Növbəti uğurlu addım - Azad İqtisadi Zonanın təməli qoyuldu ŞƏRH

Növbəti uğurlu addım - Azad İqtisadi Zonanın təməli qoyuldu ŞƏRH

Prezident İlham Əliyev: “Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır”

Bugünkü şəraitdə ölkəmizin bütün sahələrində həyata keçirilən tədbirlər və əldə olunan real nəticələr ölkə Prezidentinin həyata keçirdiyi uğurlu sosial siyasətin sübutudur. Əslində, dövlət başçımız bu siyasətini 18 ildir ki, davam etdirir, ancaq hazırkı məqamda həmin siyasət daha aşkar görünməkdədir.

Xüsusilə də, bu gün dünyanı çalxalayan koronavirus pandemiyası bütün inkişaf etmiş dövlətləri iflic vəziyyətinə salıb. Lakin Azərbaycan ilk gündən unikal tədbirlər keçirilməsi nəticəsində bütün sahələrdə olduğu kimi, koronavirusla mübarizə tədbirlərində də ölkəmiz dünyada özünəməxsus imic formalaşdırıb - Azərbaycan modeli. Bu, reallıqdır. Azərbaycan artıq beynəlxalq aləmdə inkişaf, tərəqqi, yüksəliş simvoluna çevrilir. Və bütün dünyanın etiraf etdiyi bu reallıq Prezident İlham Əliyevin fəaliyyətinə verilən haqlı və real qiymətdir. Bu, dövlət başçımızın dövlətləri və millətləri birləşdirən siyasətidir və bu siyasət Azərbaycan tərəfindən təqdim olunur, öyrənilir.Elə iyulun 1-də Prezident İlham Əliyev cənablarının Ələt Azad İqtisadi Zonasının təməlqoyması bir daha dövlət başçısının uğurlu siyasətinin gerçəkliyidir. Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibə verərək bu gün təməli qoyulan Ələt Azad İqtisadi Zonasının yaradılması ideyasının yaradılması ilə bağlı bildirib ki, bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq.

“Biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq”

“Bu zonanın yaradılması ideyasının təməlində bizim siyasətimiz dayanır. Xüsusilə son illər qeyri-neft sektorunun inkişafı ilə əlaqədar görülən işlər bu zonanın yaradılmasına təkan vermişdir. Biz gördük ki, qeyri-neft sektoruna qoyulan sərmayə daha çox dövlət sərmayəsidir, yaxud da ki, yerli şirkətlərin sərmayəsidir. Xarici şirkətlər daha çox neft-qaz sektoruna sərmayə qoymağa meyillidirlər. Ona görə, bu zonanın yaradılması, əminəm ki, Azərbaycanın qeyri-neft sektorunun, iqtisadiyyatımızın qeyri-neft sektorunun inkişafına xidmət göstərəcəkdir»,- deyən dövlət başçısı bildirib ki, burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və bizim qeyri-neft sektorumuzun ixrac imkanları genişlənəcək: «Çünki bizim ümumi daxili məhsulumuzun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görərik ki, ixracımızın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə bax, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Əlbəttə ki, bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, biz buna hazır olmalı idik və hesab edirəm ki, bu gün biz buna hazırıq”.

“Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir”

"Azərbaycanda təhlükəsizlik təmin edilir. Azərbaycan dünyanın bəlkə də ən təhlükəsiz ölkələrindən biridir. İnvestorlar üçün bu amil də çox önəmlidir". Bu fikirləri Prezident İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində "Cənab Prezident, fikrinizcə, investorları Au Azad İqtisadi Zonaya nə cəlb edəcək və onlar nəyə görə məhz buraya sərmayə qoyacaqlar?" sualını cavablandırarkən deyib."Azərbaycanda mədəniyyətlərarası dialoq, dini tolerantlıq məsələləri dünya miqyasında artıq nümunə kimi göstərilir. Biz istəyirik ki, bütün dünya ölkələri buraya gəlsinlər və investisiya qoysunlar. Bu amil də çox önəmlidir. Digər tərəfdən, ölkəmizdə mövcud olan sabitlik hər bir investor üçün əsas şərtlərdən biridir. Sabitlik olmayan ölkələrə heç kim sərmayə qoymur. Bu, aksiomdur. Sərmayə qoyuluşu baxımından cəlbedici ölkələrin təcrübəsinə baxsanız, bunu görərsiniz. Bu gün Azərbaycana qoyulan və qoyulacaq sərmayələrin əsas şərtlərindən biri, bəlkə də birincisi ictimai-siyasi sabitlikdir, xalq-iqtidar arasındakı birlikdir", - dövlət başçısı bildirib.

Prezident azad edilmiş torpaqlarda tikinti-quruculuq işlərindən danışıb

Dövlət başçısı azad edilmiş torpaqlarda tikinti-quruculuq işlərindən danışaraq bildirib ki, bu gün qoyulan təməl artıq işlərin başlanmasına təkan verir: “Artıq birinci görüləcək işlər planlaşdırıldı, 850 hektarın 60 hektarı artıq layihələndirildi, detallı, müfəssəl layihələndirmə işləri aparılmışdır. Bu gündən etibarən tikinti işləri başlanacaq, infrastruktur layihələri, biznes mərkəzi, gömrük-keçid məntəqəsi və lazım olan digər sahələrdə işlər görüləcək. Hesab edirəm ki, bir ildən sonra - gələn ilin iyul ayından başlayaraq, biz investorları qəbul etməyə hazır olacağıq".

“O vaxta qədər Azad İqtisadi Zonanın rəhbərliyi həm ölkə daxilində, həm də xaricdə müxtəlif tədbirlər keçirəcək. Təqdimatlar keçirilməlidir, potensial investorlarla birbaşa təmaslar qurulmalıdır. Eyni zamanda, Azad İqtisadi Zonanın nümayəndələri müxtəlif ölkələrə ezam olunacaq, həmçinin xaricdən potensial investorlar dəvət ediləcək. Bununla bərabər, mən indi bizim bütün xarici ölkələrdəki səfirliklərə göstəriş verirəm ki, öz təmasları əsnasında bu zonanın yaradılması ilə bağlı potensial investorlara məlumat versinlər. Bizim bir çox ölkələrlə hökumətlərarası komissiyalarımız var. Bu komissiyaların rəhbərlərinə də tapşırıram ki, komissiyaların iclaslarının keçirilməsi zamanı Azad İqtisadi Zonanın nümayəndələri mütləq təmsil olunsunlar və bu mövzu mütləq gündəliyə salınsın»,-deyən Prezident İlham Əliyev azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir: «Biz bütün əsas infrastruktur layihələrini icra etmişik. Təbii ki, azad edilmiş torpaqlarda indi böyük tikinti-quruculuq işlərinə start verilir. Bu da böyük iqtisadi canlanmaya gətirib çıxaracaq. Ancaq biz başa düşməliyik ki, birbaşa xarici investisiyalar olmadan ölkəmiz istədiyimiz qədər inkişaf edə bilməz. Ona görə, başqa ölkələrlə hökumətlərarası komissiyaların işi də, ilk növbədə, xaricdən vəsaiti Azərbaycana gətirməkdir. Hesab edirəm ki, məhz bu zona potensial investorlar üçün cəlbedici ola bilər”.

“Bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq”

“Beləliklə, bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb”,-deyən dövlət başçısı bildirib ki, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır. Bu bir real faktordur ki, xalqımız Prezident İlham Əliyev cənablarının son 18 il prezidentlik fəaliyyəti müddətində verdiyi sözün nəticəsini görüb. Və dövlət başçısı Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimindən sonra Azərbaycan Televiziyasına müsahibəsində də bir daha bu 18 il ərzində sözü ilə əməlinin bir olduğunu vurğulayıb: “Digər vacib amil ondan ibarətdir ki, bizim sözümüzlə əməlimiz heç vaxt fərqlənmir. Yəni, nəyi deyiriksə, onu da edirik. Sözümüzü tutan insanlarıq və həyat bunu dəfələrlə göstərib. İnvestorlar üçün çox cəlbedici şərait yaradılıb”.

Dövlət başçısı investorların bu Azad İqtisadi Zonaya cəlb edilməsi və qoyduqları sərmayə ilə bağlı sualını cavablandırarkən deyib: “Təkcə neft-qaz layihələrinə baxmaq kifayətdir görək ki, 1994-cü ildən bu günə qədər imzalanmış kontraktlarda bir vergül belə dəyişdirilməyib. Ancaq bir çox yerlərdə müəyyən mərhələ keçəndən sonra ölkələr şərtləri özlərinə daha uyğun tərzdə dəyişdirməyə cəhd göstərirlər. Biz bunu etməmişik”.Prezident İlham Əliyev onu da deyib ki, bütün bu amillər və əlbəttə ki, İkinci Qarabağ müharibəsində qazandığımız Qələbə və Dağlıq Qarabağ münaqişəsinin həlli artıq yeni bir vəziyyət yaradıb: “Hesab edirəm ki, uzunmüddətli sabitlik, sülh artıq investorlar üçün də gün kimi aydın məsələdir. Bütün bu amillərin mövcudluğu və bizim gələcəyimizə olan inam, əminəm ki, xarici sərmayədarları bu zonaya cəlb edəcək”.

“Son illərdə Azərbaycanda çox güclü kadr potensialı yaradılıb”

"Digər vacib məsələ, - nə üçün biz hesab edirik ki, investorlar gələcək, - müasir infrastrukturun mövcudluğudur. Biz bu infrastrukturu son illər ərzində ardıcıl şəkildə yaratmışıq»,deyən dövlət başçısı bildirib ki, bu gün yenə də beynəlxalq mötəbər qurumlara istinadla deyə bilərik ki, bu sahədə də böyük uğurlar əldə etdik: «Bilirik ki, potensial investorlar, ilk növbədə, Dünya Bankının “Doing Business” hesabatına baxırlar, eyni zamanda, Davos Ümumdünya İqtisadi Forumunun reytinq cədvəlinə baxırlar. Hər iki yerdə bizim üstünlüyümüz göz qabağındadır. İnfrastruktur layihələrinin səviyyəsinə görə, baxın, Azərbaycan hansı yerlərə layiq görülüb. Elektrik təchizatı sahəsində Azərbaycan Davos Forumunun hesabatında dünya miqyasında ikinci yerdədir. Təsəvvür edin, dünya miqyasında ikinci yerdə. Dəmir yolu xidmətlərinin səmərəliliyinə görə 11-ci yerdə. Hava nəqliyyatının səmərəliliyinə görə 12-ci yerdə. Avtomobil yollarının keyfiyyətinə görə 24-27-ci yerləri bölüşür. Xəzər gəmiçiliyi gəmiçilik xidmətlərinə görə 25-ci yerdədir. Bütün bunlar bizim əldə etdiyimiz böyük uğurlardır. Bu uğurlar bu gün ölkəmizin dinamik inkişafını təmin edir. Çünki əsas infrastruktur layihələri artıq ya başa çatıb, ya da başa çatmaq üzrədir. İnvestorlar üçün bunlar çox önəmli şərtlərdir - investisiya iqlimi, infrastruktur layihələri".Həmçinin son illər ərzində Azərbaycanda çox güclü kadr potensialının yaradıldığını deyən Prezident İlham Əliyev bu sahəyə xüsusi diqqət göstərildiyini vurğulayıb: “Biz dövlət xətti ilə minlərlə gənci dünyanın aparıcı ali məktəblərində oxutmuşuq. Onların böyük hissəsi Azərbaycana qayıdıb və müxtəlif yerlərdə çalışır. Neft konsorsiumlarında çalışan azərbaycanlılar artıq bizim intellektual potensialımızın inkişafına xidmət göstərirlər. Kadr potensialı var, bu da investorları cəlb edəcək".

Beləliklə, dövlət başçımızın dediyi kimi: «Bir ildən sonra - gələn ilin iyul ayında zona investorları qəbul etməyə hazır olacaq. Əminəm, biz görəcəyik ki, bax, burada göstərilən mənzərə həyatda öz əksini tapacaq. Çünki bu günə qədər bütün təşəbbüslərimiz, bütün planlarımız həyatda öz əksini tapıb. Elə bir təşəbbüs olmayıb ki, o, reallığa çevrilməsin. Ən çətin layihələr, transmilli layihələr, çox çətin geosiyasi vəziyyətdə həyata keçirdiyimiz layihələr uğurla başa çatıb. Bunları sadalamağa ehtiyac yoxdur, hər kəs bilir söhbət nədən gedir. Ona görə, bu zonanın yaradılması, əminəm ki, uğurumuzun növbəti addımı olacaqdır”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə