Şərqşünaslıq İnstitutunda beynəlxalq elmi konfrans öz işinə başlayıb
İyunun 1-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun birgə təşkilatçılığı ilə "Müasir şərqşünaslığın aktual problemləri" mövzusunda beynəlxalq elmi konfrans öz işinə başladı.
SİA-nın xəbərinə görə, AMEA Rəyasət Heyətinin konfrans zalında keçirilən mərasimi giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, ötən il Şərqşünaslıq İnstitutu və Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutu arasında elmi əməkdaşlığa dair saziş imzalanıb. Bu əməkdaşlığın ilk addımı kimi də ötən il Rumıniyanın Kluj-Naboka şəhərində hər iki institutun təşkilatçılığı ilə beynəlxalq elmi konfrans keçirildi. Hazırda isə ikinci belə tədbir Bakıda keçirilir. Son aylarda Yaxın Şərqdə baş verən hadisələri xatırladan Gövhər xanım, bu prosesləri, eləcə də digər Şərq ölkələrinin həyatında baş verənləri nəzərdən keçirməyin, onlara qiymət verməyin şərqşünasların borcu olduğunu söylədi.
Konfransın iki ölkənin elmi müəssisələri arasında məhsuldar əməkdaşlığın bir bariz nümunəsi olduğunu söyləyən Rumıniyanın Babeş-Bolyai Universitetinin rektoru, professor, doktor Andrey Marqaya, bundan böyük şərəf duyduqlarını dilə gətirib.
Rumıniyanın Babeş-Bolyai Universitetinin Türkologiya və Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, professor, doktor Təhsin Cəmil Bakıda 5 ilini keçirdiyini və bura hər gəlişində çox şad olduğunu söylədi.
2010-cu ildə rəhbərlik etdiyi institutda Azərbaycanşünaslıq şöbəsi açıldığını deyən Təhsin Cəmil, ölkəsində bu sahəni öyrənən tələbələrin sayının getdikcə artdığını, Azərbaycan mədəniyyətinə, tarixinə böyük maraq olduğunu bildirdi.
Sonra Tbilisi Dövlət Universiteti, Arxeologiya kafedrasının professoru, fəlsəfə doktoru Marina Puturidze, AMEA İqtisadiyyat İnstitutunun direktoru, iqtisad elmləri doktoru, professor İsa Alıyev, YUNESKO-nun Mərkəzi Asiya Araşdırmaları İnstitutunun direktoru, tarix üzrə fəlsəfə doktoru Şahin Mustafayev, Türkiyənin Nevşehir Universitetinin Türk dili və ədəbiyyatı kafedrasının müdiri, doktor Ömər Bayram çıxış edərək konfransın əhəmiyyətindən danışdılar və tədbir iştirakçılarına uğurlar arzuladılar.
Konfransın işinə iyunun 2-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB