Rus ekspert: İntiqamdan söhbət belə gedə bilməz. Qarabağ mövzusu bağlıdır - MÜSAHİBƏ
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Maria Zaxarova, Azərbaycan ilə Ermənistan arasındakı sərhədin sonrakı demarkasiyası və delimitasiyası ilə bağlı işlərə ən qısa zamanda başlamağın zəruriliyindən danışdı. Və bəlkə də bu proses Ermənistan ordusundakı təmizlənmələr başlayandan sonra daha sürətli gedəcəkdir. Bir çox ekspertlər erməni generallarının nümayəndələrinin Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti qızışdırmağa çalışaraq açıq təxribatla məşğul olduqlarını dəfələrlə qeyd ediblər.
8 iyulda vəzifəsindən azad edilən Ermənistan Silahlı Qüvvələrinin 3-cü ordu korpusunun komandiri Qriqori Xaçaturov xüsusilə canfəşanlıq edirdi. Erməni politoloq Suren Surenyantsın Sputnik Armenia-ya verdiyi müsahibədə qeyd etdiyi kimi, onun istefası siyasi bəyanatlar və siyasi mövqeyini qətiləşdirmə ilə bağlıdır.
Onsuz da keçmiş korpus komandiri Qriqori Xaçaturov fevral ayında digər yüksək rütbəli hərbi personalla birlikdə hökumətin istefasını tələb edən bir bəyanat imzalamışdı. Sonra yenidən Nazirlər Kabinetinin istefasını tələb edərək ayrıca bir bəyanat verdi. Atası, Ermənistan Baş Qərargahının keçmiş başçısı Yuri Xaçaturov erkən parlament seçkilərində Robert Köçəryanın rəhbərlik etdiyi Ermənistan blokunu dəstəklədi.
Rusiyalı politoloq, SONAR-2050 layihəsinin analitik bürosunun rəhbəri İvan Lizan “Caliber” analitik informasiya mərkəzinə bildirib ki, hərbçilərin siyasi tələblər irəli sürdüyü vəziyyət Ermənistan üçün qəbuledilməzdir: “Bəli, qeyd etmək lazımdır ki, Nikol Paşinyan ordunun böyük bir müqaviməti ilə qarşılaşdı. Ancaq Paşinyan parlamentdə yenidən seçilməyi və mövqeyini gücləndirilməyi bacardı və "məxməri inqilab”dan "polad inqilab"a keçid ediləcəyini bildirdi. Bu, o deməkdir ki, o, bütün tənqidçilərini və rəqiblərini hakimiyyətin iyerarxiyasından kənarlaşdırmağa çalışacaqdır. Və buna görə ilk olaraq hərbçilər zərbə altında qalır".
Ekspert deyir ki, ordudakı təmizləməyə paralel olaraq, Nikol Paşinyan Rusiya Federasiyasının köməyi ilə silahlı qüvvələrdə islahatlar aparacaq. “Bunu ümumiyyətlə seçkilərdən sonra Rusiyaya ilk səfəri və Moskva ilə hərbi-siyasi əməkdaşlığın intensivləşməsi (hələ ki ritorika səviyyəsində) sübut edir”- İvan Lizan bildirib. Politoloq bəzi suallara da aydınlıq gətirib:
- Ermənistan ordusunun islahatı intiqam almaq məqsədi güdürmü?
- Xeyr, belə düşünmürəm. Qarabağ mövzusu bağlandı. Nikol Paşinyan tənqidləri minimuma endirməyə və gücünü artırmağa çalışır. Bunu etmək üçün orduda islahatlar aparmaq istəyir. Bütün məsələ budur.
- Erməni mütəxəssislər Qriqori Xaçaturovun istefasından sonra digər işdən çıxarılmaları da istisna etmirlər.
- Bəli, düşünürəm ki, istefalar seriyası Paşinyan ordunu rəqiblərindən təmizləyənə qədər davam edəcək. Və bundan sonra dediyim kimi, yeni bir ordu qurmağa çalışacaq. Məhdud heyəti, intellektual, maddi və digər mənbələrin çatışmazlığını nəzərə alaraq nə dərəcədə müvəffəq olacağı başqa bir sualdır. Bu ehtiyata buraxılan hərbçilər daha sonra nə edəcəklər? Bəlkə də siyasətə gedəcəklər və bu, Nikol Paşinyana əks-təsir göstərəcək.
Ermənistan vətəndaşlarının pis seçkilərdə seçim etdiyini unutmamalıyıq. Nikol Paşinyan Ermənistan üçün “biabırçı sülhün”, Robert Köçəryan isə Ermənistan üçün “daha da biabırçı bir sülhlə sona çatacaq mümkün yeni müharibənin” şəxsiyyətidir. Ermənilər özləri üçün çox xoş olmayan bir seçim etdilər, amma indiki şərtlərdə bu, yeganə doğru seçimdir.
- Vacib məqam Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. Sizcə, ordu Nikol Paşinyanın nəzarətində olduqdan sonra belə bir müqavilə imzalana bilərmi və nəqliyyat dəhlizlərinin açılması, sərhədlərin demarkasiyası və delimitasiyası prosesləri sürətlənəcəkmi?
- Düşünürəm ki, ehtimal avtomatik olaraq artır. Nikol Paşinyan, tutaq ki, rəqibləri nə qədər "əzirsə", hərtərəfli sülh sazişlərini imzalamaq şansı bir o qədər çoxdur. Ancaq vaxtı haqqında danışmaq, əlbəttə, çətindir.
Mənə elə gəlir ki, Nikol Paşinyana ölkəsindəki vəziyyəti sabitləşdirmək üçün bir fürsət verməyimiz lazımdır. Və sonra Moskvanın vasitəçiliyi ilə Azərbaycanı maraqlandıran bütün məsələlər həll olunacaq: sərhədlər, nəqliyyat dəhlizləri və s.
Tərcümə - Elçin Bayramlı
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Ermənistan-Azərbaycan, ərazilərin işğaldan azad olunması haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın ədalətli mövqeyinin müdafiə edilməsi" istiqaməti çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB