Mütərəqqi ideyaların carçısı "Əkinçi"nin ənənələri davam etdirilir ŞƏRH
Azərbaycanın ictimai həyatının ən mühüm hadisələrindən biri olan milli mətbuatın formalaşması XIX əsrin ortalarına təsadüf edir. Azərbaycan və eləcə də, bütün Şərq aləmi üçün tamamilə yeni siyasi, mədəni və elmi ünsiyyət vasitəsi olan mətbuatın yaranması yeni hadisəyə çevrildi. 1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin ilk nömrəsi nəşr olundu və milli mətbuatımızın bünövrəsi qoyuldu. Qəzetin naşiri, maarifçi ziyalı Həsən bəy Zərdabinin yaratdığı qəzet xalqın tribunasına çevrildi, xalqın arzu və istəkləri qəzetin səhifələrində yer aldı. "Əkinçi" xalqı cəhalətdən, fanatizmdən uzaqlaşdırmaq, onlara hüquqlarını anlatmaq, xalqın savadlanmasına kömək məqsədi ilə misilsiz iş görmüş oldu. Qısa bir zamanda tanındı və sevildi. 56 sayı işıq üzü görməsinə baxmayaraq, səhifələrində dərc olunduğu yazılarla xalqın səsinə səs verdi.
Bu gün Azərbaycan milli mətbuatı 146 yaşını qeyd edir. Uzun və şərəfli bir yolda çox uğurları oldu mətbuatımızın. Müxtəlif ictimai-siyasi formasiyalarda xalqın səsini və sözünü işıqlandırdı. Xalqın tələb və arzularının ifadəçisinə çevrildi. Öz sözünü deməkdən çəkinmədi. "Düzü düz, əyrini əyri", dedi. Haqq yolundan usanmadı. Cəmiyyətimizin güzgüsünə çevrildi. Öz ənənəsinə sadiq olan milli mətbuatımız müstəqillik dövründə yeni bir inkişaf mərhələsinə qədəm qoydu. Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra həyatın bir çox sahələrində olduğu kimi mətbuatın inkişafında da dönüş yarandı, siyasi plüralizm və söz azadlığını təmin etmək üçün mühüm işlər həyata keçirildi. Azərbaycan mətbuatının sürətli inkişafı respublikamızda dünya standartlarına cavab verən müstəqil kütləvi informasiya vasitələrinin yaranmasına gətirib çıxardı. Jurnalistlərin dostu adını qazanmış Ulu Öndər Heydər Əliyev ölkəmiz müharibə şəraitində yaşasa da, böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edildi. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verdi.
Bütün məsuliyyəti ilə milli mətbuatımız yeni dövrün çağırışlarına cavab verdi. Müstəqilliyimizin ilk illərində zamanın ab-havasına uyğun olaraq milli mətbuatımız fəaliyyətini davam etdirdi. Bütün təqib və təzyiqlərə baxmayaraq, susmadı, haqqın və ədalətin müdafiəçisinə çevrildi. Siyasi-ictimai proseslərə iti sözü, iti qələmi ilə öz münasibətini ifadə etdi, haqqın carçısına çevrildi. Açıq söz, açıq fikir meyarı ilə qələmə sarıldı və öz vəzifə borcunu hər şeydən üstün tutdu. Azərbaycanda ictimai-siyasi hadisələrin gərgin olduğu bir zamanda həmişə bu sahədə çalışan insanlar ön cəbhədə olmuş, bu gün də belədir. Birinci Qarabağ müharibəsində səngərdə döyüşənlərlə silahdaş oldular. Vətən müharibəsi başlayanda da belə oldu. Ön cəbhədə Azərbaycan mətbuatının nümayəndələri ən qaynar nöqtələrdən qəhrəman oğulların şücaətini, keçdiyi döyüş yollarını işıqlandırdılar. Yazılan məqalələr, yayımlanan reportajlar müharibənin dəhşətli anları ilə bizi başbaşa qoyurdu. Heç bir ölümü, çətinliyi gözə almadan öz peşə borclarını vətəndaşlıq qüruru ilə yerinə yetirən oğullarımızın bu addımı bir daha göstərdi ki, mətbuat işçiləri hər bir işdə məsuliyyətlidirlər, vətənpərvərdirlər. Amal, məqsəd yolunda mücadilə etməyi bacarırlar.
Dövlətimiz mətbuatın inkişafı, bu sahədə çalışanlara qarşı hər zaman həssas yanaşmış, onların əməyini yüksək qiymətləndirmişdir. Bildiyimiz kimi, iyunun 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "İşğaldan azad olunan ərazilərdə vəzifə borcunu yerinə yetirmiş bir qrup şəxsin 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının işğaldan azad olunan ərazilərində vəzifə borcunu ləyaqətlə yerinə yetirərkən həlak olmuş Abışov Sirac Abış oğlu, Əliyev Arif Ağalar oğlu və İbrahimov Məhərrəm Əli oğlu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib. Xatırladaq ki, işğaldan azad olunmuş ərazilərin çəkilişini həyata keçirən jurnalistləri aparan nəqliyyat vasitəsi iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşmüşdü. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AZTV-nin operatoru Sirac Abışov və Kəlbəcər rayon icra hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Əliyev Arif Ağalar oğlu həlak olub, dörd nəfər yaralanmışdı.Əlbəttə ki, bu vətən, xalq yolunda canını fəda edən mətbuat işçilərinə dövlətimiz tərfəindən diqqət və qayğının davamıdır. Bununla yanaşı, 22 iyul - Milli Mətbuat günündə Prezident İlham Əliyev iki şəhid jurnalistin - AzərTac-ın əməkdaşı İbrahimov Məhərrəm Əli oğlunun və AzTV-nin operatoru Abışov Sirac Abış oğlunun ailələrinə mənzillər hədiyyə edib. Eyni zamanda, M.İbrahimov və S.Abışova şəhid statusu verilib və onların ailə üzvlərinə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlər təyin olunub.
Bütün bunlar dövlət başçısının şəhid ailələrinə xüsusi qayğısının, eyni zamanda vəzifə borcunu ləyaqətlə yerinə yetirən mətbuat nümayəndələrinin əməyini, onların fədakarlığını daim yüksək qiymətləndirməsinin növbəti əyani göstəricisidir.Təbii ki, respublikamızın tarixi inkişafında əldə olunmuş yüksək səviyyə milli mediamız qarşısında da yeni vəzifələr qoyur. Bu gün belə diqqət və qayğı ilə əhatə olunan Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində mühüm rol oynayır. Azərbaycan jurnalistikası obyektivlik, qərəzsizlik və vətənpərvərlik prinsiplərinə əməl edərək fəaliyyətini davam etdirir.
Zümrüd BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB