Məlumdur ki, 15 iyun 2021-ci il Azərbaycan və Türkiyə tarixində xüsusi əhəmiyyət kəsb edən bir əlamətdar hadisə ilə yadda qaldı. Belə ki, həmin gün Azərbaycan və Türkiyə Prezidentləri qardaşlıq münasibətlərini və strateji tərəfdaşlığı rəsmiləşdirən mötəbər bir sənədə - Şuşa bəyannaməsinə imza atdılar. Bununla da ölkə başçıları Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin müdrikcəsinə söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələrinin xalqlarımızın milli-mənəvi sərvəti kimi dəyərləndirildiyini xüsusi ilə diqqətə çatdırdılar. Şübhəsiz ki, bəyannamənin imzalanması ilə Azərbaycan və Türkiyə münasibətlərindəki dostluq, qardaşlıq, müttəfiqlik özünün yeni və növbəti uğurlu mərhələsinə qədəm qoydu. Heç şübhəsiz ki, Zəngəzur dəhlizinin açılması, eləcə də bu bəyannamənin imzalanması Azərbaycanın gələcəyi üçün böyük perspektivlər vəd edir. Məhz bu münasibətlə bəyannamədə qeyd olunur: “Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər. Tərəflər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin mövcud səviyyəsinin ümumi regional və beynəlxalq sülh və rifaha töhfə verdiyini, əlaqələrin, sadəcə, iki ölkəyə deyil, eyni zamanda, regiona sülh və rifah gətirərək başda region ölkələri olmaqla beynəlxalq birliyin sabitlik, sülh və maraqlarına xidmət edəcəyini vurğulayırlar”.
Tarixi əhəmiyyəti olduqca yüksək olan bu sənəddə diqqət çəkən əsas məqamlardan biri də ondan ibarətdir ki, qardaşlıq, dostluq, müttəfiqlik bu bəyannamənin əsas aparıcı istiqamətlərini təşkil edir. Əlbəttə ki, bu birlik də Azərbaycan və Türkiyənin simasında bütün və bütöv türk dünyasının birliyi, gücü, mənəvi qələbəsidir. Sadə bir vətəndaş kimi düşünürəm ki, sənədin Şuşada imzalanması xüsusilə qürurvericidir. Bu, çox qürurlu və təsirli hadisədir və buna görə Ali Baş Komandanın rəhbərliyi altında bir dəmir yumruq kimi birləşmiş ordumuza böyük təşşəkkür edirəm. Məhz onların 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlar sayəsində işğaldan azad olunmuş digər torpaqlarımız kimi Şuşa da azaddır. Onu da qeyd edək ki, qardaşlıq münasibətlərini və strateji tərəfdaşlığı rəsmiləşdirən, bölgədə yeni geosiyası mənzərə yaradan və eləcə də yeni münasibətlərin formalaşmasına təkan olacaq iqtisadi amilləri daha da aktuallaşdıran bu bəyannamənin strateji əhəmiyyəti təkcə hərbi əməkdaşlıqla kifayətlənmir. Bundan başqa, “Tərəflər hər iki xalqın müştərək dəyərlərinin ümdə təzahürlərinə lazımi ictimai dəstəyin göstərilməsini təmin edəcək, tarixi və mədəni irslərinin qorunması üçün birgə fəaliyyət həyata keçirəcəklər... Tərəflər Türk mədəni irsinin beynəlxalq səviyyədə təbliğ və təşviq edilməsi sahəsində birgə əməkdaşlığı gücləndirəcəklər”.
İnanıram ki, bu birliyimiz əbədi olacaq və gücümüzə tükənməz güc qatacaq. Fikrimi istiqlal şairimiz B.Vahabzadənin aşağıdakı misraları ilə yekunlaşdırmaq istəyirəm:
Dinimiz bir, dilimiz bir
Ayımız bir, ilimiz bir
Eşqimiz bir, yolumuz bir
Azərbaycan-Türkiyə.
Aybəniz Orucova
Bakı şəhəri 323 saylı tam orta məktəbin direktor müavini
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB