Uğura aparan yolun təməlində böyük sevgi dayanır - ŞƏRH

Uğura aparan yolun təməlində böyük sevgi dayanır - ŞƏRH

Leyla Əliyeva: "Mən indi başa düşürəm ki, nə qədər böyük bir Insana yaxın olmuşam və nə qədər böyük bir İnsanla söhbətlərim olub"

"Düşünürəm ki, nəyəsə inanırsan və nəyisə çox arzulayırsansa, ona nail olacaqsan". Bu sözlərin müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevadır. İllərdir ki, fəaliyyəti ilə gənclərə, yaşıdlarına örnək olan Leyla xanım öz düşüncəsi, intellektual səviyyəsi ilə nümunəyə çevrilərək, məsuliyyət anlayışını hər addımında unutmur. Cavabdehlik məsuliyyəti: ata, ana, vətən qarşısında olan müqəddəs borcun yerinə yetirilməsi, reallaşması. Təbii ki, müqəddəs borc və vəzifələrin yerinə yetirilməsində ailədə, cəmiyyətdə insanın necə formalaşması önəmlidir. Çox gənc yaşından böyük məsuliyyətləri üzərinə götürmək cəsarət və potensail, istedad tələb edir ki, Leyla xanım bu keyfiyyətləri özündə hiss etmiş, görmüşdü. Axı kiçik yaşlarından doğulduğun mühit səni gələcəyə doğru addımında önəmli faktordur.

Ulu Öndər Heydər Əliyev kimi müdrik Şəxsiyyətin ailəsində böyüyən və bu nəslin təmsilçisi olan Leyla xanım öz əməli fəaliyyəti ilə seçilməli idi. Prinsipial mövqeyini ortaya qoymalı idi. Müsahibələrinin birində ona verilən "Heydər Əliyev həyatınızda sizə ən çox kömək olan hansı məsləhəti vermişdi" sualına "Mən indi başa düşürəm ki, nə qədər böyük bir İnsana yaxın olmuşam və nə qədər böyük bir İnsanla söhbətlərim olub", deyə cavab vermişdi. "Hətta Onunla beş dəqiqə söhbət edənlər belə Ondan çox qiymətli dərs ala bilirdilər", deyən Leyla xanım bildirib ki, Onu hər gün görürdüm: "Bu, heç nə ilə müqayisə olunmayacaq böyük təcrübə idi. Ən təəccüblüsü də bu idi. O, heç vaxt sənin nə etməli olduğunu demirdi, istəyirdi ki, sən həmişə özün qərar qəbul edəsən".

Əlbəttə ki, bu fikirlər bir daha göstərir ki, Leyla xanımın həyat məktəbinin təməli doğulduğu mühitdə qoyulub. Bu mühit onu gələcəyə doğru inamla aparıb. Təbii ki, Leyla xanımın yetişdiyi mühit qısa bir zamanda onun uğurlar qazanmasına səbəb oldu. Onun tərcümeyi-halına nəzər salsaq bunun şahidi olaraq. Belə ki, 3 iyul 1984-cü ildə anadan olan Leyla Əliyeva orta məktəbi bitirdikdən sonra Avropa Biznes Məktəbinə (ESB) daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-2008-ci illərdə Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakültəsində dünya siyasəti üzrə magistr təhsili alıb. Tələbəlik illərindən başlayaraq Leyla xanım Əliyeva ictimai fəaliyyət ilə məşğul olub. 10 may 2007-ci ildən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. Elə həmin il dekabrın 19-da Moskvada "Baku" jurnalını təsis edib. 2008-ci il mayın 8-dən start götürmüş "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin mayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş koordinatoru vəzifəsində çalışır. 2009-cu il aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib. 2010-ci ilə qədər MQİMO-da Azərbaycanlılar Klubunun sədri olub. 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti vəzifəsini icra edir. Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiya nümayəndəliyinin rəhbəri, "Baku" jurnalının təsisçisi, "Xocalıya ədalət" kampaniyasının təşəbbüskarı, Islam Konfransı Təşkilatının Gənclər Forumunun baş əlaqələndiricisi, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri olan Leyla Əliyeva. Həyata keçirdiyi layihələrin hər birində böyük ideyalar dayanır.

"İNSAN VƏ TƏBİƏT MALİK OLDUĞUMUZ ƏN DƏYƏRLİ NEMƏTLƏRDİR"

Leyla Əliyeva IDEA İctimai Birliyinin sədri olaraq təbiətin qorunması istiqamətində bir sıra layihələrə imza atıb. İDEA ətraf mühit kampaniyası regionda ətraf mühit məsələləri ilə məşğul olan ən böyük təşkilatdır. Bu kampaniya çərçivəsində BMT İnkişaf Proqramı ilə saziş imzalanıb, Qəbələdə gənc ekoloqlar üçün beynəlxalq düşərgə keçirilib. Müasir dövrümüzdə ekologiya və ətraf mühitin qorunması vacib məsələlərdən olduğundan, ekoloji problemlərin nəticələri diqqətdədir. Leyla xanım Əliyevanın, müsahibələrinin birində dediyi kimi, biz planetimizə görə məsuliyyət hiss etməli və bioloji müxtəlifliyin, həyatımızı nəinki sağlam, həm də maraqlı və rəngarəng edən nə varsa, hamısının qorunub- saxlanmasına birgə töhfə verməliyik.

"Hər bir insan təbiəti sevməli və ona qayğı göstərməlidir", - deyir Leyla Əliyeva. Təbiəti sevməməyin mümkün olmadığı qənaətindədir: "İnsan və təbiət malik olduğumuz ən dəyərli nemətlərdir". Belə prinsiplə ekolji mühitin qorunmasına çalışaraq kifayət qədər layihələrin müəllifinə çevrilib. Bu, "Bir planet - bir gələcək" devizini bir daha təsdiq edir. İDEA Azərbaycanda "Böyük Qafqaz beşliyi" deyilən, yox olmaq təhlükəsi ilə üzləşən beş heyvan növünü müəyyən edib. "Biz məhv olmaq təhlükəsi ilə üzləşən heyvanların yox olmasının qarşısını almağa çalışırıq", deyərək ovçuluğun bütün dünyada mövcudluğunu dilə gətirib: "Bu, qəbul ediləndir və bəzən hətta faydalıdır. Lakin adları "Qırmızı kitab"a daxil olan heyvanlar öldürülməməlidir, onlar qorunmalıdır. Bunun üçün biz fəal təbliğat işi aparırıq, izah edirik, danışırıq. Ən başlıcası bu haqda düşünməkdir. Ceyranların reproduksiyası ilə bağlı bizim layihələrimiz olub. Mənim üçün ən vacib layihələrdən biri də Qafqaz bəbirinin qorunub saxlanmasıdır". Bu gün Leyla Əliyevanın tapşırığı ilə IDEA işğaldan azad olunmuş ərazilərdə ekoloji vəziyyətin yenidən canlandırılması istiqamətində də işlər görəcək.

"TƏBİƏTİN GÖZLƏMƏK ÜÇÜN VAXTI YOXDUR"

IDEA İctimai Birliyinin təşkilatçılığı ilə "Bizim həyət" layihəsi reallaşıb. Layihənin əsas məqsədi ekoloji cəhətdən təmiz və abad həyətlərin modelləşdirilməsi, yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır. Leyla xanım Əliyeva çıxışlarının birində bildirib ki, bu məsələləri hələ sinif otaqlarından tədris etmək lazımdır. Təbii ki, təmiz ətraf mühit təmiz və saf cəmiyyətdən başlayır. Bu baxımdan, insanlara belə fikirləri aşılamaq lazımdır. "Təbiətin gözləmək üçün vaxtı yoxdur. Biz bunu indi etməliyik", - deyən Leyla Əliyeva hər bir insanın ətraf mühitin qorunub saxlanılmasına töhfə verə biləcəyinə əminliyini ifadə edib.

HƏR BİR İŞİN ƏSASINDA SƏMİMİ, SAF VƏ İNSANİ MÜNASİBƏTLƏR DAYANIR

Rusiyanın azərbaycanlı gənclərinin təşkilatlanmasında Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) xüsusi rolu var. RAGT yarandığı gündən özünü müasir cəmiyyətin işgüzar və lazımlı strukturu kimi təqdim edir və Azərbaycanın məxsus olduğu dəyərlər Rusiyada nümayiş olunur. Rusiyanın bir sıra şəhərlərində azərbaycanlı gənclər klubları fəaliyyətdədir. Belə ki, Moskvada, Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda yerləşən təşkilatlar gənclərin həyatının bütün istiqamətlərini əhatə edir. Təhsil, idmanla yanaşı, RAGT sağlamlığa və sağlam həyat tərzinə də böyük diqqət ayırır. "Qanının milləti yoxdur" aksiyası çərçivəsində qurum könüllüləri ehtiyacı olan bütün şəxslərə təmənnasız qan veriblər. RAGT, həmçinin, "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" aksiyasının təşkilatçısıdır. Gördüyü işlər və həyata keçirilən layihələr nəticəsində RAGT-ın fəaliyyəti və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadı yüksək qiymətləndirilir. Qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə, Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə müsbət töhfələrini verir. Hər bir işin əsasında ən əsası səmimi, saf və insani münasibətlər dayanır. Leyla xanım müsahibələrinin birində onun bu qədər fəal, uğurlu təşkilat olacağını gözləmədiyini bildirib: "RAGT Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatıdır. Amma bu, eyni zamanda həm də sevgi - xalqların, insanların qarşılıqlı sevgisi deməkdir. Həqiqətən də, azərbaycanlı gəncləri bir araya gətirmək, onların Rusiya cəmiyyətinə inteqrasiyasına və Azərbaycan mədəniyyətini Rusiyada layiqincə təmsil etməsinə köməklik göstərmək mümkün oldu".

AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ DÜNYAYA ÇATDIRILMASINDA BİR VASİTƏÇİ VƏ ÖTÜRÜCÜ OLDU

Azərbaycanın milli-mənəvi dəyərlərini təbliğ etmək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyini, xalqımızın qəhrəmanlıq tarixini, onun coğrafi-ərazisini tanıtmaq baxımından həyata keçirdiyi layihələr həmişə yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardımçı olan nümayəndəlik Azərbaycan həqiqətlərini dünyaya çatdırılmasında bir vasitəçi və ötürücü oldu. "Xocalıya ədalət" kampaniyası çərçivəsində dünya ölkələrində soyqırımına həsr olunmuş silsilə tədbirləri reallaşdırdı. Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" rep üslubunda yazılmış mahnı Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında bir vasitə oldu. Bu gün onun təşəbbüsü ilə Koreya dilində Xocalı soyqırımı haqqında sayt fəaliyyət göstərir. Saytda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranma səbəbləri, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində mülki əhaliyə qarşı törətdiyi soyqırımına aid məlumatlar, foto və videomateriallar yerləşdirilib. "Xocalıya ədalət!" beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası çərçivəsində görülmüş işlər nəticəsində dünyanın bir sıra ölkələrində və ABŞ-ın ştatlarında Xocalı qətliamı soyqırımı kimi tanınıb. Eyni zamanda, faciə qurbanlarının xatirəsinə abidələr ucaldılıb və müxtəlif tədbirlər keçirilib.

ƏMƏLİ FƏALİYYƏT VƏ ONA VERİLƏN QİYMƏT

Leyla xanımın gördüyü böyük işlər diqqətdən kənarda qalmayıb. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olunub. 2011-ci ilin noyabrında Nyu-Yorkda humanitar aksiyalarda fəal iştirakına görə, "Key to life" fəxri mükafatına layiq görülüb. 22 noyabr 2011-ci ildə BMT-nin sertifikatını və xüsusi vəsiqəsini alıb. 2013-cü ildə Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən "Ekoloji Mühitin Qorunmasına Görə" xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. Həmin il Leyla Əliyeva III dərəcəli "Knyaginya Olqa" ordeni və "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medalı ilə təltif olunub. 2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Xoşməramlı Səfiri adına layiq görülüb. 2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının "Puşkin" medalı ilə təltif edilib. 2016-cı il sentyabrın 28-də Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Elmi Şurasının qərarı ilə bu ali məktəbin "Xidmətlərə görə" medalına layiq görülüb. Bu mükafatların sayı kifayət qədərdir. Hər biri də əməli fəaliyyətin qiymətidir.

"MƏN ÖVLADLARIMA VALİDEYNLƏRİMİN MƏNƏ VERDİKLƏRİNİ VERMƏK İSTƏYİRƏM"

Gördüyü işlərdən usanmır, amma ailəsinə də diqqət ayırmağı arxa plana salmır. "Mənim üçün övladlarım və ailəm hər şeydən vacibdir", deyir Leyla Əliyeva. Aldığı dərsi öz övladlarına ötürməyi diqqətdə saxlayır: "Mən övladlarıma valideynlərimin mənə verdiklərini vermək istəyirəm. İstəyirəm ki, onlar daim məhəbbət və qayğı içində böyüsünlər. Bu, ən vacibidir. Dünyanın müxtəlif ölkələrinə saysız-hesabsız səfərlər etməli oluram. Bu zaman övladlarımı da özümlə aparıram. Ona görə də darıxmıram. Vaxtı isə tapmaq mümkündür. Əsas odur ki, hamı sağlam olsun".

Müsahibələrin birində Ona ünvanlanan "Uşaqlıqdan öyrədilməsi zəruri olan tərbiyənin və təhsilin əsasları hansılardır?", sualına gəlincə isə Leyla Əliyeva belə cavablandırıb: "Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə ilk növbədə hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə düz etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək lazımdır. Fikrimcə, anadan olandan insana doğrunu və yanlışı anlama qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar. Mən onlara daha çox azadlıq verməyə çalışıram, xüsusən də onlar oğlan olduqları üçün. Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar".

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə