualını cavablandırarkən bildirib.

“Biz, əlbəttə, ilk növbədə, mina təmizləmə işləri ilə məşğul olmalıydıq və məşğul oluruq”, - deyən dövlətimizin başçısı qeyd edib ki, bu, həm çox vaxt, həm də böyük vəsait aparır. Əfsuslar olsun ki, müharibədən sonra 150-yə yaxın Azərbaycan vətəndaşı minalara düşərək ya həlak olub, ya da öz sağlamlığını itirib.

Mina xəritələrinin Azərbaycana verilməməsinin və bunun hansısa şərtlərlə verilməsinin Ermənistan tərəfindən göstərilən növbəti əxlaqsızlıq, mənəviyyatsızlıq, vicdansızlıq olduğunu vurğulayan Prezident İlham Əliyev deyib ki, bu, normal insani davranışa zidd olan yanaşmadır: “Bu, bir daha Ermənistan rəhbərliyinin bizə qarşı olan nifrətinin, düşmənçiliyin təzahürüdür. Çünki mina xəritələrini verməməsinin heç bir əsası yoxdur. Müharibə qurtarıb, biz qalib gəlmişik. Ermənistan məğlub olub, bu məğlubiyyətlə barışıb, barışmalı olub, məcbur etdik. İndi mina xəritələrini verməməsi nə məqsəd güdür? Daha çox azərbaycanlılar həlak olsun, daha çox insanlar əlil olsunlar. Bu, düşmənçilik deyil, nədir? Bu, bir daha onların xislətini göstərir”.

“Azərbaycan xalqı heç nəyi unutmamalıdır”

Azərbaycan Prezidenti onu da bildirib ki, bütün bunlara baxmayaraq Azərbaycan xalqı heç nəyi unutmamalıdır: “Azərbaycan xalqı heç nəyi unutmamalıdır. Azərbaycan xalqı çox xeyirxah xalqdır, çox xoşniyyətli xalqdır. Bəzi hallarda biz bəzi tarixi məqamları tez unuduruq. Biz erməni vəhşiliyini, Xocalı soyqırımını, torpaqlarımızın işğal altına düşməsini, törədilən urbisidi heç vaxt unutmamalıyıq və unutmayacağıq. Ona görə minatəmizləmə məsələləri əsas məsələlərdən biridir. Bununla paralel olaraq görün nə qədər böyük işlər görülür”. Dövlət başçısı, həmçinin işğaldan azad olunmuş ərazilərimizdə, ümumiyyətlə ölkəmizdə yol infrastrukturunun vacib olduğunu deyərək bildirib ki, enerji sahəsindən başqa ikinci vacib sahə yol infrastrukturudur: “Burada da 8 ay ərzində görün nə qədər böyük işlər görülüb. Bərdə-Ağdam avtomobil yolu tikilir, Zəfər yoluna, demək olar ki, sentyabr ayında asfalt döşənməsi də başa çatacaq. Zəfər yolu olmayıb heç vaxt. Dərədən, dağlardan, meşələrdən keçən o yol gərək açılaydı, torpaq yol çəkiləydi, ondan sonra asfalt yol. Cəmi 8-9 ayda biz bunu edirik. Paralel olaraq Füzuli-Şuşa magistral yolu, Horadiz-Ağbənd yolu çəkilir, 4-6 zolaqlı yoldur. Zəngilan-Qubadlı-Laçın yolu çəkilir. Bu da çox önəmli yoldur. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl yolları - bütün yollar üzrə qızğın iş gedir. Kəlbəcərə rahat çatmaq üçün Göygöldən Ömər aşırımı üzrə yol çəkilir. Bu yol heç vaxt olmayıb, cığır olub. Qış aylarında heç vaxt ondan istifadə olunmayıb. Biz indi yol çəkirik, tunellər çəkirik ki, ilin bütün mövsümlərində o yoldan istifadə edə bilək. Eyni zamanda, biz Göygölü də turizm mərkəzi kimi Kəlbəcərin gələcək mənzərəli turist mərkəzləri ilə bağlamış oluruq. Digər yollar, Kəlbəcər, Laçın rayonlarında hərbi əhəmiyyətli yollar çəkilir. Bu yolların ümumi uzunluğu 700 kilometrə qədərdir. Çünki orada yol olmayıb, sərhədə gedən istiqamətdə yol olmayıb. Orada qar may ayında əriyib. İndi qış gələnə qədər - qış da oktyabr ayında gələcək, - oktyabr ayına qədər biz orada nə qədər yol çəkməliyik və bunu edirik. Bu, böyükmiqyaslı işdir, mətbuatda çox da işıqlandırılmır. Təbiidir, amma strateji nöqteyi-nəzərdən və sərhəddə öz mövqelərimizi möhkəmləndirmək nöqteyi-nəzərindən bu yolların çox böyük əhəmiyyəti var”.

“Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”

“Biz bu ilin sonuna qədər azad edilmiş torpaqlarda - həm Qarabağda, həm Şərqi Zəngəzurda bütün elektrik təsərrüfatını quracağıq: yeni xətlər, ötürücü xətlər, transformatorlar, yarımstansiyalar, elektrik stansiyaları. Ermənilər tərəfindən dağıdılmış 12 su elektrik stansiyasını ki, Kəlbəcər və Laçın rayonlarında onlara iki həftə möhlət verəndən sonra onları yandırıb dağıtmışdılar. Beləliklə, bu, əsas məsələdir. Çünki bu olmasa, heç bir inkişafdan söhbət gedə bilməz”.

"İlin sonuna qədər planlaşdırılır ki, tam yekunlaşdıraq. Amma, əlbəttə ki, bundan sonra dediyim kimi, yaşıl enerji layihəsi icra ediləcək. Artıq bir xarici şirkət tərəfindən maraq göstərilib. 200 meqavatlıq günəş elektrik stansiyasının xarici şirkətin vəsaiti hesabına tikintisi ilə bağlı razılığa gəldik. Bu, çox gözəl, önəmli hadisədir. Eyni zamanda, başqa şirkətlər üçün də bu, bir siqnaldır. Mən bilirəm ki, indi dünyanın müxtəlif enerji şirkətləri öz prioriteti üçün bərpaolunan enerjini təsbit ediblər. Biz onları da dəvət edirik, gəlsinlər, investisiya qoysunlar. Bizim şaxələndirilmiş enerji şəbəkəmiz var, bizim bütün qonşu ölkələrlə - Türkiyə, Rusiya, İran, Gürcüstanla yüksək gərginlikli enerji xətlərimiz var. Biz istənilən yerə enerjini ötürə bilərik. Məsələn, biz İrana indi ixrac edirik, Rusiyaya həm ixrac edirik, həm idxal edirik, amma daha çox ixrac edirik. Eyni zamanda, Gürcüstana, Türkiyəyə ixrac edirik. Daxili tələbat artacaq. Ona görə bu sahə xüsusi önəm daşıyır”.

Dövlət başçısı onu da vurğulayıb ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik: «Bütün xərcləri öz hesabımıza edirik, heç bir yerdən bir manat yardım almamışıq. Bəli, xarici şirkətləri biz dəvət etmişik, amma podratçı kimi. Bütün vəsait dövlət büdcəsindən gedir. Dövlət büdcəsi üçün bu, böyük yükdür. Təbiidir, amma biz bunu edirik, edəcəyik. Dediyim kimi, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik”.

“Zəngəzur bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”

Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, Ermənistanın məyusluğu bundan sonra da davam edəcək: “Çünki görünür ki, onlar hələ də müharibədən tam nəticə çıxarmayıblar. Çünki onların bəzi yersiz bəyanatları, addımları onu göstərir ki, onlar hələ nəticə çıxarmalıdırlar. İkinci Qarabağ müharibəsini unutmamalıdırlar. Şarl Mişel İrəvanda olarkən sərhəd ərazilərini mübahisəli ərazilər adlandırdı. Sözün düzü, mən də bu ifadə ilə razı deyiləm. Çünki biz hesab edirik ki, bu, bizim ərazilərdir. Mən hesab edirəm ki, bu, Zəngəzur ərazisidir. Zəngəzur isə bizim dədə-baba torpağımızdır və biz öz ərazimizdəyik”.

Bu məsələnin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Azərbaycana səfəri zamanı müzakirə olunduğunu diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Mən izah etməyə çalışdım ki, biz öz sərhədimizə çıxmışıq. Nə üçün may ayında çıxmışıq? Çünki qar əridi. Qar idi, iki-üç metrlik qar idi. Ora çıxmaq mümkün deyildi. Qar əriyəndən sonra biz çıxdıq, lazım bildiyimiz nöqtələri götürdük və orada yerləşdik, orada möhkəmlənirik və möhkəmlənəcəyik. Ona görə Ermənistanın, əlbəttə, məyus olması ondan irəli gəlir ki, onlar yenə də xülyalarla yaşayırlar. Onlar postmüharibə reallıqları ilə barışa bilmirlər. Hesab edirəm ki, burada psixoloji amil da öz rolunu oynayır. Yəqin onlara vaxt lazımdır ki, psixoloji nöqteyi-nəzərdən yeni reallığa öyrəşsinlər. Çünki bizim Zəfərimiz onların bütün ideoloji sütunlarını darmadağın edib”.Azərbaycan Prezidenti deyib ki, ermənilər 30 il ərzində özləri haqqında olmazın yalanlarını uydururdular. Dünyaya qəbul etdirməyə çalışırdılar ki, guya onların müzəffər ordusu var, yenilməz ordusu var, erməni xalqı döyüşkən xalqdır, erməni ordusu ən güclü ordudur. “Bəs nə oldu? Məhv etdik, darmadağın etdik, 44 gün ərzində yox etdik. Göstərdik ki, Azərbaycan xalqı müzəffər xalqdır. Göstərdik ki, onların bütün təbliğatı mifdir, mifologiyadır. Göstərdik ki, Birinci Qarabağ müharibəsində onlar xarici dəstək hesabına üstünlük qazanmışlar. Bu, heç kimə sirr deyil. Əlbəttə, mən başa düşürəm ki, bunu dərk etmək, bu reallıqla yaşamaq, buna öyrəşmək asan məsələ deyil. Ona görə biz bu psixoloji durumu nəzərə almalıyıq. Ancaq bununla bərabər deməliyəm ki, Ermənistan əvvəlki səhvləri buraxmamalıdır. Çünki onların yersiz və qəbuledilməz addımları, bəyanatları onlara çox baha başa gəldi. İkinci Qarabağ müharibəsi onu göstərdi. Ona görə boş-boşuna havanı silkələmək lazım deyil”. Prezident İlham Əliyev, həmçinin infrastruktur layihələri ilə də bağlı məlumat verib: «Üç aeroport tikilir. Artıq mən demişəm, bu aeroportlar nə vaxt istifadəyə veriləcək. Bu, təkcə əsas infrastruktur layihələridir. Şəhərsalma ilə bağlı bizim işçilərimiz böyük işlər görür, çox fəal işləyirlər. Ağdamın baş planı təsdiqləndi. Füzulinin, Cəbrayılın baş planlarının ilkin versiyası mənə təqdim edildi. İndi müfəssəl plan üzərində iş aparılır. Yaxın aylarda Füzuli və Cəbrayıl şəhərlərinin baş planı ictimaiyyətə təqdim ediləcək. Zəngilan şəhərinin baş planının hazırlanması prosesinə artıq başlanmışdır. Bir neçə xarici şirkət, tanınmış dünya səviyyəli şirkət öz təklifini verdi. İndi seçim aparılır. Eyni zamanda, əlbəttə ki, Qubadlı da, Laçın və Kəlbəcər də - o şəhərlər də yenidən qurulacaq. Yəni, bu boyda miqyaslı işi cəmi 8 ay ərzində görmək doğrudan da, mən hesab edirəm ki, böyük qəhrəmanlıqdır».

“Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir”

Bəli, bu dəmir yumruğun gücü 30 illik həsrətə 44 gün ərzində son qoyuldu. Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsi zamanı bunu bir daha vurğulayıb ki, bu, cəsarət, qətiyyət, düzgün addımlar, hücum siyasətimiz nəticəsində mümkün olub. Ermənistan bununla hesablaşmalıdır və istəsə də, istəməsə də yeni reallıqları qəbul etməlidir. Heç vaxt unutmamalıdır ki, dəmir yumruq yerindədir: “Biz həm müharibə dövründə, həm postmüharibə dövründə istədiyimizə nail olmuşuq və nail oluruq. Mənim həm müharibədən əvvəl, həm müharibə zamanı, həm müharibədən sonra gələcək addımlarla bağlı çox dəqiq təsəvvürüm var və bilirəm nə etməliyik, nə vaxt etməliyik, necə etməliyik. Bütün sahələrdə olduğu kimi, bu sahədə də konseptual yanaşma ortadadır. Qısamüddətli, ortamüddətli, uzunmüddətli hədəflər müəyyən olunub”.

Və bu gün Cənab Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.

Dövlət başçımızın dediyi kimi: “Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik”. Çünki Qarabağ Azərbaycanındır, Qarabağ Azərbaycandır!

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə