Erməni terrorunun hədəfində olan azyaşlı uşaqlar

Erməni terrorunun hədəfində olan azyaşlı uşaqlar

2 yaşlı Zəhra Quliyevanın faciəvi ölümündən 4 il ötür

Bu gün Azərbaycan xalqı qalib xalqdır. 30 ilə yaxın işğal altında olan torpaqlarımız ötən ilin sentyabrın 27-də Ermənistan ordusunun təxribatlarına qarşı Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlayan genişmiqyaslı Vətən müharibəsində işğaldan azad olundu. Hər qarışına qan axıdılan müqəddəs torpaqlarımız azad nəfəs alır. Hər il arzu olaraq torpaqlarımıza getməyi diləyirdiksə, bu gün artıq arzular reallığa qovuşub. Amma Zəfər sevincimizi yaşaya-yaşaya illərlə ermənilər tərəfindən törədilən terrorların, təcavüzün ağrılarını yaşayırıq. Dağıdılan şəhər və kəndlərimiz, viran qoyulan abidələrimiz, canın bu torpağa fəda edən şəhidlərimiz, günahsız insanlar… Hər bir insanın taleyi dastandır və mücadilə dolu torpaq sevgisindən yoğrulub. Tökülən qanlar bu torpağı suvarıb, ona nəfəs verib.

44 günlük Vətən müharibəsində biz erməninin vəhşi simasını bir daha görmüş olduq. 30 ilə yaxın bir zamanda beynəlxalq hüququn tələb və təkidlərinə məhəl qoymayan beynəlxalq konvensiyalara zidd topladığı silahlarla 44 günlük müharibədə Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə mülki əhalinin kompakt yaşadığı ərazilərə raket zərbələri endirməsi Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasında xəbər vermirmi? Qocaya, cavana, uşağa qıyan erməni müharibə qanunlarını belə pozaraq çirkin niyyətləri ilə tarixən nəyə xidmət etdiklərini bir daha göstərdi. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə alması dünyanın, dünya KİV-lərinin döyüş meydanında iştirak etdiyi bir zamanda baş verirdi. Bütün olayları dəqiqliklə işıqlandıran KİV-lər Azərbaycanın haqlı mövqeyinə göz yuma bilmirdilər. Ermənistan tərəfindən həyata keçirilən terror aktları və müharibə cinayətlərinə etinasızlıq göstərilmədi. Vicdanla öz vəzifə borclarını yerinə yetirənlər Azərbaycanın təmas xəttindən uzaqda yerləşən şəhərlərini raket atəşə tutmasını, nəticədə çox sayda mülki şəxsin həyatının itirməsinin şahidinə çevrildilər. Gəncədə yaşanılan matəm məgər erməni təcavüzkarlığının üzü deyildimi? Kim idi bunları törədən? İnsanlarda onların əməllərinə qarşı yaranan qəzəb və nifrət yaddaşlardan silinərmi? Bu tarixdir: erməninin terrorçuluq əməllərinin izi və tarixi.

Gəncədə törədilən terror aktı daş yaddaşımıza həkk olunub. Gecə insanların evlərində yatdığı zaman raket atəşi nəticəsində dağılan yaşayış massivi və raket zərbəsindən məhv olmuş məhəllədə dağılan evlərin qalıqları hər zaman kino lenti kimi göz önündən keçir. Qanlı gecədə sakinlərin həyatını itirməsi, erməni terroristlərinin dinc əhaliyə qarşı törətdikləri cinayətlər sənədlərin dili ilə hər zaman danışacaq. Yatmış insanlara qarşı iyirmi birinci yüzillikdə törədilən terror insanlıq əleyhinə olan cinayətdir. Lənnətlənmiş erməni əməllərinin izi Azərbaycan tarixinin hər səhifəsindən görünür. Bunu silmək, yox etmək qeyri-mümkündür. Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı faciə yaddan çıxarmı? Dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarıldı. Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları oldu. Dünya, insanlıq bu faciəni necə qəbul edə bilər? Azyaşlıya qıyan, onu yetim qoyan, insanları şikəst, kor edən, əlil edən, bir ailənin faciəsini qatili olan erməni. O erməni ki, düz dörd il əvvəl 2017-ci ilin iyul ayının 4-də Füzuli rayonunun Alxanlı kəndində məskunlaşan mülki əhalinin yaşadığı yaşayış məntəqələrinin və mülki obyektlərin qəsdən 80 və 102 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutdu.

ERMƏNİSTAN SİLAHLI QÜVVƏLƏRİ TƏRƏFİNDƏN TÖRƏDİLƏN NÖVBƏTİ VANDALİZM AKTI – 2 YAŞLI QIZIN FACİƏSİ

Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən daha bir çirkin siyasətin nümunəsi oldu. Nəticədə, 1967-ci il təvəllüdlü yaşlı qadın Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhra həlak oldular, digər mülki şəxs - 1965-ci il təvəllüdlü qadın Quliyeva Səlminaz ağır yaralandı və mülki obyektlər dağıdıldı. Təbii ki, mülki şəxslərin münaqişələrdə hədəfə alınması qəbuledilməzdir. 2 yaşlı azərbaycanlı Zəhra Quliyevanın cəbhə xəttində Ermənistanın işğalçı qüvvələri tərəfindən qətlə yetirilməsi dözülməz idi. Bu, bir daha Ermənistan ordusu tərəfindən Azərbaycan ərazilərində törədilən təcavüz və təxribat faktlarını, onların iyrənc siyasətini ortaya qoymuş oldu. Bu Ermənistan silahlı qüvvələri tərəfindən törədilən növbəti vandalizm aktıdır. Bu hadisənin təmas xəttinin beş kilometrliyində baş verdiyi, qanlı cinayətin müharibə qaydalarının pozulması ilə törədilən mülki əhalinin qətli aktı olduğu, hədəfə alınan Alxanlı kəndinin təmas xəttindəki hərbi mövqelərdən uzaq məsafədə yerləşməsinin düşmən qüvvələrinin mülki obyekti məqsədyönlü şəkildə seçməsi sübut edildi. Bütün bunlar dünya ictimaiyyətinə çatdırıldı və dünyanın gözü qarşısında ermənilərin təcavüzkar siyasəti bir daha ifşa edildi.

ERMƏNİSTAN RƏHBƏRLİYİ BÜTÜN HƏRBİ CİNAYƏTLƏRƏ GÖRƏ CAVAB VERƏCƏK

1994-cü ildə atəşkəs rejiminin elan olunmasına baxmayaraq, ermənilər Vətən müharibəsinə qədər 30-dan artıq azərbaycanlı uşaq erməni terrorunun qurbanı oldu. Onlardan 13-ü həlak olub, 19-u isə yaralanıb. 2 yaşlı Zəhra Quliyeva da erməni vandalizminin qurbanına çevrildi. Bu, nə insanlığa, nə də beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən hüquqi normalara sığır. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozub. Ermənilərin tarixən kim olduqları dünyaya sübut edilib. Axı, Azərbaycana gələn səyyahların, böyük yazıçıların, tarixçilərin onlarla bağlı yazdıqları sözləri unutmamışıq. Qəbirləri dağıdan, şumlayan, məsciddə donuz saxlayan vəhşidən nə gözləmək olar? Beynəlxalq tribunalardan onların əməllərinə qarşı hökm oxunmalıdır. Humanizm prinsipinə hörmətsizlik edən, beynəlxalq hüququn normalarını, qanunvericiliyi kobud şəkildə pozan Ermənistan rəhbərliyi bütün hərbi cinayətlərə görə cavab verməlidir.

Artıq Azərbaycanın haqlı mövqeyi müdafiə olunur. Azərbaycan xalqı isə istənilən vəziyyətdə əyilməz olduğunu göstərərək, vətən sevgisini hər şeydən uca tutdu. Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq olaraq birləşdi və bu gün də belədir. Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə QALİB oldu. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. Xalqımız üçün geniş yollar açıldı.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə